Osmanlı imperiyası Birinci dünya müharibəsində — Osmanlı imperiyası, İttifaq dövlətlərindən biri kimi Birinci dünya müharibəsində iştirak etmişdir.
Balkan müharibələri beynəlxalq vəziyyətin daha da kəskinləşməsinə səbəb oldu. Bu müharibələr Balkan yarımadasında Türkiyənin ağalığına son qoymaqla yanaşı, Balkan dövlətləri arasında ziddiyyətləri kəskinləşdirdi. Balkan dövlətlərinin arxasında böyük dövlətlər dururdular və bir-biriləri ilə Yaxın Şərqdə nüfuz uğrunda mübarizə aparırdılar. Balkan dövlətlərini öz təsirləri altına salmaq uğrunda mövcud qruplaşmalar arasında güclü mübarizə gedirdi.
1913-cü ilin dekabrında general Liman fon Sanders başda olmaqla Türkiyəyə yeni alman hərbi nümayəndəliyi gəldi. Bu nümayəndəliyə Balkan müharibələri dövründə dağıdılmış türk ordusunu yenidən təşkil etmək tapşırılmışdı. Nümayəndəliyin başçısı İstanbulda yerləşən birinci türk korpusunun komandanı təyin edilirdi. Paytaxtda olan türk qoşunlarının alman generalına tabe edilməsi, əslində Almaniyanı boğazların ağasına çevirirdi. Buna görə də general Limanın nümayəndəliyi təbii olaraq Rusiyanın hakim dairələrində güclü həyəcana səbəb oldu. Müttəfiqlər maliyyə boykotu, Bosforda dəniz qüvvələrinin nümayiş etdirilməsi və ya Türkiyənin bəzi limanlarının tutulması yolu ilə Türkiyəyə qarşı müxtəlif təzyiq tədbirləri haqqında Rusiya hökumətinin təklifini də rədd etdilər. Müttəfiqlərdən yardım ala bilməyən çar hökuməti belə bir formal güzəştlə kifayətlənməli oldu ki, general Liman korpus komandanı əvəzinə türk ordusunun baş müfəttişi vəzifəsinin tutsun. Aydındır ki, general Limanın yeni vəzifəsi Türkiyənin hərbi işlərinə onun həlledici təsirini zəiflətmirdi. Çünki alman generalı İstanbul korpusuna daxil olan Skutar diviziyasının rəisi olaraq qalırdı.
Müharibənin ilk günlərindən hər iki tərəf Türkiyəni öz tərəfinə çəkməyə cəhd edirdi. Gənc türklər hökuməti Almaniyaya meyl edirdi. Lakin Türkiyənin Antanta dövlətlərindən maliyyə-iqtisadi asılılığı çox böyük idi. 1914-cü il avqustun 2- də alman-türk ittifaq müqaviləsi imzalandı. Müqaviləyə görə, əgər Rusiya Avstriya-Macarıstan münaqişəsinə qarışarsa, Almaniya Avstriya-Macarıstan tərəfindən müharibəyə qoşularsa, Türkiyə də Rusiyaya müharibə elan etməlidir. Türkiyə ordusunu bütünlüklə Almaniyanın ixtiyarına verirdi. Bununla yanaşı, ittifaq müqaviləsi imzalanandan bir gün sonra Türkiyə özünün bitərəfliyini elan etdi. Bu onunla izah edilirdi ki, Türkiyə hələ müharibəyə hazır deyil.
Osmanlı dövlətinin 1914-cü ilin ortalarındakı xarici siyasətinin qeyri-müəyyənliyi hökumət daxilindəki fikir ayrılığı idi. Belə ki, Ənvər Paşa başda olmaqla bir qrup Almaniya ilə ittifaq tərəfdarı oduğu halda, maliyyə naziri Cavid bəy başda olmaqla digər bir qrup isə Antanta dövlətləri ilə ittifaq tərəfdarı idi. 1914-cü ilin avqustun 18-də Rusiya ilə İngiltərə birlikdə irəli sürdükləri təklifdə Türkiyənin bitərəf qalması müqabilində Osmanlı dövlətinin müstəqilliyinə və ərazi bütövlüyünə təminat verdiklərini və hər hansı bir təcavüzə qarşı çıxacaqlarını bildirdilər. Rusiya və İngiltərənin müştərək təklifinə qarşı Türkiyə aşağıdakı təklifləri irəli sürdü:
1.Kapitulyasiyaların tam ləğv edilməsi;
2.Müharibənin başlanğıcında İngiltərə hökumətinin müsadirə etdiyi iki zirehli gəminin geri verilməsi;
3. Qərbi Frakiyanın Osmanlı dövlətinə geri verilməsi;
4. Yunanıstan tərəfindən işğal edilmiş adaların Türkiyəyə qaytarılması;
5. Misir məsələsinin həll edilməsi;
6. Rusiyanın Türkiyənin daxili işlərinə qarışmamasına təminat verilməsi;
7. Rusiyanın Türkiyə üzərinə hücum edəcəyi təqdirdə İngiltərə və Fransanın həqiqətən Osmanlı dövlətini müdafiə edəcəklərinə vəd verməsi.
