Qızlar qalası (fars. قلعهدختر) — İranın Şərqi Azərbaycan ostanında, Marağa şəhərinin 20 km cənub-şərqində Göy dağları dərəsinin cənubunda, Qaranaz kəndi ilə Leyli dağının arasında yerləşən tarixi abidə. Qızlar qalası 2003-cü ildə Miras-ı Fərhəngi tərəfindən 10205 nömrəsi ilə milli əsərlər siyahına qeydə alınıb.[2]
Qızlar qalası | |
---|---|
(fars. قلعهدختر) | |
Ölkə | |
Şəhər | Marağa |
Rayon | Şərqi Azərbaycan ostanı |
Yerləşir | Marağa şəhərinin 20 km cənub-şərqində Göy dağları dərəsinin cənubunda, Qaranaz kəndi ilə Leyli dağının arasında |
Uzunluğu | 1800 m |
Qalanın inşa tarixi Marağa Mədəniyyət İdarəsi tərəfindən verilən məlumata əsasən Manna və Urartu dövrünə qədər gedib çıxır. Bəzi tarixçilərin fikrincə qala Sasani və Parfiya dövlətlərinin hakimiyyəti dönəmində də istifadə edilmişdir. Rus tarixçi Minorski qala barədə öz qeydlərində yazır ki, bu qala XII əsrin əvvəllərində Əhməd Yellilər ailəsindən olan bir qadın tərəfindən idarə olunub. Daha sonra Səfəvi hökmdarı I Şah Abbas dövründə Qubad xan Şeyx Heydərin oğlu Gavdul bu qalada yaşayırmış. İsgəndər bəy Münşi yazır ki, Səfəvilər dövründə qaladan Gavdul qalası kimi bəhs olunurdu. I Şah Abbasın hakimiyyəti zamanı qalanın ətrafında karvansaraylar tikilmişdi, lakin zaman keçdikcə bu binalar zərər görüb. Bu bölgədə yaşayan insanların verdiyi məlumatlara görə əvvəllər qalanın bir burcu və bir qapısı da varimiş. Qızlar qalası 2003-cü ildə Miras-ı Fərhəngi tərəfindən 10205 nömrəsi ilə milli əsərlər siyahısına qeydə alınıb.
Tədqiqatlar zamanı qalaya aid heç bir kitabə tapılmayıb.[3]
Qızlar qalası yerləşdiyi ərazinin formasına uyğun olaraq düzbucaqlı sahə üzərində inşa edilib. Qalanın girişindən əsas hissəsinə qədər uzunluğu 35 m, eni 24 m, hündürlüyü isə 20 m-dir. Qalanın yerdən yüksəkliyi 1800 m-dir və altından kiçik bir çay axır.
Qalanın xarici hissəsi qayaların oyulması ilə hazırlanmışdır. Qala yerləşdiyi mövqe ətraf əraziləri nəzarətdə saxlamaq üçün əlverişlidir. Belə ki, buradan baxdıqda Marağa və ətrafı aydın şəkildə görünür. Qalanın çıxışı sadəcə cənub tərəfindədir. Digər hissələr uçurumdur. Qalanın daxili qayaların oyulması ilə otaqlara bölünüb və bu otaqlar mərkəzi məkanla bir-birinə bağlıdır. Abidənin həm ərazisini genişləndirmək həm də müdafiə məqsədilə xarici divar tikilib. Təəssüf ki bu divarın günümüzə sadəcə qalıqları gəlib çıxıb. Bu qalıqlar isə iranlı bir mədən şirkəti tərəfindən yol salmaq məqsədilə demək olar ki, məhv edilib.[4]
Qalanın nə daxilində nə də xaricində hər hansı bir həndəsi və ya bitki mənşəli ornament yoxdur. Buna baxmayaraq aparılan tədqiqatlarda Səlçuqlu dövrünə aid bir neçə saxsı qab aşkar edilmişdir.
Material və texnika. Qala təbii qayaların işlənməsi ilə formaya salınıb və bu qayalardan əldə edilən daşlar tikintidə istifadə edilmişdir. İslam dövründən sonra həm ərazini genişləndirmək, həm müdafiə, həm də xarici divarları möhkəmlətmək məqsədi ilə palçıq və keçi tükləri qarışdırılaraq bu materialdan yeni bir divar hörülüb.