Novı mir (qəzet)

Novıy mirAzərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda nəşr olunan gündəlik leqal bolşevik qəzeti.

İlk nömrəsi 1919-cu il dekabrın 7-də, sonuncusu (59-cu) 1920-ci il fevralın 21-də çıxmışdır. Qəzetdə Azərbaycanda, Sovet Rusiyasında baş verən hadisələr, Azərbaycanın siyasi və iqtisadi vəziyyəti, fəhlə konfransının fəaliyyəti, kollektiv müqavilə uğrunda mübarizə və s. məsələlər işıqlandırılmış, Rusiya Sovet Federativ Sosialist Respublikası hökumətinin başçısı V.İ.Leninin çıxış və məqalələri dərc edilmişdir. "Azərbaycan hökumətinə qarşı mütəmadi çıxışlarına" və "hökumət əleyhinə təbliğatına" görə qəzet Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən bağlanmışdır. Aprel işğalı (1920) ərəfəsində (aprelin 24-də) qəzetin 60-cı nömrəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi və Bakı Komitəsinin orqanı kimi gizli çıxarılmışdır. Dövlətin əleyhinə yönəlmiş qəzetin bu sayı, hökumətə qarşı silahlı üsyana hazırlığa həsr olunmuş, əhalini sovet hakimiyyəti uğrunda döyüşə çağırmışdır.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 268-269. ISBN 9952-417-44-4.