Poxoraulebi kilsəsi — Abidə Telavi şəhərindən şimalda, Alazan çayının sağ sahilində, Kurdqelauri kəndinin qərb kənarındakı Poxoraulebi adlı ərazidə yerləşmişdir. Burada bazilika üslubunda inşa edilmiş 4 məbədin qalıqları qeydə alınmış, bunlardan Patara Eklesia, yəni "kiçik kilsə" adlandırılan məbəddə arxeoloji tədqiqatlar aparılmışdır. Kilsələrin ətrafında yaşayış yerinin izlərini aşkar etmək mümkün olmamışdır. Arxeoloji qazıntılara qədər konxalar istisna olunmaqla məbədin digər hissələri tamamilə torpağın altında olmuşdur. Məbəd çay daşlarından inşa edilmişdir. Bu zaman divarların aşağı hissəsinin hörgüsündə daha iri ölçülü daşlardan istifadə olunmuşdur. Güman edildiyinə görə, məbədin üstü kirəmitlə örtülmüşdür.[1]
Poxoraulebi kilsəsi | |
---|---|
Ölkə | Gürcüstan Respublikası |
Şəhər | Telavi |
Yerləşir | Kurdqelauri |
Aidiyyatı | Alban kilsəsi |
Tikilmə tarixi | VI-XI |
Üç zallı kilsələr Kaxetiya ərazisində VI əsrin ortalarından başlayaraq Х-ХI əsrlərədək inşa edilmişdir. Poxoraulebi məbədində pastoforilərin və dəhlizin inşa edilməməsi kimi arxaik əlaməti nəzərə alan Ts. N. Çikoidze həmin məbədi üç zallı kilsələrin erkən qrupuna, konkret olaraq VI əsrin ortalarına aid etmişdir. Üç zallı kilsələrin Cənubi Qafqazda diofizit təriqətinin yayıldığı bölgələr üçün xarakterikliyini və Alban kilsəsinin VI əsrin ortaları — VII əsrdə diofizit məzhəbli olmasını nəzərə alaraq, M. C. Xəlilovun fikrincə, Poxoraulebi məbədini həmin dövrə aid etmək olar.[1][2]
Bu abidədə arxeoloji qazıntı işlərini aparmış Ts. N. Çikoidze onu üç kilsəli bazilika tipli xristian məbədləri sırasına aid etmişdir.[1] Ereti ərazisində üç kilsəli bazilika Velis-tsixe və digər yerlərdə də qeydə alınmışdır.[3] Vahid kompleks təşkil edən və eyni zamanda inşa edilmiş üç zal bir-birindən divarla ayrılmışdır. Orta zal yan zallardan daha enli və ucadır. Hər üç zal şərqdə nal formalı apsidalarla tamamlanır. Zalların hərəsində bir pəncərə vardır. Orta zaldakı pəncərənin hər yanında, aşağıda bir taxça vardır. Yan zallarda döşəmə qorunub saxlanılmamışdır. Orta zalda mehrab apsidasının döşəməsi zalın döşəməsindən 20 sm hündürdə yerləşmiş və əhəng məhlulu ilə suvanmışdır. Arxeoloji qazıntılar nəticəsində mehrab apsidasından 40 sm dərinlikdə daha erkən ikinci döşəmənin izləri aşkar olunmuşdur. Yan zallar şimalda və cənubda tağlı iki qapıya malikdirlər. Bu zalların qərb divarlarında da əvvəlcə qapı olmuş, sonra həmin giriş yerləri bağlanmışdır. Yan zalların hər birindən orta zala bir enli qapı açılır. Hər iki giriş qarşı-qarşıya olub, simmetrik yerləşmişdir.[2]
Məbədin divarlarının yanında iki tipə aid saxsı karnizlər aşkar olmuşdur. İkinci tip karnizlərin bəzilərinin üstündə orta əsr gürcü yazısı qeydə alınmışdır. Bu yazı gürcü mütəxəssislərinin bir qrupu tərəfindən IX–X əsrlərə, digərləri tərəfindən isə ən tezi ХII əsrin sonuna aid olunur.[1] Qazıntı sahələrində üzə çıxarılmış arxeoloji materialların müqayisəli təhlili nəticəsində məlum olmuşdur ki, saxsı karnizlər ən geci ХI-ХII əsrlərdə istehsal oluna bilərdi, lakin nədənsə, Ts. N. Çikoidze bu karnizlərdən IX–X əsrlərdə məbədin təmir işlərində istifadə olunduğunu düşünür.[1] M. C. Xəlilovun fikrincə, karnizlərin istehsal dövrünü nəzərə almaqla təsdiq etmək olar ki, məbəddə təmir işləri məhz XI–XII əsrlərdə aparıla bilərdi. Bu işlərin gedişində məbədin döşəməsi və karnizləri yenilənmiş, yan zalların qərb divarındakı girişləri bağlanmışdır. Beləliklə, gürcü yazıları da kanizlərlə eyni dövrə, yəni XI–XII əsrlərə aid edilməlidir. Başqa cür ola da bilməzdi. Belə ki, bu məbədin yerləşdiyi ərazi X əsrin sonuna kimi Albaniya dövlətinə məxsus olmuşdur. Bu dövrdə alban məbədində gürcü yazısı ola bilməzdi.[2]