Qaftan

Qaftan — qədim türklərdə geyim forması.

Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olan qaftan, həm də genbalaq şalvar həyat tərzinin xeyli hissəsi at üstündə keçən türk xalqlarının süvari məişəti üçün ən münasib geyim növləri olmuşdur.

Kitabi Dədə Qorqud dastanlarına əsasən Oğuz qaftanı biçim üsuluna görə dastanlarda "don" adlanan arxalığa çox yaxın idi, lakin onun tam eyni deyildi: "Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm" ifadəsində bu ayrılıq aydın nəzərə çarpır.

Arxalıq (don) kimi, qaftan da qol, gövdə və ətək olmaqla, üç hissədən ibarət biçilib tikilirdi. Lakin arxalıqdan fərqli olaraq qaftanın ətəyi nisbətən uzun olurdu. Bunu Kitabi Dədə Qorqud boylarındakı dolayı faktlardan aydın görmək olur: "Qaftanı altından ayağın bərk sardı, var qüvvətiylə atının yelisinə düşdi".

Kitabi Dədə Qorqud dastanlarına əsasən, oğuzlar arasında qaftanın qaradan başqa qırmızı, qızılı, ağ və s. rəngli parçalardan tikilməsi məqbul sayılırdı: "Adağlusından ərgənlik bir qırmızı qaftan gəldi. Beyrək geydi. Yoldaşlarına bu iş xoş gəlmədi… Ayıtdılar: "Necə səxt olmayalum? Sən qızıl qaftan geyərsən, biz ağ qaftan geyəriz".

Dastan boylarından göründüyü kimi, qırmızı (qızılı) rəngli parçadan tikilmiş qaftan toy-nişan paltarı ("ərgənlik qaftan") və qiymətli hədiyyə, bəxşiş hesab edilirmiş: "Xan dəxi Bəkili qonaqladı. Yaxşı at, yaxşı qaftan, vafir xərclıq verdi". Yaxud: "Xeyir xəbər gətürənə at, don verəm, qaftanlar geydürəm"; "Qazan xanın yaxşı qaftanların çoq geymişəm". Bundan fərqli olaraq müsəlman olmadıqları üçün "kafir" adlanan qeyri-tayfaların qaftanı bütün dastan boylarında qara rəngli, həm də rişxəndlə arxası yarıq ("ardı yırtıx") kimi təqdim olunur: "Yedi bin, qaftanının ardı yırtıxlu, yarımından qara saçlu, sası dinlü din düşməni, alaca atlu kafir bindi yılğadı, dün bucuğında Qazan bəgin ordusına gəldi".

Ötən çağlarda toy günləri oğlana, bir qayda olaraq, həqiqi bəy, xan və padşahların libas və tacını yamsılayan bir "kisvət" geydirilirdi. Oğuz türklərində bu yun və ya ipək parçadan tikilmiş qırmızı "qoftan" ("qaftan"), əslində isə arxalıq olmuşdur və bəy oğlan bu libasda gərdəyə girərmiş. Qaydaya görə, bu "qoftan" və ya qaftan (ona "ərgənlik" də deyilir) toydan qırx gün sonra təzəbəyin əynindən çıxarılıb bir fəqir və ya gəzərgi dərvişə pay verilirdi.

Oğuzların ənənəvi geyimlərinə dair Kitabi Dədə Qorqud boylarındakı maraqlı məlumatlardan biri də, digər geyim tipləri kimi, qaftanın da tipoloji cəhətdən həm kişi, həm də qadın üçün eyni olmasından ibarətdir: "Beyrəgin, yavuqlusına xəbər oldı. Banıçiçək qaralar geydi, ağ qaftanını çıqardı".

Son orta əsrlərdən etibarən Oğuz elinin varisləri arasında qaftan istilahı aradan çıxmış, biçim etibarilə həmin geyim tipinə yaxın olan "don" və "arxalıq" terminləri dəb şəklini almışdır.

  • "Kitabi-Dədə Qorqud Ensiklopediyası", II cild. Bakı,2004.