Qafqaz Fövqəladə Komissiyası

Qafqaz Fövqəladə Komissiyası — Qafqaz fövqəladə komissiyası 6 noyabr 1919-cu il tarixində Qafqaz Merkuri şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. İlk sənəd 11 sentyabr 1919-cu ildə Tiflisdəki İran konsulluğundan Xarici İşlər Nazirliyinə 1604 № qeydiyyatı ilə göndərilmiş, sonuncu sənəd isə 11 may 1920-ci ildə yenə də Badkubədə olan durum barəsində İranın Tiflisdəki baş konsulluğundan Xarici İşlər Nazirliyinə 515 № qeydiyyatı ilə göndərilmişdir. Uzun müddət aparılan danışıqlar nəhayət 1920-ci ilin mart ayında uğurla başa çatır. Tərəflər arasında müqavilələr bağlanır. Lakin 1920-ci ilin 28 aprel tarixində XI Qızıl ordunun Bakını işğal etməsi danışıqların yarımçıq kəsilməsinə səbəb oldu. İmzalanmış müqavilələr ratifikasiya edilmədən arxivə göndərildi. İran bu komisiyya daxilində Gürcüstan və Ermənistanla da müzakirələr aparıb bənzər müqavilələr bağlamaq niyyətində olsa da Azərbaycanla aparılan danışıqların uzanması və sonradan bolşeviklərin bu respublikaları da işğal etməsi Tehranın Qafqazdakı diplomatik fəallığına nöqtə qoydu.[1]

Qafqaz Fövqəladə komissiyasının sənədləri

[redaktə | mənbəni redaktə et]

İran nümayəndə heyətinin 1919–1920-ci illərdə Azərbaycanla apardığı diplomatik danışıqlarla bağlı arxiv sənədləri İran xarici işlər nazirliyinin arxivində saxlanılırdı. Bu sənədlərdə o dövrə aid məktublar, məxfi hesabatlar, siyasi vəziyyətin təhlilinə dair gizli yazışmalar öz əksini tapmışdır. 98 sənəddən ibarət olan bu sənədlər ilk dəfə 2001-ci ildə Tehranda Rza Azəri Şəhrzainin redaktorluğu və dövrün xarici işlər naziri Kamal Xərrazinin ön söz yazması ilə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunaraq elmi ictimaiyyətin geniş müzakirəsinə təqdim edilmişdir. Azərbaycan ictimaiyyəti isə sənədlərin tərcüməsi ilə 2017-ci ildə tanış olmuşdur. Ümumilikdə 98 sənədin cəmləşdiyi toplu yalnız ADR-İran münasibətlərini deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından ciddi əhəmiyyətə malikdir. Sənədlərin böyük əksəriyyətinin uzun müddət məxfi xarakter daşıması və geniş ictimaiyyətdən gizli saxlanılması səbəbindən tədqiqatçıların onlarla tanşlığı ADR-in siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq saçmaq baxımından çox böyük əhəmiyyət daşıyır.[2]

Qafqaz Fövqəladə komissiyasının tərkibi

[redaktə | mənbəni redaktə et]

14 nəfərdən ibarət təşkil olunmuş nümayəndə heyətinə Mirzə Musa xan Məfxəm əl-məmalik, xarici işlər nazirinin katibi Baqer Kazimi, daxili işlər nazirliyinin nümayəndəsi Yusif Muşar, maarif nazirliyinin nümayəndəsi Rza Fəhmi, Poçt və Teleqraf Nazirliyinin nümayəndəsi Rəhim Ərcümənd, maliyyə nazirliyinin nümayəndəsi Tərcüman əs-sultan, ümumi mənfəət nazirliyinin nümayəndəsi Məhəmməd Cəfər Mirza və digərləri daxil idi.[3]

Qafqaza ezam edilən heyətin qarşısında duran vəzifələr

[redaktə | mənbəni redaktə et]

1919-cu ilin oktyabr ayında İran xarici işlər nazirliyindən rus idarəsinə göndərilən 9 № sənəddə komissiyanın yenicə müstəqilliyini elan edən Qafqazın 3 respublikasında qarşısında duran vəzifələrə toxunulur. Həmin sənəddə komissiyanın Azərbaycanda yerinə yetirilməsini gözləyən vəzifələr belə qeyd edilir:

