"Oğuznamə"-2 (Dana Ata) – Heca vəznində yazılmış ilk ədəbi əsər.
Türkmən övliya tayfalarından mücəvirlərin əcdadı hesab edilən Dana Ata İhsan Şeyx XV yüzilliyin ikinci yarısı-XVI yüzilliyin əvvəllərində yaşamışdır. O, sufi şeyxi olub yazdığı hikmətləri ilə məşhur idi. Dana Atanın təriqət silsiləsi Əhməd Yəsəviyə bağlanır. Yəsəvi şeyxinin Oğuznamə yazması bir daha göstərir ki, xalq sufiləri təriqətlərini yaymaq üçün oğuzların müqəddəs saydığı Oğuz xan əhvalatından da istifadə edirdilər. Oğuznamə müəllifi Dana Ata haqqında hələlik dəqiq məlumat yoxdur. Bəzi mənbələrə əsasən o, 1608-ci ildə vəfat etmişdir.
Dana Atanın oğuznaməsinin əlyazma nüsxəsi Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda saxlanılır. Əlyazmanın təsvirindən göründüyü kimi, 1821-ci ildə onun üzü Molla Qurbangəldi adlı bir katib tərəfindən köçürülmüşdür. Oğuznamə hecada qoşma və gəraylı formasında yazılmış ilk əsərdir. Bu əsərdə digər oğuznamədə rast gəlinməyən məlumatlar da vardır.