Qalib Əfəndiyev

Qalib Əfəndiyev (Əfəndiyev Qalib Məmməd oğlu; d. 09.05.1946, Bakı) — texnika elmləri doktoru, Professor, AMEA müxbir üzvü (26.04.2007).[1]

Qalib Əfəndiyev
Əfəndiyev Qalib Məmməd oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Elmi dərəcəsi texnika elmləri doktoru
İş yerləri Azərbaycan Milli Elmlər Akademiyası, Geologiya və Geofizika İnstitutu

Əfəndiyev Qalib Məmməd oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970–1996-cı illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri işləmiş, 1996-cı ildən "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri, 2003-cü ildən bu günə kimi isə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir. 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əfəndiyev Q. M. ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir.

2007-ci ildə o AMEA-nın müxbir üzvü seçilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əfəndiyev Q. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s. proqnozlaşdırılması); neft hasilatının intensivləşdirilməsi üzrə müxtəlif geoloji-texniki tədbirlərin müqayisəli səmərəliliyinin təhlili və qararların qəbul edilməsi.

Əfəndiyev Q. M. 120-dən artıq elmi əsərin müəllifidir. İxtira və patentlərə görə 3 müəlliflik şəhadətnaməsi alıb. Kadr hazırlığı ilə məşğul olur. Təbiət və cəmiyyət barədə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, "Lütfi-Zadınin irsi və süni intellekt" Assosiasiyasının, Qazımaçılar Assosiasiyasının üzvüdür.

  1. "Əfəndiyev Qalib Məmməd oğlu" (az.). science.gov.az. 2017. 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.