On beşinci firqə

On beşinci firqənin türk əsgəri.

On beşinci firqəAzərbaycan Xalq CümhuriyyətiTürkiyə dövlətləri arasındakı qarşılıqlı razılaşmaya əsasən, 1918-ci il sentyabrın əvvəlində hərbi yardım məqsədilə Azərbaycana gəlmiş və Bakının azad olunmasında fəal iştirak etmiş türk piyada diviziyası.

Diviziya Osmanlı dövlətinin hərbi naziri Ənvər paşanın əmrinə əsasən, Xəlil paşanın komandanlıq etdiyi şərq ordular qrupunun tərkibində olan 9-cu ordunun tabeliyindən alınaraq, Qafqaz İslam Ordusuna verildi. Azərbaycana yetişdikdən sonra onun tərkibində 38-ci, 56-cı və 106-cı piyada alayları, habelə bir sıra topçu və digər yardımçı bölmələr, cəmi 157 zabit və 7636 əsgər olmalı idi.

Azərbaycana daha əvvəl göndərilmiş 38-ci piyada alayı ölkə ərazisinə 1918-ci il iyulun 14-də daxil olmuşdu. On beşinci firqənin Azərbaycana doğru hərəkətə başlamasına 1918-ci il avqustun 23-də əmr verildi. Firqə Qarakilsə (Sisyan) — Qazax yolu ilə Azərbaycana çatmalı və sonra da qatarlar vasitəsilə Bakıya yetişməli idi. Firqənin qərargahı 1918-ci il sentyabnn 6-da Ağstafaya, 9-da isə Bakı ətrafına çatdı. Firqəyə yarbay Süleyman İzzət bəy komandirlik edirdi. Bu birləşmə Bakının şimalında yerləşdirildi.

Bakı əməliyyatı başlamazdan əvvəl Qafqaz İslam Ordusu komandanının əmrilə onun tərkibində müəyyən dəyişikliklər edildi. 56-cı piyada alayı Beşinci Qafqaz Firqəsi (diviziya) komandirinin əməliyyat tabeliyinə verilərək Qurd qapısı istiqamətində yerləşdirildi. 106-cı piyada alayı isə Qafqaz İslam Ordusu komandanının ehtiyatmı təşkil etdi. Bu hissələrin əvəzində isə 107-ci piyada türk alayı, 2-ci süvari türk alayı, Azərbaycan süvari alayları, Azərbaycan piyada bölmələri və könüllü taborları on beşinci firqəyə verildi. Ona Biləcəri məntəqəsinin şərq tərəfindən Bakıya doğru hücuma keçmək tapşırılmışdı. Hücum ərəfəsində 107-ci piyada alayı da firqə komandirinin tabeliyindən alınaraq, ordu komandanının ehtiyatına verildi. Ancaq sentyabrın 14-də döyüşlərin gedişində 15-ci firqə cəbhəsində yaranan ağır vəziyyəti aradan qaldırmaq üçün 107-ci alay ordu komandanının ehtiyatından alınıb firqə komandirinin tabeliyinə qaytarıldı. Sentyabrın 15-də fırqənin hissə və bölmələri hücumu uğurla davam etdirərək, Bakının Qara şəhər rayonuna qədər irəlilədilər. Tümənin əsgər və zabitləri Bakının düşməndən azad olunmasında böyük şücaət və qəhrəmanlıqlar göstərdilər. Bakı əməliyyatı başa çatdırıldıqdan sonra 107-ci piyada alayı firqənin tabeliyindən çıxarıldı və əvəzində 56-cı alay ona qaytarıldı. 1918-ci il sentyabrın 22-də firqə bu tərkibdə Dağıstana doğru hərəkətə başladı. Orada uğurlu döyüşlər keçirən firqə Dağıstanda milli qüvvələrin hakimiyyətinin yaranmasına yardımçı oldu.

Geri çəkilməsi

[redaktə | mənbəni redaktə et]

Mudros barışığının (1918) şərtlərinə əsasən, on beşinci firqə də Beşinci Qafqaz Firqəsi ilə birgə 1918-ci il noyabrın 2-ci yarısından etibarən Türkiyəyə geri çəkilməyə başladı.[1]

  • Yüceer N., Birinci Dünya savaşında Osmanlı ordusunun Azerbaycan ve Dağıstan harekatı, Ankara, 1996;
  • Süleymanov M., Qafqaz İslam ordusu və Azərbaycanın, B., 1999.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 276-277. ISBN 9952-417-44-4.