Oxlokratiya

Oxlokratiya (yun. ochloc – kütlə, kratos – hakimiyyət) — qara camaatın hakimiyyətidir.

Oxlokratiya dövlət idarəetmə formalarından biridir, Polibiyə görə demokratiyanın təhrif olunmuş, eybəcərləşdirilmiş formasıdır, rəzil ehtiraslarla ağlına gələni edən, zorakılıq və qanunsuzluğa əsaslanan qaraguruhun hökmranlığıdır, dövlətin ən pis formasıdır. Aristotelin fikrincə, ""yaxşıların" hakimiyyətdən kənarlaşdırılması və onu qara camaatın əvəzləməsi ölkədə sabitliyi pozur, dövlətdə xaosun artmasına səbəb olur. Oxlokratiya haqqında C. Boden nifrətlə danışır, onu demokratiya adı altında, nifaqın və vətəndaş müharibəsinin səbəbkarı sanırdı. Kütlənin psixologiyası və onun idarəçiliyinin ağır nəticələri barədə Q. Tard və Q. Leben də yazmışlar. "Kütlənin hökmranlığı" ideyası sosialist ideyasının həyata keçirildiyi vaxtlarda daha çox səslənməyə başladı. İ. A. İlin oxlokratiyanın ayaq açıb yeriməsini xalqın hüquqi şüurunun və sosial sisteminin pozulması ilə bağlayırdı. O, öz tarixi təcəssümünü 1789-cu il Fransa inqilabında, 1871-ci il Paris Kommunasında, XX əsrin əvvəllərində Rusiyada- sovet hakimiyyətinin ilk dövrlərində tapmışdır. Belə vəziyyət ən çox dövlətin "qarışıq dövrlərində" meydana gəlir, o zaman ki, köhnə normalar, institutlat, həyat sistemi pozulur və onların yeniləri ilə əvəzlənməsi mümkün olmur. Tarixdən o da məlumdur ki, oxlokratiyanın ömrü uzun olmur.

  • Politologiya. İzahlı lüğət. Bakı,2007. səh.233.