Camal paşa bu təklifləri İstanbuldakı ingilis səfiri Malletə təqdim etmiş, o da öz növbəsində bu təklifləri Londona çatdırmışdı. Üç gündən sonra Mallet Türkiyənin irəli sürdüyü təkliflərə ətraflı cavab verdi. İndiki vaxtda İngiltərə öz müttəfiqlərinin razılığı ilə bəzi maliyyə kapitulyasiyalarının ləğv edilməsinə razı ola bilər Türkiyənin adalarla bağlı Yunanıstanla olan mübahisənin müəyyən vaxta qədər təxirə salınması lazım bilindi. Misir məsələsi müharibədən sonra həll edilərsə daha yaxşı olar. Mallet həm də bildirdi ki, rusların Türkiyə üzərinə hücum etmək məqsədi yoxdur, həm də İngiltərə və Fransa Türkiyənin ərazi bütövlüyünə təminat verən memorandum imzalamışlar. Kapitulyasiyaların Osmanlı dövləti tərəfindən ləğv edilməsi ərəfəsində ingilis səfiri Mallet İngiltərə və Fransanın adından Türkiyəni inandırmağa çalışmışdı ki, Rusiyanın Türkiyəyə qarşı təcavüzkar niyyəti yoxdur, əgər Türkiyə ordusu təcili tərxis olunarsa, "Heben" və "Breslau" gəmiləri tərksilah edilərsə, alman təlimatçıları ölkədən kənarlaşdırılarsa, onda müttəfiqlər Türkiyənin toxunulmazlığına təminat verər, adalar məsələsini Türkiyənin xeyrinə həll edər, iqtisadi kapitulyasiyalar məsələsində güzəştə gedərlər. Malletin irəli sürdüyü şərtlər Türkiyə hökuməti tərəfindən Antanta dövlətlərinin zəiflik əlaməti kimi qəbul edildi. İngiltərə Türkiyənin bitərəf qalması üçün çox səy göstərirdi. Sentyabrın 27-də ingilis səfiri bildirmişdi ki, əgər Türkiyə bitərəfliyini qoruyub saxlayarsa İngiltərə hökuməti müharibənin başlanğıcında müsadirə etdiyi hərbi gəmiləri geri qaytara bilər. Lakin müharibəyə qoşulmaqla daha çox fayda əldə edəcəyini düşünən və getdikcə daha çox Almaniyanın təsiri altına düşən Türkiyə hökuməti İngiltərənin bu müraciətini cavabsız qoydu. 1914-cü ilin iyulun sonunda alman hərbi gəmilərinin Aralıq dənizindən keçib Osmanlıya gəlməsi ölkənin hakim dairələrindəki almanpərəst qrupun mövqeyini xeyli möhkəmləndirmişdi. Türkiyənin ordu və donanması tamamilə Almaniyanın nəzarəti altında idi. Osmanlı oktyabra qədər müharibəyə hazırlaşdı. Oktyabrın 16–17-də alman-türk donanması Odessa, Sevastopol, Feodosiya və Novorossiyski atəşə tutdular. Oktyabrın 20-də Rusiya Osmanlıya müharibə elan etdi, ertəsi gün isə ingilislər Dardaneli bombardman etdilər. Asiyada bir neçə yeni cəbhə əmələ gəldi ki, bunlardan başlıcası Qafqaz cəbhəsi idi. Qafqaz cəbhəsində aparılan ən mühüm döyüşlərdən biri Sarıqamış döyüşü olmuşdur. Ənvər paşanın rəhbərlik etdiyi bu döyüşün məqsədi 1878-ci ildə ruslara verilmiş Qars, Ərdahan və Batumu geri almaq idi. Almanlar bunun yerinə Osmanlı qüvvələrinin Qalitsiyaya çıxarılıb Avstriya cəbhəsində vuruşmasını məsləhət vermişdilər. Amma Ənvər paşa qəbul etməmişdi. Bunun da səbəbi o idi ki, türklər bilirdilər ki ruslar tez-gec Qafqaz və İrandakı mövqelərindən faydalanaraq Şərqi Anadolunu işğal etməyə çalışacaqlar. Ənvər Paşa bütün qüvvələri ilə birlikdə döyüşə girdi. Dekabrda üçüncü türk ordusu hücuma başlayıb, rus ordusunun arxasına keçdi. Lakin Sarıqamışın müdafiəsi və Türkiyə qoşun qruplarını cinahlardan dövrəyə alan rus qoşunlarının hərbi əməliyyatı dekabrın axırlarında Türkiyənin bir korpusunun mühasirəyə salınması və digərinin darmadağın edilməsi ilə nəticələndi. Türk ordusu ağır qış şəraitində aparılan bu döyüşdə böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. 