Okean suyunun hərəkəti

Okean suyunun hərəkəti — suyun hərəkətinə səbəb külək, hava kütlələri, Ay və Günəşin cazibə qüvvəsi, sualtı vulkan və zəlzələlərdir. Suyun hərəkəti 200 m dərinliyə qədər baş verir. Daha dərində su hərəkətsiz olduğundan okean dibinin relyefi dəyişmir[1].

Suyun hərəkətinin 3 forması var:

  • Dalğanı yaradan başlıca səbəb küləkdir. Dalğanın ən hündür nöqtəsi yal, ən alçaq nöqtəsi daban adlanır: 2 qonşu yal arasındakı məsafə dalğanın uzunluğu, yal ilə daban arasındakı məsafə isə dalğanın hündürlüyü adlanır. Dalğanın hündürlüyü küləyin sürətindən, uzunluğu isə hövzənin dərinliyindən asılıdır. Sürətinə görə dalğalar[1]:
  1. Şəlakət-0 m/san:
  2. Zəif (və ya kapillyar) - 1 m/san.;
  3. Qravitasiya-2-6 m/san.;
  4. Köpüklü -7-8 m/san.

Köpüklü dalğalanın yaranmasında duzluluğun rolu böyükdür. Dalğalar temperatur və duzluluğu yayır, donmanı gecikdirir. Dalğalanın dağıdıcı fəaliyyətinə abraziya deyilir. Bu işin nəticəsində sahil formalaşır. Çünki sahildə dalğa daha güclü olur. 30-38 ton ağırlığında zərbə vuraraq sahili dağıdır. Müxtəlif formalı sahillər (şxer, fyord, dalmasiya, ləpədöyən və s.) yaranır. Sahildə dalğanın sürəti azalır, hündürlüyü isə artır. Dalğalar aşıb sahilə tökülərək - ləpədöyən yaradır. Dənizin dərinliyi okeana nəzərən az olduğundan, dalğalar hündür olmur.

Sunami - sualtı vulkan və zəlzələlər zamanı yaranan güclü dalğalardır. Bu zaman su qatı okean dibindən səthə qədər hərəkətə gəlir. Sahilə yaxınlaşan sunaminin dayaz hissədə hündürlüyü artır və sahili dağıdır. Okeanın ortasında hündürlüyü 1 m-ə çatdığı halda, sahilboyunda, dar boğazda 50 m-ə çatır. Buna görə də gəmilər sunamidən zərər çəkməsin deyə, onları sahildən okeanın ortasına gətirmək lazımdır. Sunaminin əsas yayıldığı yer Sakit okeanın yüksək seysmik qurşağıdır. Dağıdıcı sunamilər Yaponiya, Havay adaları və Kamçatkada daha çox olur. Sunamiyə qarşı sahildə dalğaqıran tikilir.

  • Qabarma və çəkilmə — Ay və Günəşin cazibəsi nəticəsində okean suyunun vaxtaşırı qurunu basması qabarma, sonra geri qayıtması çəkilmə adlanır. Sahildə qabarmanın hündürlüyü 10 m-a çatır[2]. Maksimum hündürlük Kanadanın Fandi körfəzində 13,6 m baş verir. Qabarma daxili dənizlərdə hiss edilmir. Çay mənsəbində qabarma güclü olduqda, bəzən çaydakı su geri axmağa başlayır. Buna bor hadisəsi deyilir. Qabarmadan elektrik enerjisi almaqda balıqçılıq və gəmiçilikdə istifadə olunur. Məsələn: qabarmanın köməyi ilə açıq dənizdən Temza çayına daxil olan gəmilər dənizdən aralıda yerləşmiş Londona üzürlər. Qabarmadan düzgün istifadə etmək üçün cədvəl tərtib edilir[3].

Okeanda su cərəyanları

[redaktə | mənbəni redaktə et]

Okean cərəyanları — suyun üfüqi istiqamətdə böyük məsafədə yerdəyişməsidir. Cərəyanlar - daimi küləklər və hava kütlələrinin təsiri ilə yaranır. Yerin öz oxu ətrafında fırlanması nəticəsində cərəyanlar Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində isə sola meyl edirlər. Dünya okeanında 60-dan çox cərəyan var. Onlar ən çox Atlantik (22) və Sakit (20) okeanlarındadır. Cərəyanlar aid olduqları su hövzələrinin konfiqurasiyasını göstərir. Temperaturuna görə cərəyanlar isti və soyuq olur. Isti cərəyanlar alçaq coğrafi enliklərdən yüksəyə doğru, soyuq cərəyanlar isə yüksək coğrafi enliklərdən alcağa doğru hərəkət edir. İsti və soyuq cərəyanların qovuşduğu ərazilərdə tez-tez dumanlı və çiskinli havalar müşahidə edilir[4][5].

