Parametrik dövrə

Parametrik dövrə xassələri zamandan asılı olan və qeyri-stasionar sistem operatoru T(t) ilə xarakterizə olunan xətti dövrədir [1]. Belə dövrəyə dəyişən parametrli dövrə də deyilir. Parametrik dövrələrdə giriş siqnalının ugir(t) çevrilmə qanunu uçıx(t) = T(t)• ugir(t) kimidir. Parametrik dövrə termini xətti dövrənin tərkibində parametrlərindən heç olmazsa biri zaman funksiyası olan elementin olması ilə əlaqədardır. Radiotexnikada rezistiv R(t), tutum C(t) və induktiv L(t) parametrik elementlərdən istifadə olunur.

Xətti və qeyri-xətti parametrik dövrələri fərqləndirirlər. Xətti parametrik dövrələrdə elementlərin parametrləri qoşulan gərginlikdən asılı olmur. Lakin reaktiv elementlərdən heç olmazsa biri zamanca dəyişir. Xətti parametrik dövrələr dəyişən əmsallı xətti diferensial tənliklərlə ifadə olunur, məsələn, d2x/dt2+a1•(dx/dt)+a0(t)•x=f(t), burada x - dövrənin elementindəki cərəyan və ya gərginlik, f(t) - xarici təsirdir. Xətti parametrik sistemin fərqləndirici xüsusiyyəti elementin parametrini idarə edən köməkçi rəqs mənbəyinin olmasıdır. Tərkibində qeyri-xətti reaktiv müqavimət olan dövrəyə böyük və kiçik gərginliklərin birgə təsiri zamanı kiçik gərginlik üçün dövrə xətti, böyük gərginlik üçün isə qeyri-xətti olur. Bu halda qeyri-xətti parametrik dövrələr dəyişən əmsallı qeyri-xətti diferensial tənliklərlə ifadə olunurlar. Parametrik dövrələr əsasında parametrik generatorlar və gücləndiricilər yaradılırlar. Parametrik generasiya və güclənmə, tərkibində reaktiv element olan konturun reaktiv parametrinin dəyişməsi zamanı, dəyişmə tezliyi ilə konturun rezonans tezliyinin müəyyən nisbətində, kontura itkiləri kompensasiya edən enerji daxil edilməsi hesabına mümkün olur. Parametrik dövrəyə enerjinin daxil edilməsi prosesinə enerjinin doldurulması (rus: накачка энергии) deyilir. Doldurma kontura mənfi müqavimətin daxil edilməsinə ekvivalentdir. Əgər bu halda konturun itki müqaviməti mənfi olursa, rəqslərin parametrik oyadılması (avtogenerasiya) baş verir, əgər itki müqaviməti nəticədə müsbət qalırsa, onda kontur gücləndirici kimi işləyir. Radiotexnikada parametrik dövrələrə ayrılan mühüm rol, onların giriş siqnalının spektrini çevirmək qabiliyyəti və az küylü parametrik gücləndiricilərin yaradılmasının mümkünlüyü ilə əlaqədardır. Enerjinin doldurulması xarici mənbə tərəfindən həyata keçirildiyi üçün istənilən parametrik dövrədə doldurma tezlikli rəqslər mövcud olur. Bundan əlavə parametrik dövrədə generasiya və ya güclənmə həyata keçirilən bir, iki və ya daha çox işçi tezlik mövcud olur. İşçi tezliklərin sayından asılı olaraq bir- və çoxtezlikli parametrik qurğuları fərqləndirirlər. Gücləndiricilərin və avtogeneratorların sxemlərində rəqslərin güclənməsi və oyadılması sabit gərginlik mənbəyinin enerjisi hesabına təmin olunur. Enerji nöqteyi-nəzərindən bu qurğular sabit gərginlik enerjisini dəyişən gərginlik enerjisinə çevirən qurğulardır. Parametrik gücləndiricilərdə və avtogeneratorlarda enerjinin ötürülmə mexanizmi fərqlənir: enerji sistemə reaktiv parametrin müəyyən tezliklə dəyişməsi yolu ilə daxil edilir. Parametrin dəyişmə tezliyi oyadılan və ya gücləndirilən rəqslərin tezliyindən fərqlənir. Ona görə də parametrik dövrələrə bir tezlikli dəyişən gərginlik enerjisini digər tezlikli dəyişən gərginlik enerjisinə çevirən qurğular kimi baxılır.

İstinadlar

1. Paşayev A.M., Həsənov A.R. Harmonik siqnalların qeyri-xətti və parametrik çevrilmələri. Bakı: MAA, 2008, 206s.