Ordubad Buzxanası

Ordubad şəhərinin mərkəzində XIV əsrə aid memarlıq abidəsi. XVIII əsrdə yenidən bərpa edilmişdir. Binanın ümumi sahəsi 166 m², zirzəmisinin daxili sahəsi 89,4 m²-dir. Buzxananın tikintisi bişmiş kərpic ( 20x20x5sm) və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili girişdə böyük otaqdan, 2 marşlı 36 pillədən (20x30sm) və buz saxlanılan zirzəmidən ibarətdir. Binanın ümumi hündürlüyü 11,32 m-dir. Binanın divarlarının qalınlığı 0,8 m-dir. Otağın tavanı düz səthli olub, zirzəminin tavanı çatma tağların hər biri 2,9 m məsafədə yerləşdirməklə iki qonşu tağın arasında çatma tağ tavan şəklində həll edilmişdir.

Bu halda hörgü cərgələri, daşıyıcı tava perpendikulyar vəziyyətdə düzülmüşdür. Tağ tavanların üst hissəsi, kərpic hörgüyə əsasən tağın zirvəsinə yaxın tağ tavanın konstruksiyasının dəyişildiyi aydın görünür. Bütün binanın mərkəzi oxu istiqamətdə, tağların baş xətti boyunca xırda tağ tavanlarla tamamlanır. Yay aylarında istilərdən qorunmaq məqsədi ilə yerli əhali yeyinti məhsullarını, şəxsi azuqələrini qorumaq üçün bu binadan istifadə edirmiş. Buzu almaq üçün qış aylarında binaya çəkilmiş kəhriz suyu zirzəmiyə vurularaq buz halına salınarmış. Buzun əriməməsi üçün onların aralarına saman tökülərmiş. Yay ayları bu buzu buradan çıxarmaq üçün xüsusi adamlar ayaqlarına keçə bağlayaraq buzu buradan çıxarar, Ordubad əhalisinin buza olan tələbatını ödəyərmişlər.