Qaş piri

Qaş piriNaxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndindən qərbdə təbii, uzunsov mağaradan ibarət ziyarətgah.

Qaş piri
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir YER
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qaş piri (Azərbaycan)
Qaş piri

Təbii mağara insanlar tərəfindən sitayiş obyektinə çevrilərək ziyarət edilir. Mağaranın uzunluğu 34 metr, eni 1–2 m arasındadır. Onun hündürlüyü 1-1,2 metrdir. Mağaranın girəcəyində və onun mərkəzi hissəsində olan daşın üzərində dilək tutularaq şam yandırılır. Vaxtilə mağaranın yaxınlığında daşdan və bişmiş kərpicdən inşa edilmiş bina olmuşdur. Araşdırmalar zamanı antik və orta əsrlərə aid şirsiz və şirli keramika məmulatı aşkar olunmuşdur. Azərbaycan türklərinin islama qədərki inancları ilə bağlı olan mağara-piri e.ə. I minilliyə aid etmək olar. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər mövcuddur. Bunlardan ən geniş yayılanı İsfəndiyarla əlaqəli olandır. Məhz həmin rəvayətlə bağlı olaraq bu ziyarətgah çox vaxt əhali arasında İsfəndiyar piri adlanır. Pirin mahiyyəti və nə üçün ziyarətgaha çevrilməsi haqqında yerli əhali arasında vahid bir fikir yoxdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə bu pir haqqında qısa məlumat verilmişdir: "Cəhri kəndi ərazisindəki İsfəndiyar zaviyəsinin vəqfi. Bu zaviyə İbadullanın ziyarətgahıdır. Yay günləri buraya qurbanlıq gətirilib kəsilərək, kasıb camaata sədəqə edildiyini kənd əhalisi xəbər verdi. Bu qayda dəftərdə qeyd olundu". 1727-ci ilə aid olan qaynağın verdiyi məlumatdan aydın olur ki, "pir" kimi tanınan bu yer əslində zaviyə olmuşdur. Ərəb dilindən alınan "zaviyə" isə sufilərin yaşayış məskənlərindən olan və əksər yerlərdə "xanəgah", "təkkə", bəzən isə "təkyə" adlanan yerlərə verilən addır. "Zaviyə"lər sufi təriqətləri ardıcıllarının yaşadığı məskənlərin adlarından biri olmuş, bir sıra ölkələrdə məsciddən, məktəbdən, övliya məqbərəsindən, mehmanxanadan ibarət dini binalar kompleksi olmuşdur. Qaynağın verdiyi məlumat bu pirin vaxtilə sufi məskəni–zaviyə olduğunu təsdiqləyir. Qaynaqlarda, folklor nümunələrində orta əsrlər zamanı "abid", "zahid", "dərviş" adı ilə tanınan adamların mağaralarda və digər sufi mərkəzlərində öz müridləri ilə yaşayıb ideyalarını yayması barədə kifayət qədər məlumatlar vardır.

Həmçinin orta əsr müəlliflərinin əsərlərində və folklor nümunələrin də bizədək bəzən bu adamların ümumi əhali dən təcrid olunaraq yaşayış məskənlərindən kənar bir yerdə, xüsusilə mağaralarda tək-tənha yaşayaraq tərki-dünya həyat keçirmələri, ancaq Allaha ibadətlə, zahidliklə ömür sürdükləri haqqında çoxlu faktlar gəlib çatmışdır. Bütün bunlara əsasən ehtimal etmək olar ki, burada da ya bir sufi təriqəti başçısı öz müridləri ilə yaşamış və yaxud da bir zahid-abid oraya sığınaraq tərki-dünya həyat keçirmişdir. "Dəftər"də "Bu zaviyə İbadullanın ziyarətgahıdır" – deyə anılan İbadulla zaviyənin işlərini idarə edən mücavir olmuşdur. O, həmn zaviyədə yaşamış və onun idarəsi işləri ilə, zaviyəyə gələn zəvvarların gətirdikləri nəzirin və s. hesablanması ilə məşğul olmuşdur. Çünki türklər tərəfindən keçirilən siyahıya alınma zamanı vergi verəcək insanların və obyektlərin sırasına salınması göstərir ki, bu zaviyənin hər il müəyyən qədər gəlirləri olmuşdur. "Dəftər"in məlumatında bir cəhət diqqəti cəlb edir ki, bu da XVIII əsrdə zaviyəyə – ziyarətgaha gedən zəv var ların qurbanlıq üçün buraya heyvan gətirmələri və onu kəsib ətini kasıb adam lara paylamasıdır. Göründüyü kimi, əvvəllər burada heyvan kəsilməsi adəti olmuş, ancaq sonralar bu adət dəyişilmiş və xoruz kəsilməsi (islam dinində qurban üçün ancaq dəvə, inək, qoyun, keçi nəzərdə tutulmuşdur) ilə əvəz olunmuşdur.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan sancağının müfəssəl dəftəri. Bakı: 1997;
  • Səfərli H.Y. Naxçıvanda sosial-siyasi və ideoloji mərkəzlər. Bakı: 2003;
  • Qədirzadə H.Q. Cəhriçay vadisi: miladdan öncə IV minillikdən günümüzədək. N.: 2007.

Mənbə[redaktə | mənbəni redaktə et]