1916-cı ilin yazında rus qoşunları bütün Qafqaz cəbhəsi boyunca hücuma keçdi. Müharibənin çətin şəraitdə, dağlarda aparılmasına baxmayaraq, rus qoşunları 1916-cı ilin fevralında Ərzurumu, apreldə isə Trabzonu tutdular və bununla ruslar bütün Şərqi Anadolunu işğal etmiş oldular. Bu tarixdən etibarən türk qoşunlarının zəif qüvvələrlə təşkil olunan hücumları nəticəsiz qaldı. Ərzincan barışığının imzalanmasından sonra rus ordusu işğal etdiyi bölgələrdən çəkilməyə başladı. Hələ Birinci dünya müharibəsi ərəfəsində Rusiya istifadə etmək üçün "erməni məsələsi"ni yenidən irəli sürmüşdü. Ermənilərin "Daşnakstyun" partiyası "öz milli müqəddaratını təyin etmək" şüarı ilə pərdələnərək Antanta dövlətlərinin, ilk növbədə Rusiyanın əlaltısına çevrilmişdi. Bütün ermənilərin katolikosu 1912-ci ilin payızında II Nikolaya müraciət edərək Osmanlıda yaşayan erməniləri "müdafiə etməyi xahiş etmişdi". Rusiya hökuməti Osmanlıda yaşayan ermənilərdən gələcəkdə bir vasitə kimi istifadə etmək üçün onları müdafiə edəcəyinə söz vermişdi.
Osmanlının 1914-cü ildə İngiltərə, Fransa və Rusiyaya qarşı müharibəyə girməsi, erməni komitələrində böyük bir fürsət olaraq dəyərləndirilmişdi. Könüllü alaylar toplayaraq rus ordusuna qatılan ermənilər, rus işğalçı orduları ilə birlikdə Şərqi Anadolu torpaqlarına soxulmuşlar. Həm də Anadolunun müxtəlif bölgələrində erməni əhalisi yeni qiyamlar qaldırmış, Osmanlı dövlətinə xəyanət etmiş və dinc əhali böyük bir soyqırıma məruz qalmışdı. Bu soyqırımda təkcə türklər deyil, Trabzon ətrafında yaşayan rumlar və kürdlər də ermənilər tərəfindən qətlə yetirilmişdir. Osmanlı dövləti ermənilərin xəyanətinə cavab tədbirləri görməyə məcbur oldu. Çünki ermənilər ruslarla ittifaqda idilər və onlar dinc əhaliyə qanlı divan tuturdular. Erməni başkəsənləri heç kəsə aman vermirdilər: qocaları, uşaqları, hamilə qadınları, körpələri misli görünməmiş vəhşiliklərlə qətlə yetirirdilər. Bunlara cavab olaraq Osmanlı hökuməti erməniləri hərbi xidmətə cəlb etməməyə, erməni komitə mərkəzlərini ləğv etməyə, onların başçılarını həbs etməyə başladı. Osmanlı hökuməti qiyamçı erməniləri həm də Suriya və Livana köçürmək haqqında qərar verdi. O zaman bu ərazilər Osmanlı imperiyasına daxil idi. Köçürülmə və həbslər 1915-ci il aprelin 24- də başladığına görə ermənilər bu günü qondarma erməni soyqırımı kimi qeyd edirlər və bunun digər ölkələr tərəfindən tanınmasına çalışsalar da məkrli məqsədlərinə nail ola bilməmişdilər. 