Qafar İsmayılov

Qafar İsmayılov (1953, Naxçıvan rayonu) — texnika elmləri doktoru, professor

Qafar İsmayılov
Doğum tarixi 1953
Doğum yeri
Elmi dərəcəsi texnika elmləri doktoru
Mükafatları Azərbaycanın "Tərəqqi" medalı

İsmayılov Qafar Qulamhüseyn oğlu 1953-cü ildə Azərbaycan SSR Naxçıvan MR Sirab kəndində anadan olmuşdur. 1975-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1983-cü ildə qədər institutun "Neft və qaz hasilatının texnika və texnologiyası" və "Neftin hidravlikası" laboratoriyalarında mühəndisdən başlamış böyük elmi işçiyə qədər müxtəlif vəzifələrdə çalışmışdır. 1983-cü ildə "Neftqaz hasilatında texnoloji proseslərin və parametrlərin qazın tərkibinə görə proqnozlaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983–1991-ci illərdə ADNA-nın "Neft yataqlarının işlənilməsi və istismarı" və "Neft və qazın nəqli və saxlanılması" laboratoriyalarında böyük elmi işçi vəzifəsində işləmiş, 1991–1999-cu illərdə isə "Neft və qazın nəqli və saxlanılması" kafedrasının dosenti, professoru olmuşdur. 1999-cu ildə "Neftqaz hasilatında nəzarət-diaqnostik və reotexnoloji üsulların yaradılması əsasında texnoloji proseslərin səmərəliliyinin artırılması üçün qərarların qəbul edilməsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1997–2003-cü illərdə — ADNA-nın elmi katibi, 2003–2006-cı illərdə isə qazneftmədən fakültəsinin və magistratura bölməsinin dekanı olmuş, 2006-cı ildən bu günə qədər isə — "Neft və qazın nəqli və saxlanılması" kafedrasının professoru vəzifəsində işləyir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İsmayılov Q.Q. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssisdir.

Elmi tədqiqatların sahəsi: neft və qazın hasilatı və nəqli zamanı texnoloji proseslərin səmərəliliyinin artırılması; nəzarət-diaqnostik və optimallaşdırıcı üsulların işlənilməsi; Xəzərin karbohidrogen ehtiyatlarının mənimsənilməsi və sualtı neft borularının istismarı ilə əlaqədar ekoloji problemlərin həlli.

İsmayılov Q.Q. 100-dən elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 3 müəlliflik şəhadətnaməsi var. Kadr hazırlığı ilə məşğul olur.

İsmayılov Q.Q. Azərbaycanın "Tərəqqi" medalı, Azərbaycan Həmkarlar Konfederasiyasının fəxri fərmanı ilə təltif olunub.