Qırmızı qabarma — Okeanların dərin sulu rayonlarından qidalı maddələrlə zəngin olan sular sahil boyu zonalarda səthə qalxır, burada bioloji məhsuldarlığı xeyli yüksəkdir.Lakin bəzən əlverişli yaşayış sahələrində problemlər yaranır. Qidalanma həlqəsində nizamlanan iş prosesində adətən gözlə görülməyən qırılmalar, yaşayış mühiti üçün fəlakətli nəticələr baş verir. Qırmızı yosunların sayının kəskin artması ətrafda olan bütün canlıların zəhərlənməsinə, dəniz suyunun qan rənginə boyanmasına gətirib çıxarır. Okeanologiyada belə hadisəyə xüsusi ad verilmişdir və "qırmızı qabarma " adlanır. Bu hadisənin baş verməsi aşağıdakı formada olur. Sahil zonalarında kifayət qədər qida olduğuna görə xüsusi yosun növü olan dinoflagellyatlar sürətlə çoxalmağa başlayır.Onların sayı o qədər sürətlə artır ki, qidalanma zəncirinin digər həlqələri onları yeyib qurtara bilmir. Dinoflagellyatların sayı artdıqca bir-birinə söykənərək hər biri daha çox yuxarı qalxıb günəş işığına tərəf inkişaf edir. Nəticədə sularda onların toplanması kifayət qədər yüksək olur. Bütün sahil zonalarında olan sular qırmızı və ya qəhvəyi rəng alır. Bəzən dinoflagellyatlar suya zərərli maddələr buraxır, orada balıqlar və digər heyvanların ölümünə səbəb olur.Bu isə öz növbəsində hidrogen-sulfidin H2S (xarab olmuş yumurta iyində) həddən çox artmasına gətirib çıxarır. Bu maddə sahilboyu şəhərlərdə binaların qaralmasına da səbəb olur[1].