Olmek mədəniyyəti

Olmek mədəniyyətiMeksikada arxeoloji mədəniyyət.

Mezoamerikada məskunlaşan ilk insanların qoyub-getdikləri dəlillərin tarixi 20 min il bundan öncəyə gedib çıxır. Belə ki, Valsikimo, Tlapakoya ərazilərində tapılmış mızraq və ucluqlar belə sübutlardandır.

5000 ildən sonra artıq burada təsərrüfatla məşğul olan tayfalar məskunlaşmağa başlayır.

B.e.ə. II minillikdən başlayaraq dağlıq və sahil ətrafında oturaq həyat tərzinə keçən tayfalar hakim mövqe əldə edirlər. B.e.ə. 1500-1000-ci illərdə Atlantik sahillərində yerləşən Verakrus ştatında mədəniyyət öz yüksək səviyyəsinə çatır. Olmek xalqının adı ilə həmin ərazi elə bu cür də adlandırıldı. Alimlər demək olar ki, bu xalqın mənşəyi haqqında heç bir məlumata malik deyillər. Təkcə o məlumdur ki, bu xalq müasir Tabask ştatının ərazisində 4000 il əvvəl məskunlaşmışdı. Qədim rəvayətə görə, onların sirli əcdadları su vasitəsilə həyata gəlmiş və möcüzələrə malik olmuşlar. Bu xalqın əcdadları Tamaançe kimi qəribə adı olan ("Biz evimizi axtarırıq" mənasını verir) ərazidə məskunlaşmışdı. Lakin günlərin bir günü naməlum səbəbdən bu xalqın müdrik adamları gəmilərə minib, bir də dünyanın axırında qayıdacaqlarını vəd edərək cənuba doğru üzürlər. Yerdə qalan insanlar isə, özlərini görkəmli rəhbərləri, ilk ruhaniləri olan Olmeka Uimtoninin şərəfinə – olmeklər adlandırırlar.

Elmi mənbələrdə bu xalq yaquar hinduları kimi də adlanır. Bunu onunla əsaslandırmaq olar ki, olmeklər özlərini yaquarlarla (cən.Amerika pələngi) eyniləşdirir və bu heyvanı öz totemləri hesab edirdilər. Əfsanəyə görə, məhz ilahi heyvanla ölmüş qadının birliyindən olmek tayfaları meydana gəlmişdir. Bu ittifaqın bədii təzahürü olmek incəsənətində hiss olunmaqdadır. Çoxlu sayda tapılmış daş heykəllər, keramik fiqurlar qeyri-adi çəhrayi, ağımtıl, parıltılı ağ rənglərdə yaquarların təsviri ilə tamamlanır. Bütün heykəllərdə, fiqurlarda bu müqəddəs heyvanların təsviri başlıca yer tutur. Nadir hallarda "gülümsəyən insanlar" və qadın heykəllərinə rast gəlinir. Bu sənət nümunələri yaquar xalqının geyim və adət-ənənələri haqqında təsəvvür yaradır. Heykəllərdən məlum olur ki, kişilər pambıq parçadan uzun köynək, kauçukdan səndəl geyinirdilər. Körpələrin alın-peysər sümüyü deformasiyasının taxta parçası və möhkəm sarğı ilə sıxılması nəticəsində formaya salınması təcrübəsi, qadınların üst və alt dişlərinin simmetrik yonulması, bədənin tatuirovka ilə bəzədilməsi və digər bu kimi istifadə edilən üsullar haqqında məlumat əldə etmək mümkündür. Bədən bəzəkləri ilə yanaşı bütün olmeklər zərgərlik məmulatlarından istifadəyə də geniş yer verirdilər.

Özü də bu xalq qızılı, gümüşü, qiymətli daş-qaşı deyil, obsidlan (tutqun şüşəyə oxşayan vulkanik mineral), yəşəm daşı, müxtəlif rəng çalarlarına malik nefrit daşına daha çox üstünlük verirdilər. Bu daşlardan yaquarın ürək və dişləri formasında asılqanlar, muncuqlar, dairəvi, kvadrat, gül formasında qulaq deşikləri üçün ziynət məmulatları hazırlayırdılar.

