Qadınlar bayramı (pyes)

Qadınlar bayramı (pyes)Əbdürrəhimbəy Haqverdiyev pyesi 1928-ci ildə yazmışdır[1].

Əsər haqqında

[redaktə | mənbəni redaktə et]

"Qadınlar bayramı" və ya "8 Mart" teatr əsəri 1928-ci ildə Bakıda "Azərnəşr" tərəfindən nəşr edilmişdir. İki pərdədən ibarət olan pyesin bir digər adı isə "8 Mart" dır.

Əsərdə, inqilab ruhunda böyüyən Cahan adlı bir qadının həyat mübarizəsi təsvir olunur. O, sovet dövrünün ilk illərindən təhsil alaraq özünü yetişdirsə də, ancaq köhnə fikirli insanlarla mübarizə aparır. Onun mübarizəsi nəticəsində ətrafında geniş qadın ordusu yaranır və dar düşüncəli insanlar üzərində qələbə çalırlar. Cahan və onun ətrafındakı qadın xarakterləri ilə birlikdə müəllif qadınların cəmiyyətdəki əhəmiyyətindən bəhs edir. Qadınların bir cəmiyyətin inkişafında mühüm rol oynadığını xatırladır.

Əsərin qəhrəmanı Cahan kəndin yеniləşməsi yоlunda böyük işlər görür. Kəndə su çəkilir, məktəb, savadsızlığı ləğv еdən kurs açılır. Cahan inqilabın yеtirdiyi yеni insanlardan biridir. O, öz hüququnu almış azad Azərbaycan qadınıdır.

Pyes Əbdürrəhimbəy Haqverdiyevin sovet dövründə yazdığı bir çox pyesi kimi "Tənqid və Təbliğ" teatrında səhnəyə qoyuldu və o dövrdə ictimaiyyətin diqqətini çəkməyi bacardı.

Əsərin xülasəsi

[redaktə | mənbəni redaktə et]

Birinci pərdədə hadisələr Zaman adlı kəndlinin evində baş verir. Kəndin adamları onun evinə toplaşır və son hadisələri müzakirə edirlər. Zaman həyat yoldaşının artıq onu dinləmədiyini və azad yaşamaq istədiyini ifadə edir. Digər kişilər də evlərində eyni problemlərlə qarşılaşdıqlarını etiraf edirlər. Yeni sistem qurulandan sonra öz aralarında qadınlarının artıq evdə oturmadığını və böyük həvəslə işlədiklərindən şikayet edirlər. Zaman kəndlilərə bu problemi həll etmək üçün birlikdə Molla Xəlilin yanına getməyi təklif edir. Hər kəs bu təklifi yaxşı qarşılayır və həll yolu olaraq Molla Xəlili görürlər. Lakin Balakişi adlı kəndlinin əsas oraya gəlməkdə məqsədlərinin Zamanın qızını Qadim adlı gəncə istəmək olduğunu söyləyir. Zaman, bu mövzu ilə bağlı həyat yoldaş ilə danışdıqdan sonra xəbər verəcəyini bildirir və qonaqları yola salır.

Kəndlilər getdikdən sonra Zamanın arvadı Cahan içəri girir və Zaman ona vəziyyəti izah edir. Cahan, qızının hələ evlilik yaşına çatmadığını bildirir. Valideynlərinin danışığını eşidən Növrəstə də atasına etiraz edir və onu zorla evləndirə bilməyəcəyini söyləyir. Zaman qızına qulaq asmır və nikah üçün qazının yanına gedir. Növrəstə dərhal kənddəki hökumət idarəsinə gedir və orada işləyənlərə nə baş verdiyini izah edir. İdarədəkilər Zamanı tapır və qızını zorla ərə verərsə, həbs olunacağı barədə xəbərdarlıq edirlər.

İkinci pərdədə hadisələr kənd meydanında və onun içində yerləşən kiçik otaqda baş verir. Kənddə 8 Mart Qadınlar Gününə hazırlıqlar görülür. Hər kəs başçı seçdikləri Cahanın uğurlarından danışır. Bakıdan gələn hökumət nümayəndəsi də bayrama özəl hazırlanan mərasimə qatılır və kəndin inkişafındakı xidmətlərinə görə Cahanı təbrik edir[1].

  • Zaman, Fеyzi, Balakişi, Hadi — kəndlilər
  • Cahan — Zamanın arvadı
  • Növrəstə — Zamanın qızı
  • Birinciqadın, İkinci qadın, Sair qadınlar, Ahıl qadın — Cahanın qоnaqları
  • Birinci qız, İkinci qız — kənd qızları
  • Cabbar — müəllim
  • Mərkəzdən gəlmiş nümayəndə qadınlar, qızlar, piоеnеrlər, məktəb uşaqları, cavanlar, kənd əhalisi[2]

Əsərin dili və üslub xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Əbdürrəhim bəy Haqverdiyev, bu əsərdə də özünəməxsus dil və üslub xüsusiyyətlərini qoruyur. Müəllif əsərdə Sovet rejiminin təsiri səbəbindən rus dilindəki sözlərə tez-tez yer verir.

Müəllif bu pyesdə folklor elementlərinə də geniş yer ayırır. Məsələn, bir çox əsərlərdə olduğu kimi bu əsərdə də bəddualardan istifadə etmişdir. Əsərdəki bəddualar daha çox Zaman xarakterinin dilindən səslənir. Yazıçı bəddualarla yanaşı, əsərdə deyimlərə də yer verir. Deyimlər əsasən əsərin birinci pərdəsində səslənir. Əsərin birinci pərdəsində müəllif kəndlilərin dilindən səslənən jarqon sözlərə də yer vermişdir. Müəllif bununlada bu tip kənd adamlarının savadsız və dar düşüncəli olduqlarını göstərməyə çalışır[1].

  1. 1 2 3 "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri" (PDF) (türk dili). academia.edu. 3 iyun 2020 tarixində arxivləşdirilib (PDF).
  2. "Əbdürrəhimbəy Haqverdiyev Seçilmiş əsərləri iki cilddə I cild ,"Lider Nəşriyyat" Bakı −2005" (PDF). 2022-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-04.