1915-ci ildə Qafqaz cəbhəsində böyük hərbi əməliyyat olmadı. Türk ordularının diqqəti müttəfiqlərin Dardanelə çıxardığı desanta qarşı mübarizəyə cəlb olunmuşdu. İngilis donanması 18 mart 1915-ci ildə Çanaqqala (Dardanel) boğazını 72 keçməyə təşəbbüs etsədə, sahil topçularının müvəffəqiyyətli müdafiəsi nəticəsində məqsədinə nail olmadı və ağır itkilərə məruz qaldı. İrəliləmək istəyən ingilislərlə tez-tez şiddətli vuruşmalar olurdu, lakin hər bir hücum türk əsgərinin müdafiəsi qarşısında müvəffəqiyyətsizliyə uğrayırdı. Düşmən Çanaqqalada müvəffəqiyyətə nail olmadığına, irəliləyə bilməməsinə baxmayaraq, yeni bir desant əmliyyatına başlamaq istəyirdi. İngilislər bu məqsədlə 1915-ci ilin avqustunda möhkəmləndirilmiş qüvvələrlə daha bir hücuma əl atdılar. Düşmən qüvvələri ilə türklər arasında şiddətli vuruşmalar oldu. Ancaq Mustafa Kamalın rəhbərlik etdiyi 19-cu diviziyanın əsgərləri düşmənin bu hücumunun da qarşısını aldı. Beləliklə, düşmənin irəliləməsinə imkan verilməmiş, əksinə, onlar tutduqları mövqelərdən çıxarılmışdılar. Aylarla davam edən desant əməliyyatlarına və döyüşlərə baxmayaraq irəliləyə bilməyən ingilislər, nəhayət, 1915-ci ilin dekabrında müttəfiqlərlə bərabər Çanaqqaladan geri çəkildilər. Düşmənlərin Çanaqqala boğazını keçə bilməməsi İstanbulun işğalının qarşısını almış, ingilislərin Mərmərə və Qara dəniz vasitəsilə müttəfiqləri olan Rusiya ilə əlaqə yaratmaq imkanını puç etmişdi. 1914-cü ildə İraqa ordu çıxaran ingilislər ruslarla birləşib Anadolunu mühasirəyə almaq fikrində idilər. Eyni zamanda türk qoşunlarının İrana girməsinin və Hindistanı hədələməsinin qarşısını almağı düşünürdülər. İranın şimal hissəsi rus qoşunları tərəfindən tutulmuşdu, lakin rusların İraqda hərbi əməliyyat keçirən ingilislərlə sıx əlaqə yaratmaq cəhdləri müvəffəqiyyətsiz oldu. 1915-ci ildə hərbi qüvvələrinin çox hissəsini itirən ingilislər geri çəkilsələr də, 1917-ci ildə Bağdada daxil olmuşlar. Türklərin Misirdə Osmanlı hakimiyyətini yenidən qurmaq və Süveyş kanalını ələ keçirərək İngiltərənin Hindistana yolunu kəsmək məqsədilə apardıqları döyüş əməliyyatları da uğursuzluqla nəticələnmişdir. Uzun və mürəkkəb danışıqlardan sonra Antanta dövlətləri Türkiyənin bölüşdürülməsi məsələsində müəyyən razılığa 73 gəlmişdilər. 1916-cı ilin aprel və may aylarında ingilis və fransız diplomatları olan Sayks və Pikonun lahiyəsi əsasında İngiltərə, Fransa və Rusiya arasında Asiya Türkiyəsini bölüşdürmək haqqında ümumi saziş bağlandı. Sazişə əsasən, müharibədən sonra İstanbul, boğazlar, Ərzurum, Van, Bitlis, Bəyazid, Trabzon və Trabzonun qərbində Qara dəniz sahillərinin xeyli hissəsi Rusiyaya verilməli idi. Lakin bunun müqabilində Rusiya Türkiyə torpaqlarının böyük bir hissəsinə İngiltərə və Fransanın hüququnu təsdiq etməli oldu. Sazişə görə Fransa Suriya, Livan, Kilikiya və Mosul bölgələrini, İsgəndəriyyə körfəzini almalı idi. İngiltərə fransız zonasından cənuba İran körfəzinə qədər olan əraziyə sahib olmalı idi. Ərəbistan yarımadasının böyük hissəsi ingilis təsir dairəsi hesab olunurdu. Beləliklə, gələcək ərəb dövlətləri İngiltərə və Fransanın siyasi, iqtisadi və hərbi asılılığına düşürdülər. 1917-ci ilin aprelin 19-da İngiltərə və Fransa İtaliyanın Kiçik Asiyanın fransız mülklərindən şərqə doğru İzmirə qədərki əraziləri tutmaq hüququnu tanıdılar. 1917-ci ilin 7 noyabrında baş verən bolşevik çevrilişi hadisələrə yeni axar verdi, rus siyasətində əsaslı dönüş oldu. Bolşevik rəhbərlərinin müraciəti ilə Almaniya sülh təklifini qəbul etdi və 1917-ci ilin 15 dekabrında Brest-Litovsk şəhərində bir tərəfdən Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan və Türkiyə, digər tərəfdən də Rusiya arasında sülh danışıqları başlandı. 