Qafqaz Azərbaycanı Respublikasına aiddir

[redaktə | mənbəni redaktə et]
  1. Ezam edilmiş heyət Qafqaz Azərbaycanı respublikası ilə İranın ali dövləti arasında ayrıca hazırlanan müvəqqəti müqaviləyə uyğun olaraq dostluq əlaqələrinin yaranması üçün kifayət qədər səy göstərməlidir
  2. Ezam edilmiş heyətə tapşırılır ki, tərəflər arasında ticarətə dair müvəqqəti müqavilə bağlasın. Bu müqavilə özündə qaçaqmalçılığın qarşısını alan gömrük müqaviləsini və tərəflərin bərabər hüquqlu tranzit [şərtlərinin] bərqərar olmasını ehtiva edəcək. Lakin İranın ixracda payı çox olduğuna və Bakının qiymətli kağızları kifayət qədər etibarlı olmadığına görə İran dövləti məmləkətə həmin qiymətli kağızların daxil olması ilə dəyən ziyanın qarşısını almaq və İranın haqqlı mənafeyinin qorunması istiqamətində təminat istəyəcəkdir. Ezam edilmiş heyət qeyd edilən müqavilələrin əlavə edilən təkliflərə uyğun olaraq bağlanmasına çalışsın.
  3. Ezam edilmiş heyət çalışsın ki, teleqraf və poçt əlaqələri baxımından tərəflər arasında yaranan çətinliklər aradan qalxsın, əlavə edilən təkliflərə uyğun olaraq bağlanan müqavilə, beynəlxalq hüquq və qanunlara uyğun olsun.
  4. Saxlanan və müsadirə edilən düyü və digər məhsulların qiyməti xarici işlər nazirliyinin yazdığı və Badkubə konsulluğunda mövcud olan sənədlərə uyğun olaraq hesablansın.[4]

Gürcüstan haqqında

[redaktə | mənbəni redaktə et]
  1. Ezam edilmiş heyət Qafqaz Azərbaycanında vəzifəsini icra edəndən sonra Tiflisə gedərək Gürcüstan hökuməti ilə müzakirələrə başlayıb dostluq münasibətləri

qurmalıdır. Bu arada poçt və teleqraf əlaqələrinə və tərəflər arasında tranzit haqqının bərqərar edilməsinə aid müvəqqəti müqavilələr də bağlayın. Poçt və teleqraf və tranzit məsələsində dövlətin nəzəri, əlavə edilmiş təkliflərə uyğundur. Ruhani (mənəvi) məsələlər və maarif işləri ilə bağlı qərar vermək üçün heyət ilk öncə yerli durumu təhlil edərək dövlətə raport verməlidir.

  1. Ezam edilmiş heyət Tiflisdə ali dövlətin vətəndaşlarının təlim-tərbiyəsi və maarif işini irəli aparmaq üçün mədrəsə təsis etməli və büdcəsi barəsində isə Tiflisin yerli durumunu araşdırdıqdan sonra dövlətə təkliflərini verməlidir.

Ermənistana dair

[redaktə | mənbəni redaktə et]
  1. Dövlətlər arasında dostluq münasibətləri yaratmaq, təlimatlara əlavə edilmiş ayrıca bəndlərə uyğun olaraq tranzit haqqı, gömrük məsələləri, poçt və teleqraf əlaqələrinə dair müvəqqəti müqavilələr bağlamaq. Habelə İranlılar və müsəlmanlara edilən zülmlərin qarşısını alaraq aradan qaldırmaq və onların hər cəhətdən hüquqlarını qorumaq üçün Ermənistan hökuməti ilə danışıqlar aparmaq.
  2. İran vətəndaşlarını təlim-tərbiyə etmək üçün mədrəsə təsis etmək və onun büdcəsini yerli şəraitə uyğun olaraq təklif etmək.
  3. Ermənilərin dini rəhbəri üçün İranda nəzərdə tutulan hüquqlara uyğun İrəvana ruhani bir nümayəndənin göndərilməsi üçün lazım olan addımları atmaq.

Tərəflər arasında əldə edilən razılaşma, imzalanan müqavilə və sazişlər aşağıdakı kimidir

[redaktə | mənbəni redaktə et]
  1. 14 maddədən ibarət dostluq sazişi;
  2. 17 maddədən ibarət ticarət və gömrük müqaviləsi. Bundan əlavə İran ezam edilmiş komissiyasına Azərbaycan hökumətinin rəsmi möhürü ilə təslim edilən dəmiryolu daşımalarına aid 3 cild çap edilmiş kitab;
  3. Tək maddədən ibarət İrandan Azərbaycana ixrac edilən qida maddələrinin taarifnə dair gizlin müqavilə;
  4. 17 maddədən ibarət konsulluq müqaviləsi;
  5. 19 maddədən ibarət poçt məhsullarına dair müqavilə;
  6. 11 maddədən ibarət poçt müqaviləsi;
  7. 18 maddədən ibarət teleqraf müqaviləsi.[5]

20 mart 1920-ci ildə tərəflər arasında bağlanan müqavilələr 1 ay müddətində parlamentlər tərəfindən ratifikasiyası nəzərdə tutulsa da lakin 1920-ci ilin aprel işğalı sənədlərin ratifikasiya edilmədən arxivə göndərilməsi ilə nəticələndi.

