Oğuznamə-5

"Oğuznamə"-5 (Salır Baba) - türkcə yazılmış Oğuznamələrin İslam variantı.

Haqqında[redaktə | mənbəni redaktə et]

Mənbələrə əsasən Salır Baba Qulalıoğlu Xiridarinin "Oğuznamə" əsəri ikinci Oğuznamədir ki, oğuzların özü tərəfindən doğma dillərində yazılmışdır. XVI əsrin türkmən tarixçisi Salır Baba haqqında çox az məlumat qalmışdır. Onun Oğuznaməni yazarkən artıq orta yaşlarda olduğu, türkmənlərin şəcərəsini yaxşı bildiyi, dövrünün elmlərini dərindən mənimsədiyi və yazılı oğuznamələrlə tanış olduğu, fars və ərəb dillərini yaxşı bildiyi öz əsərindən aydınlaşır.

Salır Babanın əsəri “Oğuz tarixi” adlanır. Bu əsərini o, Aşqabadın yaxınlığında olan doğma şəhəri Nusayda yazmışdır. Özü də salur boyundan olduğu üçün xalqın arasında yaşayan rəvayətləri, atalar sözlərini, Oğuz dastanlarını yaxşı bilirdi.

Salır Babanın Oğuznaməsi digər oğuznamələrdən ciddi şəkildə fərqlənir. Məsələn, boz qurd obrazına heç bir salnamədə rast gəlmədiyimiz halda, Salır Baba Oğuznaməsində buna rast gəlirik. Əsərində verdiyi atalar sözləri, məsəllər, şeir parçaları, canlı ifadələr də Salır Babanın Oğuznaməsinin xalq variantını bacarıqla yazılı qaynaqlarla çulğamış şəkildə verə bilməsinə sübutdur.

Oğuznamənin Salır Baba Qulalıoğlu variantı Aşqabadda Əlyazmalar fondunda 526 nömrə altında saxlanılır. İndiyə qədər Salır Babanın əsəri çap olunmamışdır. Oğuz tarixi haqqında qiymətli mənbə olan bu əsərin əlyazmasını Salır Baba özü yazmışdır. Dili sadə və o dövrün oğuz qıpçaq ləhcəsindədir. Oğuznamədə köp, berqəy, barça sözləri qıpçaq dilində çox işləkdir. Yiyəlik, yerlik, yönlük hal şəkilçiləri oğuz türkcəsində olduğu kimidir. Bu Oğuznamənin dili özündən təqribən 100 il əvvəl yazılmış Yazıçıoğlu Oğuznaməsi dilindən fərqlənir. Əsərdə ərəb, fars sözləri və tərkibləri azdır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Cəfərov N. Azərbaycan türkcəsinin milliləşməsi tarixi. Bakı,1985
  • Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild. Bakı,2004.
  • Əfzələddin Əsgər. "Oğuznamə" yaradıcılığı. Bakı, 2014
  • Əsgərova A.M. “Oğuznamə”nin dili. Bakı, “Təhsil” NPM, 2011.
  • Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər, Bakı, Azərnəşr, 1993,
  • Faruk Sumer, Oğuzlar, Bakı, 1993.
  • "Oğuznamə". Bakı, 1987.
  • Rəşidəddin Fəzlullah. Oğuznamə, Bakı, Azərbaycan Dövlət Nəşriyyat Poliqrafıya Birliyi, 1992,
  • Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.
  • Древнетюркский словарь, М., 1969