Bütün bu sənət nümunələrindən fərqli olaraq "yaquarlara" daha çox monumental heykəltəraşlıq dünya şöhrəti gətirmişdir. Ölçüsü insan boyundan yüksək olan (hündürlüyü 2,5 m, ətraf ölçüsü 6 m 58 sm-ə bərabər) nəhəng daş heykəllər yaquarların rəmzi hesab edilirdi. Bu heykəllərin özlərinəxas simaları vardır. Heykəllərin üzləri yaquarlara xas cizgilərlə ifadə olunurdu. Heykəllərin başlarındakı müdafiə dəbilqələri müasir hokkey oyunçularınınkını xatırladır.

Heykəl və fiqurların hazırlanma keyfiyyətindən məlum olur ki, bu sənət növü əsrlər boyu inkişaf yolu keçmişdir. Ərazidə daşın olmaması onun quru və su yolu ilə gətirilməsi məcburiyyəti yaradırdı. Bütün bunlar xüsusi riyazi, mexaniki biliklərin yüksək səviyyəli ictimai təşkilatların olmasını tələb edirdi. Bir çox alimlər belə hesab edirlər ki, Amerikada ilk imperiya məhz Olmek imperiyası olmuşdur. Bu fikri əsaslandıran başlıca məqamlar bu ərazidə şəhərlərin çoxluğu, nəhəng, əzəmətli memarlıq nümunələrinin mövcudluğu idi. Hindu Amerikasının qədim paytaxtlarından biri müasir San-Larenso hesab edilir. Öz vaxtında həmin şəhər dünyanın ən böyük paytaxtlarından sayılırdı. Burada 5 minə yaxın insan yaşadığı güman edilir.

B.e.ə. təqribən 900-cü ildə əhali bu şəhəri tərk edərək digər La-Venta adlı Olmek şəhərini salır. Bu yeni şəhərə də həmişəki kimi hər şeyə qadir yaquar allahı himayədarlıq edir.

Torpaq və onun komponentlərindən dini və memarlıq vasitəsi kimi istifadə edilməsi "yaquar"ların mədəniyyətini digər mədəniyyətlərdən fərqləndirirdi. Mağaralar yaquarın insana çevrilməsini həyata keçirən rəmzi məkan hesab edilirdi. Qayalıqlar, daş və piramidalar magik gücünə görə itaət, etiqad yerinə çevrilirdi.

Bütün tikililər astronomik nizam qaydalarına görə yerinə yetirilirdi: fasadlar ulduzlara, səma cisimlərinə doğru istiqamətləndirilirdi. Bununla, olmeklərdə ulduz və onun hərəkətlərinə inam hissi formalaşırdı. Olmeklərin kosmik və kosmoqonik təsəvvürləri digər tikililərin – müqəddəs hesab edilən topla oyun üçün meydançaların yaradılmasında da təcəssüm tapırdı. Belə meydançalardan biri müasir rayon sayılan Verakrusa ərazisindəki El-Taxin meydançasıdır. Bu yer Kainat rəmzi sayılırdı. Həmin meydançada topla oyun dini dram mahiyyəti kəsb edirdi. Bu oyun cəldlik, məharət, dəqiqlik tələb edirdi. Oyunun mahiyyəti ondan ibarət idi ki, əl və ayaqların köməyi olmadan əlində kauçukdan top olan oyunçu divardakı daş dairəyə düşə bilərdisə, qələbə çalmış olurdu. Qaydaya görə topu çiyin, bud, dirsəklə hərəkətə gətirmək lazım idi. Xəsarət və zədələrdən qorunmaq üçün maska və sinəbənd taxılması zəruri idi. Məğlub olanın aqibəti ölümlə nəticələnirdi. Onun ölümü qurban rəmzi kimi yeni günəşin doğulmasına güc verirdi.

Olmeklər Amerika qitəsində ilk dəfə olaraq yazısı ilə şöhrət tapmış xalq hesab edilir. Bu yazı heroqliflərdən ibarət idi. Yazı tərzi soldan sağa, yuxarıdan aşağı doğru istiqamətlənərək ən arxaik variantdır. Onlar yazıda müxtəlif nöqtə, xətlərdən istifadə etməklə orijinal rəqəmlər sistemini də yaratmışlar. Məhz bu xalq ilk dəfə olaraq hesab sistemini sıfırdan başlamağı lazım bilmişdi. Çox güman ki, müasirlərimiz böyük bir qitədə b.e.ə. II minillikdə mövcud olmuş bu mədəniyyət haqqında çox şeyi bilmir. Lakin qəti söyləmək olar ki, bu mədəniyyət tarixin səhifəsindən silinsə də, o gələcək sivilizasiyalar üçün mənbə rolunu oynamışdır.