Qağayılar (rus. Чайка) — rus yazıçı Anton Pavloviç Çexovun pyesi.
Anton Çexovun 1896-cı ildə yazılmış 4 pərdəli "Qağayı" komediyasının personajları, əsasən, ziyalılar, yazıçılar, həkimlər və digər ailələrdən olan savadlı qızlardır. Burada fövqəladə ideal insan olmadığı kimi, mənfi tiplər də yoxdur. Hərənin özünə görə həm müsbət, həm də mənfi cəhətləri vardır, hərəsi də bir cür bədbəxtdir[1].
Qırx yaşında olan İrina Nikolayevna Arkadina istedadlı aktrisadır. O, sənətini çox sevir. Lakin həddindən artıq şöhrətpərəst, xəsis və eqoistdir. Bankda 70.000 pulu olduğu halda, oğluna kömək etmir, xidmətçilərin haqqını kəsir, onları incidir. Şəxsi həyatında xoşbəxt deyil. Ərinin ölümündən sonra sevgisini ortabab yazıçı olan 39 yaşlı Triqorinə verib.
Triqorin isə tez-tez başqalarına uyur, ona qısqanclıq əzabı verir. Arkadina da onun ayaqlarına qapanıb onu atmaması üçün yalvarır. Triqorinin yazıları yüksək sənət əsəri sayılmaz. Lakin onlara sırf pis də demək mümkün deyil. Realist yazıçıdır. Ailə, qadın və sevgi məsələlərində o çox məsuliyyətsiz davranış sərgiləyir. O, yazıçılara uzaqdan hörmət bəsləyən mülkədar qızı gənc Nina Zareçnayanı yoldan çıxarır. Onu sevən 25 yaşlı gənc yazıçı Konstantindən soyumasına səbəb olur. Triqorin özünü elə göstərir ki, guya bir yazıçı kimi gənc qızların psixologiyasını öyrənir. Məşhur yazıçının bu saxta münasibəti bir sənət sahibi olmaq arzusu ilə çırpınan qızı sarsıdır. Sonrada aktrisalıq fəaliyyətinə başlasa da, şəxsi həyatında xoşbəxt ola bilmir. Insanlara olan etibarını itirir. Hətta atası da artıq onu görmək istəmir. Tanışlarının nəzərində o daha əvvəlki mehriban, ağıllı Nina deyil. Ninanın da nəzərində insanlar əvvəlki insanlar deyil. Ondakı çoşqun, romantik əhvali-ruhiyyədən əsər qalmayıb. Indi o köksündən yara almış qağayıdır. Əsər bu münasibətlə Qağayı adlandırılıb.
Məşhur aktrisanın oğlu Konstantinin də vəziyyəti acınacaqlıdır. Universiteti III kursdan tərk edir. O istedadsız adam deyil. Ancaq bir tərəfdən maddi ehtiyac, anasının ona kömək etməməyi, yazılarının çap olunmamağı, yazıçılığın qazanc gətirməməyi, digər tərəfdən də sənətdə ilk gündən düzgün yol seçməməyi onu ruhdan salır. Konstantik pyes yazır. Düşünür ki, səhnədə hadisələr real həyatdaki kimi yox xəyallarda olduğu kimi canlandırılmalıdır. O, teatr və dramaturgiyada yeni bir forma tərəfdarıdır. Bu pyesi təcrübə üçün malikanədə olan həvəskar gənclərin iştirakı ilə tamaşaya qoyur. Hamı, nina da daxil olmaqla, rolunu məharətlə ifa edir. Ancaq pyes insanlarda bədbinlik yaradır, bəyənən olmur. Məlum olur ki, gənc dramaturq Konstantin 2000 il sonranı təsvir edib: dünyada nümunə üçün heç nə qalmayıb. Heyvanlar da məhv olub. Bütün canlılar suya, daşa çevirilib, bulud olub. Bir azdan bütün dünya toza dönəcəkdir. Ninanın Konstantikdən soyuması onu daha da bədbin olmağa sürükləyir. Konstantin düşünür: “Zənnimcə, məsələ köhnə ya yeni formada deyil. Yazıçı əsərini yazarkən forma haqda fikirləşmələli, ürəyindən gələni yazmalıdır.” Bundan sonra o babat hekayələr yazır və bir qədər qonorar alır. Ancaq bu da onu yenidən həyata bağlaya bilmir. Şübhə yox ki, əgər anası var-yox bircə balası Konstantinə həqiqi analıq eləsəydi, dövlətini Triqorinə yedirdib oğlunu maddi sıxıntıda qoymasaydı, ürəkdən və təmiz bir məhəbbətləəsevdiyi gözəl Nina onu anlasaydı, “məşhur yazıçı” Triqorin də ən adi əxlaq normalarını pozub öz gələcəklərinə böyük ümidlə baxan bu iki gənc sənət vurğunlarının həyatını zəhərləməsəydi belə faciəli sonluq da olmazdı. Mənəvi böhran nəticəsində sonda o intihar edir.
Aktrisa Arkadinanın qardaşı Pyotr Nikolayeviç Sorin də bəxti gətirməyən adamlardan biridir. Sorin gəncliyində istedadı olmamağına baxmayaraq yazıçı olmaq istəyib. Lakin ola bilməyib. Daha sonra natiqliyə meyl edir. Ancaq danışa bilmir. Ailə qurmaq istəyir, bu da alınmır. Özünü qadınlara sevdirə bilmir. Həmişə nədənsə şəhərdə yaşamaq istəyir amma kənddən kənara çıxa bilmir. Heç bir məslək, etiqad sahibi deyil. 25 il məhkəmədə işləyir və sonra istefaya çıxır. Indi heç nə ilə maraqlanmır, tamamilə laqeyd olumuşdur. Tanışları, qohumları arasında da özünü yaxşı hiss etmir. Oturduğu yerdə tez-tez onu yuxu tutur. It saxlamasa yəqin lap darıxardı. Kənddə təsərrüfatla məşğul olmur. Bu işləri istefaya çıxmış poruçik, işlər müdiri İlya Şamrayevə tapşırıb. İlyanın da həyatı rəngarəng deyil. Yelbeyin arvadı Polina Andreyevna 55 yaşlı həkim Yevgeni Dori ilə açıqcasına və utanmadan eşqbazlıq edir. Həkim Dori də onu tayıdır.
Şamrayevin qızı Maşa da qəribə xasiyyətlidir. O, Konstantini sevib lakin sevgisinə qarşılıq ala bilməyincə məcburən sevmədiyi müəllim Semyon Semyonovla evlənir. Tezliklə buna peşman olur, uşağını və ərini atıb atası evin dönərək özünü Konstantinə sevdirmək barədə xəyallar qurur. Anası onun hərəkətini pisləmir, əksinə dəstəkləyir və onu da özü düşdüyü yola çəkir. Bu halda Şarayev lap başını itirir. Semyon Maşanı saf məhəbəttələ sevir, Maşanın onunla Konstantinin acığına evlənəcəyini bu zamana kimi ağlına da gətirmir. O ayda aldığı 23 manat hesabına özünü, anasını, iki bacısını, qardaşını dolandırmalı olur. Semyon varlıların həyat tərzini pisləyir, onlara gülür. Konstantinin idealizminə qarşı çıxır və ruhu materiyadan ayırmağın mümkünsüzlüyünü iddia edir. Ailə, əxlaq məsələlərində də Semyon mütəqabil məhəbbət, sədaqət, möhkəm və namuslu ailə tərəfdarıdır.