Qabinililər

Qabinililər (lat. Gabiniani) — e.ə. 55-ci ildə firon XII Ptolemey Avlet Misir taxtına qayıtdıqdan sonra Roma sərkərdəsi Avl Qabini tərəfindən Misirdə yerləşdirilən 2,000 Roma legioneri və 500 süvarisi. Əsgərlər padşahı qorumaq üçün ora qalmış, lakin onlar tezliklə yeni ölkələrinin adət-ənənələrini mənimsəmiş və Roma Respublikasından tamamilə uzaqlaşmışdılar. E.ə. 51-ci ildə Avletin ölümündən sonra onlar oğlu XIII Ptolemeyə bacısı Kleopatraya qarşı hakimiyyət mübarizəsində kömək etmiş, hətta Sezarın vətəndaş müharibəsi zamanı İsgəndəriyyənin mühasirəsinə qədər (e.ə. 48–47) şiddətli döyüşlərdə Kleopatranın tərəfdarı olan Yuli Sezara qarşı da vuruşmuşdular.

E.ə. 58-ci ildə firon XII Ptolemey Avlet xalq üsyanı səbəbindən Misiri tərk etməli olmuş, Romaya siyasi sürgünə getmiş və onun qızı IV Berenika taxtı ələ keçirmişdir. Üç il sonra, Roma Suriyasının prokonsulu Avı Qabini qısa bir kampaniyadan sonra padşahı yenidən taxta çıxarmışdır. O, sonradan padşahın müdafiəsi üçün onun adını daşıyan qabinililər ordusunun bir hissəsini Misirdə buraxmışdır. Bu Roma qoşunlarına qallgerman atlıları da daxil idi.[1]

Misir nominal olaraq müstəqil olduğu üçün qabinililər Roma işğalçı ordusu deyil, XII Ptolemeyin muzdluları idi. Yuli Sezarın sözlərinə görə, onlar Roma nizam-intizamına məhəl qoymadıqları üçün onlar tezliklə iskəndəriyyəlilərin dağılmış həyat tərzini qəbul etmişdilər. Buna baxmayaraq, onlar hələ də böyük döyüş gücünə malik idilər, çünki Sezar onları İsgəndəriyyə müharibəsində çox təhlükəli düşmənlər kimi təsvir etmişdir. Onlar misirli qadınlarla evlənmişdilər və Sezar Misirə gəlməmişdən əvvəl (e.ə. 48) onlarla uşaq dünyaya gətirmişdilər. Vaxt keçdikcə Roma ilə əlaqəni itirmiş və üsyankar təbəələrə qarşı döyüşlərdə onlardan istifadə edən XII Ptolemeyin sadiq qoruyucu gücünə çevrilmişdilər.[2]

  1. Julius Caesar, Commentarii de Bello Civili 3.4.4; 3.103.5; 3.110.2; Valerius Maximus 4.1.15; Appian, Civil Wars 2.24.90; Cassius Dio, Roman History 42.5.4
  2. Caesar, Commentarii de Bello Civili 3.110.2 and 3.110.6

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]