"Parks&Gardens" — həvəskar bağçılar, bağ evi və villası olanlar üçün nəzərdə tutulan jurnal.
Parks&Gardens | |
---|---|
Baş redaktor | Leyla Kərimli |
Növ | bağçılıq, bitkiçilik, landşaft dizaynı, urban |
Dövrilik | ildə 6 nömrə |
Format | 205x270 |
Tiraj | 5000 |
Təsisçi | Bakı Abadlıq Xidməti |
Təsis tarixi | 1 mart 2014 |
Ölkə | Azərbaycan |
Qərargah | Azərbaycan, Bakı şəhəri, Neftçilər pr. 24, Dalğa Plaza, 4-cü mərtəbə. |
Dil | Azərbaycan dili |
Səhifə | 112+4 |
Qiymət | 3 manat |
Jurnalın əsas mövzusu bağın planlaşdırılması və tərtibatı, landşaft dizaynı, Azərbaycanın və dünyanın parkları haqqında geniş informasiya, şəhər dizaynında yeniliklər və s.-dən ibarətdir. Jurnal oxucuları landşaft dizaynında müasir texnologiya və yeni tendensiyalarla tanış edir, bağ dizaynı tarixi haqqında məlumat verir. Jurnalda həmçinin, bitkilərin düzgün seçimi və onlara qulluq, bağbanlar üçün mövsümə uyğun praktik məsləhətlər, dərman bitkilərinin istifadə qaydaları, qış bağı, terras və eyvanların dekorativ bəzədilməsi və s. yer alır. "Parks&Gardens" jurnalı təbiət ilə harmoniyada yaşamaq istəyənlər üçün əyani vəsaitdir.
İlk nömrəsi 2014-cü ilin mart ayında işıq üzü görən "Parks&Gardens" jurnalı Türkiyənin "Mega" mətbəəsində çap olunur. İldə 6 dəfə, 116 səhifə, 5000 tirajla nəşr olunur.
1. "Parks&Gardens" jurnalı tez-tez bitkilər haqqında praktik məşğələlər keçirir. Mövzusu "dağlaləsi" olan ilk master-klass Green’s Cafe-də baş tutub. Təlimçi qismində gülçü-ekspert Elşən Aslanov dağlaləsi haqqında qısa məlumatdan sonra, praktik olaraq onun çöl şəraitində və dibçəkdə əkilməsi qaydalarını göstərib. İlk dəfə keçirilməsinə baxmayaraq təlimə maraq çox olub. Ekspert iştirakçıların suallarını cavablandırıb, həm mövzu ilə bağlı, həm də digər bitkilər haqqında maraqlı müzakirələr aparılıb.[1]
2. İkinci təlim səhləblərin əkilməsi və qulluğu haqqında olub. Elşən Aslanov əvvəlcə qısa olaraq səhləbin tarixinə toxunub, sonra isə xəstə səhləbin köklərinin təmizlənərək yenidən əkilməsi praktiki olaraq təlim iştirakçılarına göstərilib. Sonda iştirakçılar arasında yarışma da keçirilib. Səhləblər haqqında hazırlanan suallara hamıdan tez və doğru cavab verən iştirakçılar Falenopsis və Simbidium səhləbləri qazanıblar.[2]
3. Meşənovruzununun (Siklamen) əkilməsi və qulluğu haqqında üçüncü təlim zamanı Elşən Aslanov əvvəlcə qısa olaraq tarixə nəzər salıb. Sonra isə meşənovruzu dibçəyinin dəyişdirilməsi praktiki olaraq təlim iştirakçılarına göstərilib. Daha sonra təlimçi iştirakçıları maraqlandıran sualları cavablandırıb, özləri ilə gətirdikləri siklamenlərə baxış keçirərək məsləhətlərini verib, həm mövzu ilə bağlı, həm də digər bitkilər haqqında maraqlı müzakirələr aparılıb.[3]
4. 5-6 sentyabr 2015-ci ildə onlarla uşaq Böyükşor bulvarında gül-çiçək əkib. Onlar "Təmiz Şəhər" ASC və "Parks&Gardens" jurnalının təşkil etdiyi "Gül kimi" aksiyasına qoşulmaqla həm vaxtlarını səmərəli keçirib, həm də təbiətə qulluq etməyi öyrəniblər. Mütəxəssislər 2 gün boyunca uşaqlara gül əkmək, ona qulluq etmək qaydalarını öyrədiblər. Çiçək ləkləri və bağ avadanlıqları ilə təchiz olunan uşaqlar bulvarda gül əkib və onları sulayıblar. Balacalar bundan sonra da istədikləri zaman Böyükşor bulvarına gedib həmin güllərə qulluq edə bilərlər. Aksiyanın keçirilməsində məqsəd insanlarda bitki əkmək, təbiəti qorumaq ona qulluq etmək mədəniyyətinin formalaşdırılmasıdır. Xüsusən, gələcəyimiz olan uşaqlarda ətraf mühitin qeydinə qalmaq, onu təmiz saxlamaq, tullantılarla zibilləməmək vərdişləri aşılanır.[4][5][6][7][8]