Poçt yolları

Poçt yolları — Azərbaycanda tarixən daxili və xarici iqtisadi (xüsusil ticrət) və mədəni münasibətlərinin əlaqələndirilməsinə xidmət edən vasitələrdən biri.

Haqqında[redaktə | mənbəni redaktə et]

Ölkənin iqtisadi və mədəni həyat səviyyəsinin yüksəlməsində böyük rol oynayan poçt yolları təkcə ayrı-ayrı yaşayış məntəqələri arasındakı əlaqənin deyil, Azərbaycanın başqa ölkələrlə əlaqəsinin möhkəmlənməsində də müstəsna əhəmiyyətə malik olmuşdur.

Orta əsr ərəb coğrafiyaşünas-səyyahlarının (İbn Xirdadbeh, əl-İstəxri, İbn Havqəl, əl-Müqəddəsi və s.) məlumatlarına görə, IX əsrin ortalarından Azərbaycandan keçən mühüm yol qovşaqlarında 50-dən artıq poçt-gömrük məntəqəsi vardı. Yolçular atlarını bu məntəqələrdə dəyişir, poçt baratlarını bu və ya digər yerə aparan qasidlər burada təyin edilir, gömrükxanalar burada olurdu.

Tədqiqatlardan və etnoqrafik şahidlərdən aydın olur ki, qədim yolların əsasında salınması poçt yolları təkcə minik və yük heyvanları üçün yox, həm də təkərli nəqliyyat vasitəsinin hərəkəti üçün əlverişli idi.

Bakıdan Tiflisə doğru uzanan poçt yolu Şamaxıdan və Şirvan ərazisindən keçən yeganə magistral yolu olduğundan, Şirvan iqitsadiyyatın şah budağı hesab olunurdu. Yerli əlaqə yollarını, demək olar ki, hamısı, hətta təsərrüfat əhəmiyyətli xırda yolların çoxu həmin magistrala qovuşurdu. Ona görə də Şirvanı iqtisadi və mədəni həyatı üçün bu yolun müstəsna əhəmiyyəti vardı.

Bakı-Tiflis poçt yolu Azərbaycan ərazisini bütünlüklə kəsib keçərək Ağstafada iki qola haçalanırdı. Bu yolun bir qolu Dilican- İrəvan-Naxçıvan-Culfa vasitəsilə Təbriz və İranın içərilərinə, digər qolu isə Tiflisə, oradan da Aleksandropola və Qarsa gedirdi. Əhatə etdiyi ərazinin genişliyinə görə bu yolun inzibati, ticarət və hərbi-starteji cəhətdən xüsusi əhəmiyyəti vardı. Azərbaycan Qərb bölgəsini keçdikdən sonra “Dilican yolu” adlana bu yol XIX əsrin axırlarında Cənubi Qafqaz şose yolları arsında ən işlək yol idi. Tarixi məlumatlara görə, hər həftə bu yolla İrəvan və Aleksandropola, oradan da geriyə üç dəfə poçt aparılıb-gətirilirdi.

Azərbaycan ərazisindən keçən digər poçt yolu Yeni Bəyazitdən başlayaraq Göyçə gölünün cənub sahili boyunca Gəncəçay vadisi-Zurnabad-Yelizavetpol-Qarasaqqal-Samux pristavlığı-Eldar-Alazan-Həftəran vadisi-Sinqax qəzasına gedən yol idi. Mənbələrdən məlum olur ki, hələ XVII-XVIII əsrlərdə bu yol vasitəsilə Gəncə və Gürcüstan arasında ticarət əlaqələri olmuşdur.

XIX əsrin onilliklərində Bakıdan Tiflisə gedən əsas poçt yolu Şamaxı, Şəki və Sinqaxdan keçirdi. Digər poçt yolu Şamaxıdan Mingəçevirə keçərək Gəncə və Ağstafadan Tiflisə doğru idi.

XIX əsrdə Bakı-Salyan; Salyan-Lənkəran-Astara; Bakı-Quba-Yalama; Hacıqabul-Şamaxı; Şamaxı-Ağsu-Kürdəmir; Göyçay-Ucar; Yevlax-Şuşa-Gorus; Yevlax-Ağdam-Qarabulaq-Cəbrayıl və s. istiqamətlərə gedən poçt yolları mövcud olmuşdur. Şamaxıdan cənub-şərqə-Salyana gedən poçt yolu Hacıqabulda dəmiryolu ilə kəsişirdi.

Ölkənin iqtisadi və mədəni həyatında böyük rol oynayan poçt yollarının təkmilləşdirilməsi, arabaların hərəkəti üçün uyğunlaşdırılması, əsasən su maneələri üzərindən körpü salınması üçün XIX əsrin ikinci yarısında bəzi addımlar atıldı. Təkərli nəqliyyat vasitələri üçün nəzərdə tutulan Yevlax-Şuşa-Gorus-Naxçıvan-İrəvan yolunun tikintisinə 1870-ci ilin sonu-1871-ci ilin əvvəllərində başlandı. 1873-cü ilin əvvəllərinə qədər həmin yolun Zəngəzur qəzası sərhədində-Həkəri çayına qədər olan 13, 5 verstlik hissəsi işə salındı və burada 2 daş körpü tikildi. 1883-cü ildən sonra yol tikintisinə yenidən başlandı və 1886-cı ilin martında Şuşa və Gorus arasıda poçt yolu açıldı. Bu, Şuşa-Naxçıvan yolunun bir hissəsi idi. Naxçıvandan İrəvana və Tiflisə qədər uzanan digər quru yolun tam tikintisi yalnız XIX əsrin 90-cı illərinin əvvəllərində başa çatdırıldı. Azərbaycanın cənub-qərb bölgələrinin Mərkəzi Rusiya və İranla ticarət-iqtisadi əlaqələrinin möhkəmləndirilməsində bu yolun mühüm əhəmiyyəti olmuşdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Q.Ə.Əliyev. Cənubi Qafqazda quru yolların inkişafı (XIX əsrin sonu - XX əsrin ilk onillikləri). - Bakı Universitetinin Xəbərləri. Humanitar elmlər seriyası, 2003, №1, s.126-127.
  • F.İ.Vəliyev. XIX əsrdə Azərbaycanın qərb zonasında кöç və köç yolları haqqında. – Azərb. SSR EA Xəbərləri (tarix, fəlsəfə və hüquq seriyası), 1989,№2, cəh.76-82.
  • İlyas Babayev. "Böyük İpək Yolu və Azərbaycan". – “İpək Yolu” jurnalı В., 1997, №1-2, s.18.
  • Azərbaycan etnoqrafiyası. Üç cilddə. II cild. Bakı,1997.
  • Q.Ə.Əliyev. Azərbaycan nəqliyyatı və iqtisadiyyatı. Bakı, 2001,
  • М.Н.Герсеванов. Сеть главнейших дорог Закавказского края, - ССК, Тифлис, 1871, т.1, с.18.
  • А.К.Алекперов. Исследования по археологии и этнографии Азербайджана. Баку, 1960, с. 135.
  • А.Д. Ерицов. Исторический очерк торговых путей сообщений в древнем Закавказье. - ССК, т.1„ Тифлис, 1871, с.53.
  • Т.М.Керимов. Народные транспортные средства Азербайджана XIX -начале XX вв. (историко-этнографическое исследование), Баку, 2004, с.82-83.
  • Г.Абдуллаев. Азербайджан в XVIII в. и его взаимоотношения с Россией. Баку, 1965, с.302.