1918-ci ilin martın 3-də bağlanmış Brest-Litovsk müqaviləsinə görə Qars, Ərdahan və Batum Osmanlı dövlətinə qaytarılırdı. Brest-Litovsk müqaviləsinin Osmanlıya aid şərtlərinin həyata keçirilməsi üçün üçüncü ordu komandanı Vəhib paşa Zaqafqaziya Seyminə 10 mart 1918-ci ildə nota göndərərək Qars, Ərdahan və Batumdan erməni və gürcü qoşunlarının geri çəkilməsini tələb etdi. Ancaq gürcülər Batumun, ermənilər də digər vilayətlərin osmanlılara verilməsinin əleyhinə oldular. Zaqafqaziya Seymi Brest-Litovsk müqaviləsini tanımadıqlarını elan edərək Osmanlı dövlətinə ayrıca danışıq 74 aparmağı təklif etdi. Osmanlı dövləti bu təklifi qəbul etdi və 14 mart-14 aprel 1918-ci ildə tərəflərin Trabzon konfransı oldu. Bu danışıqlardan bir nəticə alınmayacağı aydın olduqdan sonra türk ordusu hücuma keçdi. Qars, Ərdahan və Batum azad edildi. 1918-ci il sentyabrın 30-da Almaniyada yeni hökumət təşkil edildi və bu hökumət oktyabrın 4-də Amerika prezidenti Vudro Vilsona müraciət edərək sülh bağlamağa razı olduğunu bildirdi. Barışıq haqqında danışıqlar davam edərkən Almaniyanın müttəfiqləri bir-bir hərbi əməliyyatları dayandırırdılar. 1918-ci ilin oktyabrında türk ordusu Fələstində və Suriyada məğlubiyyətə uğradı.
1918-ci il oktyabrın 30-da türklərlə ingilislər arasında Mudros barışığı imzalandı. Mudros barışığı ərəb ölkələrinin ərazisinin Antanta qüvvələri tərəfindən tutulması ilə kifayətlənməyərək, Türkiyənin qarşısında aşağıdakı ağır tələbləri qoymuşdu: Dardanel və Bosfor boğazları müttəfiqlərin ixtiyarına verilsin; ölkədəki bütün malları almaq üçün müttəfiqlərə üstünlük verilir və Türkiyə xaricə mal apara bilməz; Türkiyənin bütün dəmiryolları müttəfiqlərin nəzarəti altına keçir; ərəb ölkələrində olan bütün ordular müttəfiqlərin ixtiyarına verilməlidir; Trablis və Kirenaykada olan bütün türk zabitləri İtaliya qarnizonuna verilməlidir; Türkiyə ərazisində olan alman və Avstriya təbəələri ölkədən sürgün edilməlidirlər; Türkiyə hərbi əsirləri isə müttəfiqlərin ixtiyarında qalmalıdır; müttəfiqlərin hərbi əsirləri İstanbula gətirilərək müvafiq ölkəyə təslim edilməli idi; Osmanlı hökuməti daxili nizam-intizamı və sərhədləri qorumaq üçün lazım olacaq hərbi qüvvələrdən başqa qüvvə saxlamaq hüququndan məhrum edilirdi; Osmanlı sularında üzən hərbi gəmilər müttəfiqlərə təslim edilməli idi; müttəfiq dövlətlər öz mövqelərinə qarşı təhlükə hiss edərdilərsə, onda imperiyanın istənilən strateji yerini işğal etmək hüququna malik idilər. Barışığın şərtlərinə görə türk ordusu tezliklə Azərbaycan tərk etməli, türklər Cənubi Qafqaz dəmiryolu üzərində nəzarət hüququnu Antantaya verməli, müttəfiqlərin Bakını və Batumu tutmasına qarşı Türkiyə heç bir narazılıq etməməlidir. Mudros barışığı Türkiyəni Antanta dövlətlərinə təslim etdi. Bununla da Antanta dövlətləri Osmanlı imperiyasını parçalamaq haqqındakı öz əvvəlki planlarını həyata keçirməyə başlayaraq, ölkənin bir çox yerlərini işğal etdilər.