Qırmızı və qara (fr. Le Rouge et le Noir) - Stendalın 1830-cu ildə yazdığı roman. Əsərin tam adı belədir: Qırmızı və qara: XIX əsrin xronikası. Romanın əsas qəhrəmanı Julien Soreldir. Bu gənc həyatda nailiyyət əldə etmək istəyir. İki rəng qara-keşişlik və qırmızı-zabitlik onun həyatında mühüm əhəmiyyətə malikdir.
Qırmızı və qara | |
---|---|
Le Rouge et le Noir | |
Janr | Roman |
Müəllif | Stendal |
Orijinal dili | Fransız dili |
Yazılma ili | 1830 |
Nəşr ili | noyabr 1830 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Gənc Julien Sorel şöhrətpərəst və napoleon dövrü ilə bağlı kitablar oxuyur. Bir gün Mayor de Renal ona uşaqlarının müəllimi olmağı təklif edir. Bundan sonra Julienlə mayorun arvadı madam de Renal arasında yaxınlaşma baş verir. Mayor uzun müddət bunu başa düşmür. Lakin mayor buna qəti əmin olduqda Julien işdən çıxır. Sonra o oxumaq qərarına gəlir. Lakin bu da gənc Julien üçün uğurlu olmur. Müəlliminin köməyi ilə Julien katib olaraq işə girir. Matildayla olan məhəbbət macərasından sonra buranı da tərk etməli olur və madam de Renalın yanına qayıdır. Matilda onun dalınca gəlir. Əsərin sonunda Julien edam olunur.
Jülyen Sorel cəsarət, əzmkarlıq kimi yüksək keyfiyyətlərə malik olsa belə məhvə məhkumdur. Çünki onun hədəfi yalnız maddi dünyaya hesablanıb. Bax, buna görə də Jülyenin ölümü qaçılmazdır. O, ölməli idi. Onun sonu eşafot idi. Yalnız maddiyyata qaçan adam gec-tez məğlub olmalıdır! İl 1827. Qrenobl şəhər məhkəməsi böyük qalmaqal yaratmış cinayət işini aparır. Antuan Berte adlı cavan oğlan törətdiyi qətli inkar etmir. Kənd dəmirçisinin oğlu olan Berte dini təhsil alıb. 19 yaşı olanda Mişa de Latur adlı varlı bir adamın övladlarına mürəbbelik eləməyə başlayır. Mişu sənayeçi idi, xanımının isə 36 yaşı vardı. Antuanla xanım Mişu arasında nə baş verib, bu dəqiq bilinmir. Amma bir müddət sonra Antuan cənab Mişunun evindən uzaqlaşır. Bundan sonra Antuanın rahib onu seminariyaya düzəldir. Amma gənc adam bir müddət sonra seminariyadan xaric edilir. Bir il sonra o artistokrat Kordon ailəsinə işə düzəlir. İki il sonra Berte ordan da qovulur. Məlum olur ki, Antuan Kordonların gənc qızı ilə sevgili imiş. İşsiz qalan Antuan öyrənir ki, onun Kordonlardan uzaqlaşdırılması xanım Mişunun vasitəsilə baş verib. Onda Antuan Mişudan qisas almaq qərarına gəlir. O, xanım Mişunun yaşadığı şəhərə gəlib kilsə ayini vaxtı ona atəş açır. Daha sonra isə özünü vurur. Amma nə xanım Mişu ölür, nə də Antuan. Antuan edam edilir. Ətraflı yazdığımız bu məhkəmə işi Fransanın bütün qəzet səhifələrində əks olunur. Fransız yazıçı, eyni dövrdə yaşadığı Hüqo və Balzakdan olduqca az tanınan, böyüklüyü yalnız ölümündən neçə il sonra təsdiqlənəcək Stendal qəzetlərin birində bu məhkəmə işini oxuyur. Üç il sonra isə “Qırmızı və qara” adlı roman yazılır. Roman daha çox yazıçının ölümündən sonra məşhurlaşır və bununla psixoloji romanın əsası qoyulur. Gördüyümüz kimi adi bir qəzet xəbəri də böyük bir romanın əsasını təşkil edə bilər. Ona görə də bədii əsər yazanda alleqoriyaya, mücərrədliyə qaçmağa nə hacət? Məgər ətrаfımız bu cür kriminal hadisələrlə dolu deyilmi? Elə bunları roman etmək olmazmı? Əlbəttə nə yazmaqla yanaşı, necə yazmaq da olduqca vacibdir. Elə əsl problem də bunda yaranır. Stendalın romanı təkcə məhkəmə işinin genişləndirilmiş variantı deyildi. Heç əsərdə sevgi də əsas rol oynamırdı. Əsər həqiqətdə Napoleon