İsti cərəyanlar

[redaktə | mənbəni redaktə et]

Suyunun temperaturu ətraf sulardan isti olan cərəyanlara deyilir. Ekvatorial zonadan isti cərəyanlar okeanların qərb kənarı ilə qütblərə doğru hərəkət edir. Isti okean cərəyanları quru üzərində qalxan hərəkətli isti hava kütlələrini gətirir ki, nəticədə sahil zonasına bol yağıntı gətirir. Isti okean cərəyanlarının təsiri ilə qışda okean suları donmur (məs: Murmansk limanı)[6]. Mozambik, Braziliya, Norveç, Yaponiya kimi dövlətlərin sahillərini isti okean cərəyanları yuyur. Sakit okeanda - Passat, Kurosio, Şərqi Avstraliya, Şimali Sakit okean cərəyanı; Atlantik okeanda - Qolfstrim, Norveç, Şimali Atlantika, Antil, Braziliya. Qvineya; Qviana; Hind okeanında - Musson, Iynə, Mozambik, Cənubi Passat kimi isti cərəyanlar mövcuddur.

Soyuq cərəyanlar

[redaktə | mənbəni redaktə et]

Suyunun temperaturu ətraf sulardan soyuq olan cərəyanlara deyilir. Qütb ərazilərindən soyuq sular okeanların şərq kənarı ilə ekvatora doğru aparılır. Soyuq okean cərəyanlarının təsiri altında sahildə enən hava kütlələri hakim olur. Nəticədə sahildə kəskin quraqlıq səhra yaranır. Sakit okeanda - Peru, Kaliforniya; Atlantik okeanında - Bengel, Folklend, Labrador, Kanar; Hind okeanında - Somali: Şimal Buzlu okeanında - Buzaltı, Transarktika kimi soyuq cərəyanlar var.

Somali cərəyanından başqa bütün soyuq cərəyanlar tropik enliklərdə materikin qərbindən, isti cərəyanlar isə materikin şərqindən axır. Xəritədə isti cərəyanlar qırmızı, soyuq cərəyanlar isə göy rənglə verilir. Ən böyük cərəyan Qərb küləkləri (uzunluğu 30 min km) cərəyanıdır. Bu cərəyan Yerin öz oxu ətrafında fırlanması və daimi küləklərin təsiri ilə Antarktida ətrafında dövr edərək, 3 okean suyunu qarışdırır. Ən nəhəng isti cərəyan Qolfstrim cərəyanı isə Atlantik okeanı sularını Şimal Buzlu okeanına aparır və Avropada Ural dağlarına qədər iqlimi yumşaldır.

Qərb küləkləri və Şimali Atlantika cərəyanları okeanlar arasında su mübadiləsində böyük rol oynayan cərəyanlardır.

Cərəyanların əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]
  1. İstini, soyuğu. duzluluğu yayır;
  2. İqlimə təsir edir;
  3. Elektrik enerjisi mənbəyidir;
  4. Gəmilərin hərəkəti üçün əhəmiyyətlidir:
  5. Butulka poçtudur.

Su kütlələri

[redaktə | mənbəni redaktə et]

Su kütlələri – temperaturuna, duzluluğuna, sıxlığına, oksigenin miqdarına görə bir-birindən fərqlənən sulara deyilir. Üfüqi istiqamətdə 4 su kütləsi var;

  1. Ekvatorial - isti, «şirin»;
  2. Tropik – isti, «şor»:
  3. Mülayim – mülayim, «şirin»:
  4. Qütb – soyuq,«şirin».

Su kütlələri atmosferə istilik və rütubət verir, havadan karbon qazını alır və oksigeni verir. Su kütlələri qarışaraq öz xassələrini dəyişir.

Su kütlələrinin 2 yarımtipi var: sahilboyu və okeandaxili. Dərinliyinə görə su kütlələri:

  1. Səth;
  2. Keçid;
  3. Dərinlik;
  4. Dibyanı.
  1. 1 2 "Küləyin təsirilə okean suyunun hərəkəti okean cərəyanlarını yaradır. Ayın və Günəşin cazibə qüvvəsi ilə qabarma və çəkilmə dalğaları əmələ gəlir. Sualtı vulkan və zəlzələ zamanı okeanlarda sunami dalğaları əmələ gəlir. Tropik enliklərdə materiklərin şərq sahillərindən isti cərəyanlar, qərb sahillərindən soyuq cərəyanlar keçir. Mülayim enliklərdə şərqdən soyuq, qərbdən isti cərəyanlar axır" (az.). e-derslik.edu.az. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-13.
  2. National Ocean Service. "Surface Ocean Currents". noaa.gov. National Oceanic and Atmospheric Administration. March 25, 2008. July 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-13.
  3. NOAA, NOAA. "What is a current?". Ocean Service Noaa. National Ocean Service. 3 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2020.
  4. Rahmstorf, S. "The concept of the thermohaline circulation" (PDF). Nature. 421 (6924). 2003: 699. Bibcode:2003Natur.421..699R. doi:10.1038/421699a. PMID 12610602. 2020-02-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-13.
  5. Lappo, SS. "On reason of the northward heat advection across the Equator in the South Pacific and Atlantic ocean". Study of Ocean and Atmosphere Interaction Processes. Moscow Department of Gidrometeoizdat (in Mandarin). 1984: 125–9.
  6. Primeau, F. "Characterizing transport between the surface mixed layer and the ocean interior with a forward and adjoint global ocean transport model" (PDF). Journal of Physical Oceanography. 35 (4). 2005: 545–64. Bibcode:2005JPO....35..545P. doi:10.1175/JPO2699.1. 2022-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-03-13.