Pyer Brasso

Piter ("Pyer Brasso") 1964-cü ildə.

Pyer Brasso (fr. Pierre Brassau) – 1964-cü ildə "Göteborgs-Tidningen" bulvar qəzetinin isveçli jurnalisti Eke "Daku" Akselson tərəfindən təşkil olunmuş mistifikasiyada rol oynamış şimpanze. Akselson bir şimpanzenin çəkdiyi rəsmləri əvvəllər tanınmayan fransız rəssam "Pyer Brasso"nun adı ilə nümayiş etdirmək və beləcə də, tənqidçilərin əsl avanqard incəsənəti ilə şimpanzenin rəsmləri arasındakı fərqi deyə bilib-bilməyəcəkləri test etmək istəmişdir.[1]

"Pyer Brasso" əslində 4 yaşlı adi şimpanze idi. Buros zooparkından idi və əsl adı Piter idi.[2] Akselson şimpanzenin 17 yaşlı baxıcısını Piterə fırça və boya verməyə razı sala bilmişdi. Bundan sonra Piter bir neçə əsər yaratmışdır. Akselson onlardan ən yaxşı 4-nü seçmiş və onların Höteborq şəhərindəki Kristina qalereyasından sərgilənməsini təmin etmişdir.[1] "Bunu ancaq şimpanze çəkə bilər" deyən bir tənqidçi istisna olmaqla, tənqidçilərin çoxu əsərləri tərifləmişdirlər.[1] "Göteborgs-Posten" qəzetindən Rolf Anderberq yazmışdır: "Brasso güclü fırça toxunuşları ilə, lakin aydın qətiyyətlə çəkir. Onun fırça toxunuşları şiddətli tələbkarlıqla hərəkət edir. Pyer balet ifaçısı zərifliyi ilə performans sərgiləyən bir sənətkardır".[1][3][4]

Mistifikasiya üzə çıxandan sonra da belə Rolf onun əsərlərinin "sərgidəki ən yaxşı əsərlər" olduğunu bildirmişdir. Şəxsi kolleksiyaçılardan biri onun bir əsərini 90 dollara (2017-ci ilin kursu ilə 710 dollar) almışdır.[1][3][4]

Piter 1969-cu ildə Çester zooparkına transfer olunmuşdur.[1]

  1. 1 2 3 4 5 6 "Pierre Brassau, Monkey Artist". The Museum of Hoaxes. 2018-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
  2. "Zoo Story". Time. February 1964. 2019-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
  3. 1 2 "Avantgarde artist Pierre Brassau". ecclesiastes911.net. 2018-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 aprel 2018.
  4. 1 2 Lemarquis, Pierre. Portrait du cerveau en artiste (fransız). Paris: Odile Jacob. 2012. səh. 69. ISBN 978-2-7381-7850-3. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]