aşiqi olan bir yazıçının ona məhəbbətindən doğmuşdu. Stendal “Qırmızı və qara” ilə Napoleon sonrakı dövrə öz münasibətini bildirmək istəyirdi. Əsərin qəhrəmanı Jülyen Sorel də nahaq yerə Napoleonu özünə kumir seçmir. Böyük sərkərdənin hərb və siyasətdə əldə etdiyi uğurları o öz şəxsi həyatında əldə edir, qarşısına qoyduğu məqsədə çatmağa can atır. Bunun üçün istedadından lazımınca faydalanır, gecə-gündüz mütaliə edir. Hətta evində yaşadığı qrafın sınaqlarından uğurla keçir, onun verdiyi casus tapşırıqlarını məharətlə yerinə yetirir. Sorel də Napoleon kimi də öz təşəxxüsünün qurbanına çevrilir, ani ağılsızlıq və bütün həyatı məhv olur. “Qırmızı və qara” tarixdən xəbərsiz oxucu üçün çox çətin sayıla bilən əsərdir. Əsərdə xristian məzhəbləri arasında baş verən davalar açıq şəkildə göstərilir. Tarixi məlumatı olmayan oxucu üçün isə bunları dərk etmək çox çətindi. Yazıçı 1827-ci ildə baş vermiş hadisəni nisbətən daha əvvələ Napoleondan sonrakı dövrə proyeksiya edir və dövrün mənzərəsini yaradır. Gənclik illərində Napoleon ordusunda xidmət etmiş Stendal ömrünün sonuna qədər öz imperatoruna sadiq qaldı. Qadın xəyanəti mövzusu ədəbiyyatda ən geniş işlənmiş mövzulardandır. Bir çox yazıçılar bu mövzuya müraciət ediblər. Elə təkcə Qustav Floberin “Xanım Bovari”sini, Lev Tolstoyun “Anna Karenina”sını yada salmaq kifayətdir. Əgər “Qırmızı və qara”dan sonra yazılan romanlardan əsərin baş qəhrəmanı qadındırsa burda əksinə baş qəhrəman kişidir, özü də aldadılan tərəf yox, məhz aldadan tərəf, oynaş tərəfdir. Sorel öz inadkarlığı və əzmkarlığı ilə sosial pillədə yüksəlməyə çalışır. Onun ilk hədəfi isə xanım de Renaldır. Üç uşaqlı, yetkin xanım de Renalın qəlbini çalmaq bu qədər asandırmı? Bu təkəbbürlü aristokrat xanımın qəlbini fəth etmək bəlkə də mümkünsüzdür, amma Jülyen bunu bacarır. Yazıçı Jülyenin de Renala münasibətində sevgini çox qabartmır, Jülyenin sevgisi məqsədlidir, amma hadisələrə inkişaf etdikcə biz görürük ki, Jülyen də həyatda sevdiyi tək insanın xanım de Renal olduğunu dərk edir. Gəlin əvvəlcə Jülyenin uşaqlıq portretini cızmağa çalışaq. O, kəndli ailəsində doğulub. Yoxsul bir ailədə. Uşaqlıqdan kənd rahibinin yanında din dərsləri alan Jülyen ailənin təhsili olan yeganə üzvüdür. Amma buna görə o ailədə hörmət görmək yerinə tənqid hədəfinə çevrilir, təhqir olunur, aşağılanır. Elə atası da oğlunun şəhər merinin evində qevernyor olacağını eşidəndə daha çox onun qazancı ilə maraqlanır. Belə bir ailə mühitindən çıxmış Jülyenin cənab de Renalın evində özünə isti ocaq tapması olduqca məntiqli idi. Bundan başqa xanım de Renalın ilk gündən ona qayğı ilə yanaşması, hətta onu öz oğlu yerində görməsi təbii ki, Jülyendə bu ailəyə qarşı doğmalıq yaradırdı. Anı nəvazişi, qayğısı axtaran Jülyen üçün xanım de Renala aşiq olmaq tamamilə məntiqli idi. Qəlbi Napoleon olmaq eşqi ilə döyünən Jülyen kübar cəmiyyətdə tanınmaq naminə, yüksək ad-san naminə hər cür hiyləgərliyə, fırıldağa hazır olsa belə onun xanım de Renala münasibətində hərdən səmimilik hiss edirik. Jülyen hətta ölüm ayağında olanda belə yalnız onu görməyə can atır, onun qayğısını arzulayır, başını onun dizinə qoyub yatmaq istəyir. Bəs xanım de Renal necə? Onun Jülyenə sevgisi həqiqi idimi? Xanım de Renal Jülyenin ona qarşı “abırsız” rəftarını gördükdə əvvəlcə xoflansa da sonradan ona meyli artır, 30 yaşlı, üç uşaq anasının Jülyenə hissləri qarşısıalınmaz