Qıcqırma

Qıcqırma - enerjinin qida məhsullarından alınmasının ən ibtidai üsuludur. Bir çox orqanizmlər (maya göbələkləri, bakteriyalar) enerjini qıcqırma nəticəsində alırlar. Qıcqırma - ATP-nin generasiyası prosesidir ki, burada üzvi birləşmələr elektronların donorları və akseptorları kimi fəaliyyət göstərirlər. Bu proses O2 olmadıqda da baş verə bilər. Bu kəşf Lui Paster tərəfindən 1860-cı ildə edilmişdir ki, qıcıqırma özbaşına gedən proses deyildir, canlı hüceyrələrin havasız şəraitdə həyat fəaliyyətinin nəticəsidir. 1897-ci ildə Hans və Eduard Buxnerlər ilk dəfə olaraq göstərmişlər ki, qıcqırma canlı hüceyrələr xaricində də baş verə bilər. Bu işlər qıcqırma prosesi haqda vitalist nəzəriyyəni rədd etdi. Müasir zamanda fərz edirlər ki, əgər təcrübə aparan şəxs reaksiyanı kataliz edən fermenti (və ya fermentlər sistemi) ayıra bilərək onun təsiri üçün optimal şərait yarada bilərsə, kimyəvi reaksiyanı orqanizm xaricində də həyata keçirmək olar. Aşkar olunmuşdur ki, müxtəlif qıcqırmalar bir çox mərhələlərdə qlikolizlə eynidir. Qlikolizin son məhsullarından biri olan piroüzüm turşusu (PÜT) qlükozanın aerob parçalanması və müxtəlif qıcqırmalar üçün ilkin birləşmədir. Aerob orqanizimlərdə qlikoliz, qlükozanın CO2 və suya qədər tam aerob parçalanmasının yalnız birinci mərhələsini təşkil edir. Qıcqırmaların və qlükozanın anaerob parçalanmasının aerob parçalanmasından prinsipial fərqi ondan ibarətdir ki, qıcqırma zamanı son oksidləşdiricinin- elektronların və hidrogen akseptoru rolunu oksigen deyil, hər hansı bir üzvi birləşmə yerinə yetirir. Qıcqırma və karbohidratların anaerob parçalanması- daxili oksidləşmə reduksiya prosesləridir ki, bunların nəticəsində enerji ehtiyatının toplanması (ATP şəklində) baş verir, həm də oksidləşmiş NAD+ regenerasiya olunur ki, bu da qlikolizin və qıcqırmanın davam etməsi üçün mütləq vacibdir, çünki hüceyrələrdə NAD+ -ın miqdarı məhduddur. Müxtəlif qıcqırmalar zamanı bu qıcqırmanı əmələ gətirən orqanizimlərə xas olan müxtəlif məhsullar əmələ gəlir. Qlükozanın süd turşusuna yox, spirtə və CO2 –yə qədər qıcqırdan pivə mayaları kimi orqanizmlər üçün sonuncu mərhələdən başqa bütünlüklə qlikolizlərə uyğun olan qıcqırma prosesi səciyyəvidir. Spirtə qıcqırma zamanı bu mərhələ müvafiq olaraq piruvatdekarboksilaza və alkoholdehidrogenaza ilə kataliz olunan iki fermentativ reaksiya ilə həyata keçir. Maya hüceyrələrində (spirt qıcqırma zamanı) qiroüzüm turşusu əvvəlcə dekarboksilləşməyə məruz qalır və nəticədə sirkə aldehidi əmələ gəlir.

=Mənbə[redaktə | mənbəni redaktə et]

S.F. Qarayev, P.Ş. Məmmədova, A. Q.Həbibova. "Biokimyanın əsasları" Bakı. Təfəkkür 2002. 359 s.