Oğuznamə-6

"Oğuznamə"-6 (Uyğur versiyası) – Paris Milli Kitabxanasında Şefer fondunda, Supplement Turcs, 1001 sayı altında saxlanılan, uyğur əlifbası ilə əsas nüsxədən XIII-XIV yüzilliklərdə üzü köçürülmüş abidə.

Haqqında[redaktə | mənbəni redaktə et]

Oğuznamə mətni 21 vərəq, 42 səhifədən ibarətdir. Hər səhifəyə 9 sətir yerləşdirilib. I səhifədə 1 və 3 sətirlər arasında göy rəngli öküz, V səhifənin axırıncı sətrində quş şəkli, VI səhifədə 4 sətirdə təkbuynuzlu heyvan şəkli çəkilmişdir.

Bu Oğuznamə elmi ədəbiyyatda “Oğuz kağan” adı ilə də tanınır. Oğuz xan və onun haqqında dastan barədə ilk məlumatı 1815-ci ildə alman alimi F.Dits vermişdir. Rus tədqiqatçısı Radlov bu əsəri 1890-cı ildə rus dilinə tərcümə etmişdir. 1891-ci ildə o, “Oğuz kağan” dastanının transkripsiyasını, almancaya tərcüməsini nəşr etmişdir. Bu abidənin ikinci nəşri Rza Nura məxsusdur. O, Oğuznaməni 1928-ci ildə İskəndəriyyədə (Aleksandriya) transkripsiya, tərcümə, ön söz və faksimile ilə birlikdə çap etdirmişdir. 1932-ci ildə bu əsəri V.Banqla Q.Rəhməti, 1959-cu ildə A.Şerbak, 1970-ci ildə M.Ergin, 1988-ci ildə K.Əmirəliyev, yenə həmin ildə A.Bekmıradov nəşr etmişlər. Oğuznamə indiyə qədər rus, alman, fransız, türk, qazax, özbək, türkmən dillərində çap olunubdur.

Oğuznamə “Oğuz kağan” adı ilə orijinaldan ilk dəfə 1993-cü ildə Azərbaycanda Füzuli Bayat (Gözəlov) tərəfindən nəşr edilmişdir. Kitabda 110 səhifə tədqiqat, variant fərqləri haqqında qeyd, izahlı lüğət, mifoloci obraz və ifadələrə şərh, mətnin transkripsiyası, Azərbaycan türkcəsi verilmişdir. Oğuznamə elə həmin ildə Şerbak nəşrinə əsasən K.Vəliyev, F.Uğurlu tərəfindən yenidən çap olunmuşdur.

Oğuznamə, yaxud “Oğuz kağan” dastanının tədqiqat tarixi onun nəşr tarixi ilə bir vaxta düşür. Bu sahədə V.Radlov, R.Nur, V.Banq, P.Peliyo, Z.Toğan, A.Bernştam, İ.Stebleva, B.Ögəl, F.Bayat, K.Əmirəliyev, A.Bekmıradov və b. filoloji, tarixi, sosialoji istiqamətdə araşdırmalar aparmışlar.

Oğuznamə oğuzların əcdadı, ilk hökmdarı, ordunun, dövlətin qurucusu Oğuz kağan haqqında başdan və sondan əskik bir dastan parçasıdır. Əlyazmada ərəb və fars sözlərinin olmaması (“dost” və “düşmən” sözləri istisna olmaqla), əski lüğət tərkibi onun ilk variantının e.ə. yazıya alındığı fikrini söyləməyə əsas verir. Bunu əl-Dəvadarinin məlumatı da təsdiqləyir. Oğuznamə VI əsrdə fars dilinə, IX əsrdə ərəb dilinə tərcümə edilmişdir. Oğuznamələr bütöv şəkildə hələ çox erkən çağlardan yazıya alınıb türklərin özləri ilə gəzdirdiyi müqəddəs kitab olmuşdur.

Əski türklərin siyasi, iqtisadi, tarixi və mədəni həyatını əks etdirən “Oğuz kağan” dastanı bizə qədər gəlib çatmış ən qədim Oğuznamə nüsxəsidir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Kitabi-Dədə Qorqud ensiklopediyası. II cild. Bakı,2004.
  • Əsgərova A.M. “Oğuznamə”nin dili. Bakı, “Təhsil” NPM, 2011.
  • Rəşidəddin Fəzlullah. Oğuznamə, Bakı, Azərbaycan Dövlət Nəşriyyat Poliqrafıya Birliyi, 1992,
  • Cavad Heyət. Türklərin tarix və mədəniyyətinə bir baxış (İslamdan əvvəl və islam dövrü). Başlanğıcından XVI əsrə qədər, Bakı, Azərnəşr, 1993,
  • Faruk Sumer, Oğuzlar, Bakı, 1993.
  • Toğan Z.V. Oğuz destanı. Reşideddin Oğuznamesi, tercüme və tehlili. İst., 1972.
  • "Oğuznamə". Bakı, 1987.
  • Əfzələddin Əsgər. "Oğuznamə" yaradıcılığı. Bakı, 2014
  • Мусульманский мир 950-1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.
  • Древнетюркский словарь, М., 1969
  • Короглы Х. Огузкий героический эпос. М., 1976.