Oğuznamə-4

"Oğuznamə"-4 (Rəşidəddin) – Oğuznamələrin İslam variantı, tarixi xronoloji əsər.

Haqqında[redaktə | mənbəni redaktə et]

Görkəmli tarixçisi, həkimi, alimi və dövlət xadimi Fəzlullah Rəşidəddinin üç cilddən ibarət "Cami ət-təvarix" əsərinin birinci hissəsi elm aləmində "Oğuznamə" adı ilə tanınmışdır. Birinci cildə giriş, türk və monqol tayfalarının geneologiyası (şəcərələri) və Çingiz xanın tarixi daxildir. Əsərin bu hissəsi şifahi mənbələrə əsaslandığından tarixçi etnoqonik mifləri, rəvayətləri, dastan elementlərini tarixi hadisələrlə çulğaşmış şəkildə təqdim edir. Oğuz dastan elementi oğuz şəcərəsində, oğuz tarixi oğuz əfsanələrində verildiyindən Rəşidəddinin Oğuznaməsi spesifik cəhətlərə malikdir.

Əsl adı “Oğuz, onun soyunun və türk sultanlarının zikri” adlandırılan Oğuznamə variantında Rəşidəddin türk və monqol ağsaqqallarından eşitdiyi əhvalatları da qələmə almışdır. Bununla yanaşı, müəllif türkcə mənbələrdən də geniş istifadə etmişdir. Bunu Oğuznamənin əlyazmalarında qalmış “tac”, “kenqəş”, “yurt”, “yurt- çu”, “yaylaq”, “yağı”, “il” sözləri, həmçinin mətndə türkcə getmiş şəxs və coğrafi adlar da sübut edir.

Orxon-Yenisey kitabələrində Üç Oğuz, Altı Oğuz adı ilə xatırlanan oğuzların daha qədim və nisbətən düzgün tarixini Rəşidəddin vermişdir.

Rəşidəddin oğuzların tarix səhnəsinə çıxmalarını, dövlət qurmalarını, başqa xalqlara münasibətini ümumdünya tarixi kontekstində təqdim edir.

Rəşidəddin Oğuznaməsi giriş və on səkkiz fəsli əhatə edir. Burada bir çox əfsanəvi, mifoloji hadisələrlə yanaşı, real tarix də əks olunmuşdur. Məsələn, birinci fəsil “Oğuzun atası, əmiləri, qohumları və yaxınları ilə döyüşü, onun düşmənləri üzərində qələbəsi” adlanır və Oğuzun İslam dini uğrunda atasını öldürməsi, tayfasını müsəlman etməsindən danışılır. İkinci fəsildə artıq Skif-Sak dövrünün məlumatları saxlanılmışdır. Burada İnal Yabqudan əvvəl hakimiyyətdə olmuş xanlar haqqında verilən məlumat da tarixi kökə malikdir. Oğuzun Ön Asiyanı ələ keçirib öz yurduna qatması sakların e.ə. VII yüzillikdəki Ön Asiyadakı zəfərləri ilə səsləşir. Oğuznamənin Rəşidəddin variantında oğuzlar Çindən, Mancuriyadan Misirə qədər böyük bir ərazidə dövlət quran tayfa kimi təriflənir. Eyni zamanda türklərin e.ə. VII-V yüzilliklərdə Monqolustanda, Qafqazda və Ön Asiyada dövlət qurmaları tarixi sənədlərlə təsdiqlənir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Rəşidəddin Fəzlullah. Oğuznamə, Bakı, Azərbaycan Dövlət Nəşriyyat Poliqrafıya Birliyi, 1992,
  • Toğan Z.V. Oğuz destanı. Reşideddin Oğuznamesi, tercüme və tehlili. İstanbul., 1972.
  • Cəfərov N. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı,1985
  • Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild. Bakı,2004.
  • Əfzələddin Əsgər. "Oğuznamə" yaradıcılığı. Bakı, 2014
  • Əsgərova A.M. “Oğuznamə”nin dili. Bakı, “Təhsil” NPM, 2011.
  • Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər, Bakı, Azərnəşr, 1993,
  • Faruk Sumer, Oğuzlar, Bakı, 1993.
  • "Oğuznamə". Bakı, 1987.
  • Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.
  • Древнетюркский словарь, М., 1969
  • Короглы Х. Огузкий героический эпос. М., 1976.