Probka ağacı

Probka- probka "yetişdirən" ağacın qabığından alınır. Bu ağaca Portuqaliya, İspaniya, Əlcəzair, Tunis, Fransa, İtaliya və s. ölkələrdə rast gəlmək olar. Təbii probka ağacı Qurcus-suber, yaxud probka palıdı da adlanır. Probka palıdının diametri 1 metr, hündürlüyü isə 20 metrə çatır. Probka ağacının soyulmuş qabığı tədricən tamamilə bərpa olunur ki, bu da yalnız bu ağaca xas olan unikal xüsusiyyətdir. Probka palıdının qabığı tam təbii polimerdir. Qabıq içərisi hava ilə dolu kapsula toplusunu xatırladır. Ona görə də fiziki təsirə və təzyiqə məruz qaldıqda tamamilə əvvəlki formasına qayıda bilir. Probka suyun təsirindən xassələrini dəyişmir, suda batmır, çox elastiki və möhkəmdir,oda davamlıdır. Probka ağacının qabığı iki qatdan ibarətdir.Birinci üst qat vaxtı çatanda qopur. Üst qabığı - ilk məhsulu yiğmaq üçün ən azı 15-20 il keçməlidir. Lakin üst qatın keyfiyyəti nisbətən aşağı olur və ondan aqlomerat kimi istifadə olunur. Qabığın növbəti layları 9-13 il keçdikdən sonra "yetişir" və texniki baxımdan tam yaralı məhsul yalnız 27-32 il müddətində yetişir. Probka palıdı yaşlandıqca onun keyfiyyəti daha yaxşı olur. Orta hesabla probka palıdı 200 il yaşayır və "cavanlıq"dövrü 50 ildən 100 ilə kimidir. Qeyd edildiyi kimi probka ağac qabığıdır, təbii məhsuldur.Onun toxumalarının 50% həcmini hava təşkil edir və toxumaların divarları hava və su buraxmır.

Probka ağacı qabığının tətbiq sahələri çox genişdir. Bizim eramizdan əvvəl qədim Misirdə ondan yalnız balıq torları üçün üzgəclərin hazırlanmasında istifadə edilirdi. Həmçinin probkadan eramızdan min il əvvəl Roma və Yunanıstanda çaxır qablarının, digər içki və s. tökmək üçün istifadə edilən ikiqulplu, boğazı dar qabların ağzını bağlamaq üçün tıxac kimi istifadə edilməyə başlanmışdır. Həmçinin bu material ayaqqabı üçün altlıqdan tutmuş "Apollon" kosmik gəmisində termiki izolyasiya materialı kimi tətbiq edilmişdir. Hazırda probka palıdının qabığından vibrasiyanı azaldan aralıq qat hazırlanmasında istifadə edilir ki, bu da nəticədə maşın və dəzgahların istismar müddətini uzatmış olur. Bundan əlavə ondan döşəmə və tavanın, qapıların, mənzil və binaların , soyuducuların və soyuducu kameraların , ötürücü kəmərlərin termiki izolyasiyasında, zalların akustikasını yaxşılaşdıran material kimi və s. istifadə edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

1. M.C.İbrahimova, "Qara probka aqlomeratı", Elm dünyası, № 1-2(15)2017, səh. 52