Pir Yaqub xanəgahı — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində Möminə xatın türbəsindən şimalda ziyarətgah.
Pir Yaqub xanəgahı | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Üslubu | Naxçıvan memarlıq məktəbi |
Vəziyyəti | fəaliyyət göstərir |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Pir Yaqub xanəgahı uzun müddət tədqiqatçıların diqqətindən kənarda qalmışdır. Haqqında ilkin məlumatları XX yüzilliyin 30-cu illərində rus alimi K.N. Smirnov vermişdir. O, qeyd etmişdir ki, Möminə Xatun türbəsinin yaxınlığında Pir Yaqubun qəbri vardır. Sitayiş yeri olan bu unudulmuş qəbir hansı isə bir dərvişə məxsusdur. Orta əsrlər zamanı Naxçıvan şəhərində fəaliyyət göstərən xanəgahlardan biri də bu xanəgah olmuşdur. Bəktaşiyyə Sufi cəmiyyətinə mənsub olan və rəhbəri Pir Yaqubun adı ilə Pir Yaqub xanəgahı adlanan bu sufi məskəni Naxçıvanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ancaq XIX yüzillikdən başlayaraq əksər sufi məskənləri kimi bu xanəgah da tənəzzül etmiş, zaman keçdikcə unudulmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xanəgah binası bərpa olunmuşdur.[1]
Binanın içərisində iki qəbir vardır. Qəbirlər səliqəli şəkildə düzəldilsə də, üzərində epiqrafik sənəd-kitabə olmadığı üçün onların mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Yerli əhalinin fikrincə bu qəbirlərdə dəfn olunanlar qardaş olmuşlar. Bina bərpa olunarkən onun üzərində Pir Əli və Mir Yaqub sözləri yazılmışdır. Görünür xanəgaha əvvəlcə "Pir" dərəcəsinə qədər yüksəlmiş Pir Əli rəhbərlik etmiş, o vəfat etdikdən sonra rəhbərlik qardaşı Pir Yaquba keçmişdir. Ehtimal ki, Pir Yaqubun döv ründə xanəgah daha da şöhrət qazanmış, bu səbəbdən də onun adı ilə adlanmışdır. Ancaq onun daşıdığı Pir titulu zaman keçdikcə təhrif olunaraq seyidlərə məxsus Mir titulu ilə əvəz olunmuşdur. Orta əsrlər zamanı xanəgah rəhbərləri olan şeyxlərin ailə üzvləri ilə birlikdə öz xanəgahlarında yaşaması və öldükdən sonra orada da dəfn olunması faktını əsas götürərək demək olar ki, binanın içərisindəki qəbirlərdə xanəgaha rəhbərlik etmiş Pir Əli və Pir Yaqub dəfn olunmuşlar. Sağlıqlarında qazandıqları hörmət və nüfuza görə bu sufi şeyxlərinin qəbri müridləri və yerli əhali tərəfindən ziyarətgaha çevrilmişdir. Sovet hakimiyyəti illərində, ateizm təbliğatının tüğyan etdiyi dövrlərdə ziyarətgahlara getmək yasaq olunsa da, xalq bu müqəddəs yeri unutmamış, gizli də olsa oranı ziyarət etmişlər.[2]