Fövqəladə komissiyanın rəhbəri seyid Ziyaəddin Təbatəbai

[redaktə | mənbəni redaktə et]

İranın baş naziri, tanınmış diplomat və ictimai-siyasi xadim olan Seyid Ziyaəddin Təbatəbai (1888–1969) 1888-ci ildə Şiraz şəhərində dünyaya gəlmişdir. Atası Seyid Əli ağa Yəzdi Məşrutə tərəfdarı olduğu üçün vaxtilə Sarı şəhərinə sürgün edilmişdir. Ziyaəddinin 1 yaşı tamam olmamış ailəsi ilə birlikdə Təbrizə köçür. Təbrizin "Sürəyya" mədrəsəsinə daxil olur və burada digər fənlərlə yanaşı rus dilini öyrənir. Şiraza yollanaraq burada dini təhsil ilə yanaşı, həm də fransız və ingilis dillərini öyrənir. Məşrutə dövründə şah əleyhinə kəskin məqalələr yazır. Artıq 17 yaşı olarkən Məşrutə tərəfdarı olan dayısı ilə əməkdaşlıq edən Ziyaəddin "İslam" və az sonra "Nedaye İslam" məcmuələrini nəşr etdirir. Anti-hökumət fəaliyyətinə qısamüddətli məhbəs həyatı yaşadıqdan sonra Avropaya yollanır. İki il ərzində Fransa və İngiltərədə qalan Ziyaəddin təhsili başa vuraraq İrana qayıdır və yenidən publisistik fəaliyyətini bərpa etmək qərarına gəlir. Almaniya səfirliyinin təklif etdiyi maliyyə yardımından imtina edən gənc İngiltərə səfirliyinin maliyyə dəstəyi ilə az müddətdə məşhurlaşan "Rəd" qəzetinin nəşrinə başlayır. Sözügedən qəzet daha çox İrandakı ingilis maraqlarının müdafiəçisi kimi tanınır. 1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabının yaratdığı siyasi vəziyyətlə yaxından tanış olmaq üçün Rusiyaya yollanan Ziyaəddin burada bir sıra kommunist ideoloqları ilə, o cümlədən də V. Leninlə görüşməyə də müvəffəq olur. İrana döndükdən sonra Ziyaəddin çoxlu əleyhdarı olan məşhur siyasətçi, o dövrdə baş nazir postunu tutan Vüsuq əd-Dövlə ilə yaxınlaşır və müəyyən vaxtdan sonra onlar arasında dostluq, tərəfdaşlıq münasibətləri yaranır. Vüsuq-əd-Dövlə 1919-cu ildə öz dostuna mötəbər diplomatik tapşırığın həvalə edilməsinə də nail olur. Seyid Ziyaəddin 1919-cu ilin sonlarında Qafqazda yenicə müstəqilliklərini elan etmiş Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları ilə diplomatik əlaqələrin qurulmasına məsul Qafqaz Fövqəladə Kommissiyasının rəhbəri vəzifəsinə seçilir. 1919-cu il payızından 1920-ci ilin aprelinə qədər Ziyaəddin diplomatik vəzifəsindən irəli gələn tapşırıqların icrası məqsədilə dəfələrlə Qafqaza səfərlər həyata keçirir, danışıqlar prosesinə rəhbərlik edir. Qafqaz respublikalarının Sovet Rusiyası tərəfindən işğalından sonra Ziyaəddinin tutduğu diplomatik vəzifə öz əhəmiyyətini itirərək ləğv olunur.[6]

  1. "ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında: 1919-1920-ci illər". 2021-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  2. "AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kitabın təqdimatı keçirilib". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  3. ADR-İran diplomatik münasibətləri Qafqaz fövqəladə komissiyasının sənədləri işığında (1919–1920-ci illər). İdeya və ön sözün müəllifi, elmi redaktor: R. Mehdiyev, fars dilindən tərcümə: Şahin Yəhyayev, E. Abdullayev, Bakı, Şərq- Qərb, 2017, səh 13
  4. "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dəyərli töhfə". 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
  5. ADR-İran diplomatik münasibətləri Qafqaz fövqəladə komissiyasının sənədləri işığında (1919–1920-ci illər). İdeya və ön sözün müəllifi, elmi redaktor: R. Mehdiyev, fars dilindən tərcümə: Şahin Yəhyayev, E. Abdullayev. Bakı, Şərq- Qərb, 2017, səh 269
  6. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dəyərli töhfə

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]