Pirqara ziyarətgahı — Şərur rayonunun Qarxun kəndində ziyarətgah.
Hazırda pirin ərazisi kənd sakinlərindən birinin həyətindədir. Böyük tut ağacının altında olan qəbirdə müsəlman müqəddəslərindən birinin dəfn olunduğu ehtimal edilir. Qəbrin olduğu ərazi metal torla əhatə olunmuşdur. Onun üzərində müxtəlif növlü çay daşları, o cümlədən bir neçə qara daş, gil qablar, parça qalıqları vardır. Qəbirin üzərində olan həvəng tipli daşın üzərində ziyarətçilər şam yandırırlar. Qəbrin baş tərəfində əkilən tut ağacı ziyarətçilər tərəfindən müqəddəs hesab edilir, ona müxtəlif rəngli parçalar bağlanır. Pirqara ziyarətgahını 14-16 əsrlərə aid etmək olar.[1]