Qəbirüstü günü

Ata-baba günü

[redaktə | mənbəni redaktə et]

Ölüləri anmaq, onların ruhlarını yad etmək məqsədilə keçirilən mərasim formasıdır. Əsasən axır çərşənbədən əvvəlki cümə axşamı keçirilir və xalq arasında "qəbirüstü gün", "ata-baba günü" adı ilə tanınır. Böyük bir izdihamın "elə bil ata-baba günüdür" deyərək tanıdılması da həmin günün kütləviliyinə işarədir. Həmin gün uzaqda olan şəxslər ata ocağına yığışır, digər ailə üzvləri ilə birlikdə valideynlərinin, yaxınlarının qəbirlərini ziyarət edirlər. Həmin günü qeyd etmək üçün qabaqcadan müəyyən hazırlıqlar görülür. Qəbirin üstü təmizlənir, uçan yerləri təmir olunur. Bəzi yerlərdə kənd ağsaqqalları qabaqcadan beş-altı nəfərə tapşırıb qəbiristanlığı təmizlədir, otu biçdirirlər. Həmin günü qeyd etmək üçün qabaqcadan müəyyən hazırlıqlar görülür. Qəbirin üstü təmizlənir, uçan yerləri təmir olunur. Bəzi yerlərdə kənd ağsaqqalları qabaqcadan beş-altı nəfərə tapşırıb qəbiristanlığı təmizlədir, otu biçdirirlər.

Qəbir ziyarəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bəzi bölgələrində həmin gün qəbirin üstünə aparmaq üçün ayrıca qazan asılır. Zəngilan rayonu Mincivan kəndində qara bayramda ətsiz aş (ona qəbirüstü aşı da deyilir) bişirilər, ət əvəzinə aşa xurma, kişmiş, noxud vurulardı. Suyu ocağın üstünə qoyduqda "bu imamların, bu seyidlərin, bu da ölülərin ehsanı" deyərək onun içinə duz atardılar. Aşın düyüsünü də eyni qaydada birinci imamların, seyidlərin, sonra dünyasını dəyişmiş ailə üzvlərinin adını çəkərək qazana atardılar. Ehsan aşından başqa həmin gün halva da çalınardı. Ehsan yeməyi hazır olduqdan sonra süfrə üçün lazım olan əşyalar – palaz, qab-qaşıq, samovar, dəsmal və s. götürər və ehsan qazanı ilə birlikdə səhər tezdən qəbiristanlığa gedərdilər. Bir nəfər qəbiristanlığın ayağında qalıb samovarı qaynadar, süfrə açar, digərləri isə ən axırıncı ölünün qəbrindən başlayıb bir-bir ailə üzvlərinin qəbirlərini ziyarət edər, onların üstündə "Yasin" oxutdurardılar. Digər ailələr də gətirdikləri ərzaqları bir yerə qatar, ziyarətlərini tamamladıqdan sonra hər kəs qəbirstanlığın ayağında açılmış süfrənin ətrafında oturar, bişirilən ehsandan yeyər, axırda da "Fatihə" verərək süfrəni yığışdırardılar. Orada yeyilən yeməkdən bir pay da qəbirin üstünə qoyulardı. Qəbirüstü günü islam ünsürləri ilə nə qədər zənginləşsə də, islamdan əvvəlki dini təsəvvürlərin izlərini də özündə yaşadır. Son zamanlara qədər bayram nemətlərindən hazırlanan xonça, həmçinin bişirilən ehsandan, qəbiristanlığa aparılan şirniyyatdan bir pay da qəbrin üstünə qoyulardı. Qəbiristanlığı ziyarət edənlərdən heç kəs o nemətlərə toxunmazdı. Qədimdə insanlar ölən şəxsin o dünyada yaşamını sürdürdüyünə, gerçək həyatda nə edibsə, o dünyada da onu davam etdirdiyinə inanmışlar. Ona görə M. Təhmasib yazır ki, qəbirin üstünə ehsan payından qoyulması ölülərin həmin ehsandan istifadə etmələrinə etiqaddan irəli gəlir.[1]

Ruhların azad olduğu gün

[redaktə | mənbəni redaktə et]

İnanca görə, həmin gün ruhların azad olduğu gündür. Ruhlar həmin gün gəlib damdan baxır, əgər evdə qazan asılmayıbsa, küsüb gedirlər. Ona görə qəbiristanlıqdan qayıtdıqdan sonra hamı yuyunub qüsullanar, axşam üçün ayrıca qazan asılar, həmin yeməkdən imkansız, kasıb ailələrə də pay göndərilərdi.

Ölü çərşənbəsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Balakən-Zaqatala bölgəsində ölünün qırxı çıxandan sonra ortaya hansı dini bayram düşürsə, həmin gün keçirilir. Həmin gün bayram namazı qılındıqdan sonra ölənlərin qəbri ziyarət olunur. Qəbiristanlığa halva, maxara kimi ehsan xarakterli yeməklər aparılır. Qəbrin üstünə çiy düyü tökülür, evdən gətirilən şirniyyat sadağa olaraq qəbiristanlığa gələn uşaqlara paylanılır. Qəbiristanlıqdan qayıtdıqdan sonra kənddə hansı evdə qara bayramdırsa, kişilər həmin ailələrə baş çəkir, onlara başsağlığı verir, ölən şəxsə rəhmət diləyirlər. Tədqiqatçılar qəbirüstü gününün axır çərşənbə öncəsi keçirilməsini əcdad ruhların məhz həmin gün yer üzün gəlmələri inamı ilə əlaqələndirirlər. Bundan çıxış edərək, axır çərşənbə günü keçirilən bəzi mərasimlərin ruhları qarşılamağa xidmət etdiyini iddia edirlər. Onların fikrincə, Azərbaycanın bəzi bölgələrində axır çərşənbənin "ölü çərşənbə", "ata baba günü" adlandırılması, Novruz bayramına nisbətən axır çərşənbənin daha təmtəraqla qeyd olunması da əcdad ruhlara tapınmaq inamından irəli gəlir.[2]

  1. Təhmasib M. Seçilmiş əsərləri. 1. Bakı: Mütərcim. 2010. səh. 488.
  2. Bəydili (Məmmədov) C. Türk mifoloji sözlüyü. Bakı: Elm. 2003. səh. 418.