Pərviz Şahbaz oğlu Cəbrayıl (18 yanvar 1971, Puşkin rayonu) — şair, yazıçı, publisist, "Azadlıq" qəzetinin redaktoru.
Pərviz Cəbrayıl | |
---|---|
Pərviz Şahbaz oğlu Cəbrayıl | |
Doğum tarixi | |
Doğum yeri | Biləsuvar rayonu İsmətli kəndi |
Fəaliyyəti | yazıçı, jurnalist |
Pərviz Cəbrayıl 18 yanvar 1971-ci ildə Biləsuvar rayonunun İsmətli kəndində ziyalı ailəsində doğulub. 1988–1990-cı illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1992-ci ildən "Azadlıq" qəzetində çalışmağa başlayıb. 1994-cü ildə "Azad Söz" qəzetinin baş redaktoru olub. Daha sonralar Azərbaycanın "525-ci qəzet", "Carçı", "Avrasiya", "Ekspress" qəzetlərində çalışıb, Qafqazın ilk tele-jurnalı olan "Tv-tel" jurnalının redaktoru olub.
2000-ci ildə "Millətin səsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2001–2006-cı Rusiyanın Novosibirsk şəhərində çalışıb. 2007-ci ildə yenidən "Azadlıq" qəzetinə qayıdıb, baş redaktorun müavini kimi fəaliyyətə başlayb.
İlk kitabı "Öləngi"' 2000-ci ildə nəşr olunub. Kitaba müəllifin hekayələri ("6 Kilkə"), esseləri, şeirləri, bir novellası ("İç-içə") və 1996-cı ildə, 26 yaşında yazdığı "Öləngi" romanı daxil edilib. Elə həmin il "Ekspress" qəzetinin keçirdiyi sorğuda "Öləngi" romanı "İlin hadisəsi" hesab olunub.
"Hər sabah yaşam" (Dəfnəli şeirlər) kitabı 2008-ci ildə nəşr olunub. Kitabda toplanan bədii-fəlsəfi şeirlər Pərviz Cəbrayılı daha yaxından tanımağa imkan verir. Üçüncü kitabı — "Ən Yeni ədəbiyyat" seriyasında nəşr olunan "Yad dildə" müəllifin cəmiyyətimizdə son 20 il ərzində baş verən hadisələrə bədii yanaşmasını əks etdirir. Roman haqda müxtəlif qəzet və saytlarda ayrı-ayrı baxışları əks etdirən çoxlu elmi-tənqidi, publisist yazılar dərc edilib. Romana maraq 2011-ci ilin "Nəsimi" kitab müsabiqəsində "İlin romanı" adını qazandırıb. Daha sonra isə Azərbaycanın ən prestijli müsabiqəsi olan "Milli Kitab Müsabiqəsi"ndə (MKM) birinci yerin qalibi seçilməklə böyük qalmaqala səbəb olub. Qalmaqal nəticəsində 17 nəfərlik jüridən üçü istefa verib. Roman MKM tərəfindən təkrar nəşr edilib. Obrazlarına "Kitabi-Dədə Qorqud" qəhrəmanlarının adını verməklə müəllif Azərbaycan xalqının keçmiş mənəvi dəyərləri ilə hazırda formalaşan mənəvi dəyərlərini müqayisə edir.
""Yad dildə" romanı son illər oxucu rəğbətini qazanan romanlar sırasında ilkin yerlərdən birini tutur. Roman "Nəsimi" ədəbi müsabiqəsinin "İlin romanı" nominasiyasının qalibidir; "Kultaz" və "MKM" ədəbi portallarında oxucular arasında keçirilən səsvermədə "Ən yaxşı əsər" nominasiyasında ən çox səs toplayıb. "Yad dildə" kitabı satış reytinqinə görə də "Ən yeni ədəbiyyat" seriyasından olan kitablar arasında birinci yerdədir. Nəhayət, bu roman Azərbaycan ədəbi mühitində hazırda ən ali mükafat sayılan "Milli Kitab Müsabiqəsi"nin qalibidir. "Yad dildə" əsərinin ədəbi aləmdə və oxucular arasında bu qədər qəbul olunmasının və sevilməsinin səbəbi nədir? Roman – ölkənin ictimai-siyasi reallığı ilə xalqın mifik-mənəvi, fəlsəfi-ürfani baxışlarını bədii şəkildə birləşdirən bir neçə qatdan ibarətdir. Müəllif əsərin daxili qatlarını bir-biri ilə çox məharətlə əlaqələndirib, siyasi gerçəkliyin ədəbi həllini tapmağı bacarıb və son illər Azərbaycan ədəbiyyatında romançılıq mərhələsinin mahiyyət etibarilə yeni səhifəsini açıb. Roman ədəbi hazırlığı olan oxucular üçün nəzərdə tutulub".