Bu adın digər istifadə formaları üçün bax: Porfiri.
Porfiri (yun.Πορφύριος) — VI əsrdə Konstantinopol yaxınlığındakı sularda gəmilərə hücum edən və onları batıran böyük balina. Əlli ildən çox fəaliyyət göstərən Porfiri Bizans dənizçilərinin böyük narahatlığına səbəb olmuşdu. İmperator I Yustinian (hak. 527–565) onu ələ keçirməyi vacib məsələyə çevirmişdi, lakin bunun üçün bir yol tapa bilməmişdi. Porfiri sonda Qara dənizin ağzına yaxın sahilə çıxan zaman yerli əhali tərəfindən hücuma məruz qalmış, ardınca onlar tərəfindən parçalanmışdır.
Balinaya Porfiri adını Bizans dənizçiləri tərəfindən verilmişdir.[1] Adın mənşəyi qeyri-müəyyəndir.[2] Bu ad haqqında ümumi fərziyyələr arasında onun dövrün arabaçısı Porfiridən[2][3] və ya Yunanıstan mifologiyasının tanrılarına qarşı müharibə aparan mifoloji nəhəng Porfiriondan[2] götürülməsi var.
1996-cı ildə Ceyms Allan Stüart Evans bu adın balinanın dəri rəngi ilə əlaqəli olduğunu irəli sürmüşdü.[4] "Porfira" yunan dilində "tünd bənövşəyi" deməkdir və Porfirinin tünd şərab rəngli dərisi ola biləcəyi haqqında iddialar var.[5] Bu, 2002-ci ildə Con Papadopulos və Debora Rasçillo tərəfindən də dəstəklənmişdi. Onlar adın sadəcə "bənövşəyi" mənasını verdiyini düşünürdülər.[6]