Padşah oyunu

Şah bəzəmə

Qarabağda “Padşah oyunu”, Qubadlıda “Şah bəzəmə”, Ordubadda “Xan bəzəmə” adı ilə tanınan bu oyuna Azərbaycanın bir çox bölgələrində rast gəlmək mümkündür. Həmin mərasim bəzi rayonlarda (Qubadlı, Laçın) ilaxır çərşənbədə, Cəbrayılın Sirik kəndində, Ordubad rayonunda isə martın 21-22-si keçirilir.

Bəzi yerlərdə bu oyunun keçirilməsi üçün qabaqcadan müəyyən qədər vəsait də yığılır. Qubadlı rayonunun Dəmirçilər kənddə bu oyunu keçirmək üçün vaxtilə pul yığılıb heyvan alınmış, həmin heyvanın ətindən yemək bişirilib həmin gün camaata verilmişdi. Beyləqan rayonunu Günəşli kəndində isə 2014-cü ildə həmin mərasimi keçirmək üçün hər evdən on manat pul yığılmış, həmin vəsait çalğıçıların pulunun ödənilməsinə, onların yeməyinə, mağarın qurulmasına və s. xərclənmişdi.

Padşah olacaq şəxs səsvermə ilə müəyyən edilirdi. Məsələn, Laçın rayonunun Sadınlar kəndində səsə qoyular, kim daha çox səs toplasa, onu da padşah seçərdilər. Qubadlı rayonunun Dəmirçilər kəndində isə padşah, onun əyan-əşrəfi yaşlı, sayılıb seçilən adamların arasından seçilirdi. 2009-cu ildə Sumqayıt şəhər stadionunda bu mərasimi keçirən zaman məktəb direktoru Yadigar müəllim şah seçilmiş, kəndin icra nümayəndəsi Şahbaz müəllim də onun vəziri olmuşdu. İdris İbayevin dediyinə görə, Sirikdə İsgəndər oğlu Məhəmməd adlı qolu şikəst, yoxsul bir kişi olub. Hər il Novruz bayramına iki gün qalmış onu çimizdirib, əyninə təz paltar geyindirib padşah qoyar, ona vəzir-vəkil seçərdilər. Elə adamı vəzir seçilərdi ki, onun baməzəliliyi olsun, camaatı danışdırmağı, məclisi şənləndirməyi bacarsın.

Padşah bir qayda olaraq kişilərdən olur, yalnız müstəsna hallarda qadınlar da padşah seçilirdi. Padşah olan şəxs bir sutka dinməməli, danışmamalıdır. Gülən kimi onu taxtdan düşürür, özünü də soyundurub dar ağacından asırdılar. Ordubad rayonunda ən məşhur məzhəkəçilər, gülüş ustaları xanı güldürmək üçün dəridən-qabıqdan çıxırdılar. Xan gülsün deyə bəzən meydanda qadın, qız olmasına baxmayaraq xanla açıq-saçıq zarafatlar da edirdilər. Xan bütün bu məzhəkələrin qabağında özünü saxlaya bilməyib gülərdisə, meydana toplaşan tamaşaçılar onu geyimli-kecimli suya basır, onu “xanlıq”dan salırdılar. Taxtdan salınmış şəxs isə bir daha xan seçilə bilmirdi.

Mərasim üçün xüsusi bir mağar qurulur. Padşahı mağara yaxın qonşu bir evdə bəzəyirlər. Məclis başlayanda vağzalı çalınar, şah vəzir-vəkilin, fərraşların əhatəsində məclisə daxil olur. Padşah qəlbidə oturur, ondan bir az aşağıda vəzir, lap aşağıda buyruqçuları durur. Bir tərəfində xəbər aparıb gətirənləri, bir tərəfdə də şahın xəzinədarı oturur. Padşah əyninə arxalıq, üstündən də çuxa geyinir, başına da papaq qoyur. Padşahın geyimi kənddən kəndə fərqlənir. Məsələn, Sadınlar kəndində padşah əyninə qırmızı xələt geyinir, başına da kardondan düzəldilmiş bəzəkli papaq qoyurdu. Qızların məclisində isə padşah seçilən qızın başına yaylıq atılırdı. Qubadlı rayonunda şahın özü ilə yanaşı, onun atı da bəzənirdi. Atın belinə kənarları qotazlarla bəzədilmiş qırmızı palan salınırdı. Ordubad rayonunda isə padşah seçilən şəxs meydanın yuxarı başında qurulmuş taxtda oturur, vəzir, vəkil də gəlib taxtın sağında, solunda əyləşirdi. Yaraqlı-yasaqlı fərraşlar şahın hüzurunda əmrə müntəzir dayanırdılar. Cəllad qırmızı libas geyinir, əlində balta meydanın aşağı başında gözləyirdi.

Həmin gecə padşah müəyyən əmrlər verir, başındakı adamlar onun əmrini icra edirdilər. Padşahın sözü hər kəs üçün qanun idi və kimsə ona etiraz etmirdi. Kim pad-şahın sözünə baxmırdısa və ya onun əmrinə tabe olmurdusa, onu tutub padşahın hüzuruna aparır, onun qarşısında dizi üstə oturdurdular. Günahı onun üzünə deyilir və cəzalandırılırdı. Məclisdə əsasən müəyyən adamlara kəsilən cərimələrdən pul yığılırdı. Bundan əlavə, padşah kimisə asılmaqla cəzalandırdıqda onun yaxın adamı pul ödəyib onu azad edə bilirdi. Həmin pullar xəzinədarda yığılır və həmin vəsait xeyirxah işlərə sərf olunurdu. Məsələn, Qubadlı rayonu Dəmirçilər kəndində həmin mərasimdən yığılan vəsait hesabına onlar bir dəfə məscidin darava deyilən hissəsini təmir olunmuş, növbəti il yığılan vəsait hesabına imkansız adamlara, yetim-yesirə əl tutulmuşdu. Beyləqan rayonu Günəşli kəndində isə 2013-cü ildə keçirilən oyun zamanı yığılan pul ilə kəndə artezian üçün mator alınmışdı.

“Padşah oyunu”nun tarixi şəkli ilə müasir vəziyyətini müqayisəli olunduqda zaman keçdikcə bir çox şeyləri itirdiyi müşahidə edilir. Əvəllər bu mərasim daha geniş ərazidə qeyd olunurdusa, tədricən onun əhatə dairəsi daralmağa başlamışdı. Köçkünlükdən sonra Laçın rayonunda, demək olar ki, bu adət keçirilmir. Ordubad şəhərində vaxtilə hər məhəllənin öz xanı olurdusa, son 50 ildə yalnız bir yerdə – şəhərin “Şərşəhər” adlanan meydanında “Xanbəzəmə” şəbədəsi keçirilir. Mərasimin keçirildiyi günlərin sayında da azalma müşahidə olunur. Əvvəllər “Padşah oyunu” bir neçə gün qeyd olunurdu. İndiki dövrdə isə bu oyun bir gün keçirilir, əvvəlki illərdəki kimi səhərə qədər deyil, gecə saat on ikiyə qədər davam edir. Əvvəllər hamı qırmızı paltar geyinib məclisə gəlir, hətta padşah da başdan-ayağa qırmızı geyinirdi. Padşah olacaq şəxs bir gün qabaqcadan çimir, qüsullanaraq taxta çıxırdı. Mərasimin icra olunduğu bir sutka ərzində o, ac qalır, danışmır və gülmürdü. Son dövrlər keçirilən oyunlarda bu xüsusiyyətlər, demək olar ki, çox vaxt gözlənilmir.