məhəbbətə çevrilir. Jülyen həbsdə olanda onun yanına gələn xanım de Renal deyir: “Mənə səni görmək bəs edir ki, ailə borcu hissimi itirim. Sənə olan münasibətim ancaq sevgidən ibarətdir, hətta “sevgi” sözü də olduqca zəif səslənir. Mənim sənə olan hissim elədir ki, belə yalnız allahı sevə bilərəm.” (Tərcümə: M.A.) O, hətta Jülyenin Parisə gedəcəyini eşitdikdə son dəfə öz yataq otağında saxlamaqdan çəkinmir. Jülyen onu kilsədə öldürməyə qalxsa belə ona qarşı sevgisi azalmır. Bu sevgi o qədər güclüdür ki, o Jülyen öləndən sonra cəmi üçcə gün yaşaya bilir. Bununla belə xanım de Renal öz davranışından xəcalət çəkir. Kilsə qarşısında tövbə edir. O, öz əxlaqsız davranışına haqq qazandırmır, öz cəzasını almağa könüllü surətdə razıdır. Aristokrat ailədən çıxmış 19 yaşlı Matildə öz nəsli haqqında cəngavər əfsanəərinin eşqi ilə aşıb-daşır. Özünü o əfsanəvi orta əsrlərdə təsəvvür edir. Benfisiya de la Moll və Navarralı Marqarita haqqında əfsanə onu ruhlandırır. Eynən onların məhəbbəti kimi alovlu məhəbbət yaşamaq istəyir. Bunun üçün isə o yalnız yoxsul təbəqədən çıxmış bir adamı sevə bilərdi. Düzdür, bu ona baha başa gəlir, yoxsul təbəqədən olan insanı sevdiyinə görə dəfələrlə əzab çəkir, ondan üz çevirir. Bununla belə yenidən özündə təpər tapır və təhlükəli yolda sona qədər addımlayır, Jülyendən hamilə qalır. Yalnız bu şəkildə o qurduğu xəyallar dünyasının sakini ola, eqosunu sakitləşdirə bilərdi. Yazıçı Matildanın timsalında qadın dünyasının sirlərini faş edir. Napoleonu sevən Jülyen nə edir? Napoleon kimi geyinib, onun kimi davranmağa çalışırmı? Əlbəttə yox. O, sadəcə özünə Napoleon əzmkarlığı aşılayır. Matilda isə əksinə eynən əcdadlarının yaşadığı bir hadisəni təkrarlamağa çalışır. Yəni qadınlar formanın, kişilər mənanın dalınca qaçırlar. Yüzlərlə qız toy gecəsi yataqlarının qızıl gül ləçəkləri içində itib batmasını istəmirlərmi? Yüzlərlə qız bu yaxında bizim şəhərdə olduğu kimi küçədə gedərkən qarşısına bir oğlanın keçib diz çökərək “Mənimlə evlənərsənmi?” deməsini istəmirmi? Matilda bu qəlblərdən, standartlardan çıxa bilmir. Matilda onu sevməyən Jülyeni son ana qədər tərk etmir. Bunun isə yalnız bir səbəbi var. O özünün əzabları ilə, sevdiyi oğlan və cəmiyyət qarşısındakı rüsvayçılığından həzz alır. Eynən əcdadı kimi sevgilisinin kəsilmiş başını qaçırıb alnından öpür, onu mağarada dəfn edir. Onun üçün ayin həyata keçirir. “Qırmızı və qara” Russo, Volter ənənələrinin zəfəri idi. Stendalın yaratdığı qəhrəman yepiskop olmaq istəsə belə o Allaha inanmır, kilsəyə nifrət edir. O, sadəcə elm öyrənməyin başqa yolu olmadığı üçün kilsədədir. Jülyen hətta elmə qarşı da səmimi deyil. Onun üçün elm yalnız kübar cəmiyyətdə yüksəlməyin bir yoludur. Jülyen Sorel cəzarət, əzmkarlıq kimi yüksək keyfiyyətlərə malik olsa belə məhvə məhkumdur. Çünki onun hədəfi yalnız maddi dünyaya hesablanıb. Bax, buna görə də Jülyenin ölümü qaçılmazdır. O, ölməli idi. Onun sonu eşafot idi. Yalnız maddiyyata qaçan adam gec-tez məğlub olmalıdır! Yox, əgər edam olunmasaydı, maddi dünyanın triumfları ilə dolu həyatını yaşayıb qoca çağında ölümlə üz-üzə gəlsəydi, onda necə olardı? Bax bu zaman ədəbiyyata vahid bir orqanizm, vahid mətn kimi baxmaq lazımdır. O zaman onun sonu İvan İliç sonluğu olacaqdı. Sorel ömrünün sonunda qət elədiyi bu həyatın nə qədər fani olacağını dərk edəcəkdi. Bax, bu əzab eşafot ağrısından da şiddətli olacaqdı1