Pərviz Həsənov (15 aprel 1923, Bakı – 17 mart 2002) — Azərbaycan idmançısı; "Kür" Olimpiya Avarçəkmə Bazasının yaradıcısı; Azərbaycan Respublikasının akademik avarçəkmə üzrə əməkdar məşqçisi; əməkdar bədən tərbiyəsi və idman işçisi; ümumittifaq dərəcəli hakim; Həmkarlar İttifaqları bədən tərbiyəsi hərəkatının fəalı; SSRİ Həmkarlar İttifaqı idmanının fəxri veteranı; Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin Veteranlar Şurasının üzvü
Pərviz Həsənov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 aprel 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 2002 (78 yaşında) |
15 aprel 1923-cü ildə Bakı şəhərində anadan olmuşdur.
Böyük Vətən müharibəsi başlarkən, 1941-ci ildə Suxumi pulemyot məktəbinə daxil olmuşdur. Bir il sonra isə Şimali Qafqazda yerləşən SSRİ qoşun bölmələrində taqım komandiri vəzifəsində çalışmışdır. 1943-cü ilin mayında cəbhədə ağır yaralanaraq, hospitala yerləşdirilmişdir. Sağaldıqdan sonra kiçik leytenant Həsənov Bakı şəhərinin Voroşilovqrad rayonuna hərbi idman işləri üzrə komsomol komitəsinin katibi vəzifəsinə göndərilir və 1947-ci ilədək bu vəzifədə çalışır.
1947–1958-ci illərdə "Bolşevik" cəmiyyətində əvvəlcə voleybolçu, sonra isə voleybol məşqçisi olmuşdur.
1959–1961-ci illərdə Keşlə Maşınqayırma zavodunun baş təlimatçısı ikən SSRİ xalqlarının II Spartakiadasında iştirak etmişdir.
Onun avarçəkmə növləri ilə sıx bağlılığı isə 1963-cü ildə Mingəçevir şəhər İdman Şurasına sədr təyin olunması ilə başlanmışdır. O, "Kür" Olimpiya Avarçəkmə Bazasının banisi və inşasının rəhbəri, daha sonra isə idman qurğusunun ilk direktoru olub. Onun ciddi təşəbbüsü sayəsində Kür çayının sol sahilində keçmiş SSRİ-nin bir çox respublikalarından olan avarçəkənlərin hazırlığı üzrə müstəsna idman kompleksi tikilmişdir. Pərviz Həsənov 1963–1970-ci illərdə avarçəkmə üzrə Azərbaycan SSR və SSRİ yığma komandasının rəisi vəzifəsində çalışmışdır. Həmin dövrdə SSRİ-nin avarçəkmə üzrə yığma komandasının XVIII Tokio və XIX Mexiko Yay Olimpiya Oyunlarına, habelə Azərbaycan SSR yığma komandasının SSRİ xalqlarının IV–VIII Yay Spartakiadalarına hazırlığını təmin edib.
1972–1978-ci illərdə isə Azərbaycan SSR-in avarçəkmə üzrə yığma komandasına baş məşqçi olub. Yetirmələri SSRİ çempionatlarının qızıl, gümüş və bürünc mükafatlarını qazanıblar.
Məşqçilik fəaliyyəti ilə yanaşı, beynəlxalq dərəcəli hakim kimi də fəaliyyət göstərmişdir. O, 1979-cu ildə yeniyetmələr arasında akademik avarçəkmə üzrə dünya çempionatını idarə etmişdir. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında isə akademik avarçəkmə yarışlarının final mərhələsinin hakimi olub.
1984–1987-ci illərdə "Məhsul" cəmiyyəti respublika şurasının baş məşqçisi, "Vodnik" yaxt-klubunun direktoru, 2002-ci ilədək isə "Spartak" cəmiyyətinin təlimatçısı vəzifələrində çalışıb.
Pərviz Həsənov 17 mart 2002-ci ildə vəfat etmişdir.
Böyük Vətən müharibəsi əlili kimi Vətən müharibəsinin I və II dərəcəli ordenləri və 13 medalla təltif olunub.