Paris konfransı (1947)

Paris konfransı — 1946-cı il iyulun 29-da Parisdə 21 dövlətin iştirak etdiyi sülh konfransı.

Konfransın ilk günü iki xəttin mövcud olduğu üzə çıxdı. ABŞ və İngiltərə qərarların sadə səs çoxluğu ilə, SSRİ isə 2/3 səs çoxluğu ilə qəbul olunmasını irəli sürdü. Nəticədə kompromis variant kimi hər iki səsvermə qaydası qəbul edildi.

Konfransda əsas yeri İtaliya-Yuqoslaviya sərhədi və Triyest məsələsi tutdu. SSRİ Yuqoslaviyanı müdafiə etdi. Triyestin statusu haqqında məsələ iki aya yaxın müzakirə edildikdən sonra ABŞ-nin layihəsi qəbul olundu.

Dunayda gəmiçilik məsələsində SSRİ-nin bərabər imkanlara, azad ticarətə qarşı çıxmasına baxmayaraq, səsvermə zamanı ingilis-amerikan layihəsi qəbul edildi. Dunayda naviqasiya bütün dövlətlərin gəmiləri, malları və vətəndaşları üçün tam bərabərlik əsasında azad və açıq olmalı idi.

Konfransda təzminat məsələsi kəskin mübahisələrə səbəb oldu. Avstraliya nümayəndə heyəti Rumıniya ilə sülh müqaviləsi layihəsinə iki düzəliş etdi:

  1. Təzminatın məbləğini müəyyənləşdirmək və ödənilməsinə nəzarət etmək üçün komissiya yaradılsın.
  2. Təzminat məhsulla deyil, pulla ödənilsin.

Lakin bu təkliflər qəbul olunmadı.

ABŞ, İngiltərə, Yunanıstan və Bolqarıstan İtaliyadan təzminat tələb etdi. Lakin ABŞ və İngiltərə onlara çatacaq təzminatın tam həcmdə ödənilməsindən imtina etdilər. Onlar İtaliyanın xarici banklarda olan aktivlərini almaqla kifayətlənəcəklərini bildirdilər.

1946-cı il oktyabrın 12-də Paris sülh konfransı öz işini başa çatdırdı.