Qalib Şalon oğlu Qarayev (17 yanvar 1947, Qaryagin) — tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi
Qalib Qarayev | |
---|---|
Qalib Şalon oğlu Qarayev | |
Doğum tarixi | 17 yanvar 1947 (77 yaş) |
Doğum yeri | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Elmi rəhbəri | V.İ.Kolesov |
Mükafatları |
Qalib Şalon oğlu Qarayev 17 yanvar 1947 ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. O, 1953–1963 illərdə Qarğabazar kənd orta məktəbində oxumuş, 1966–1972 illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) ali təhsil almışdır.
Qalib Qarayev ali təhsil aldığı illərdə tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970 ildə "Ən yaxşı tələbə elmi işi" Ümumittifaq müsabiqasinin "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülmüşdür.
Qalib Qarayev 1972–1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1982 ildən Elmi-Tədqiqat Mərkəzin direktorudur.
Qalib Qarayev "Sağlamlıq" jurnalının baş redaktorudur. Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır. Dissertasiya müdafiə şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir.
Qalib Qarayev 2013 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir. Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014 ildə Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2000-ci ildə ona "Əməkdar elm xadimi" fəxri adı verilmişdir.
Qalib Qarayevin anadan olmasının 70 illik yubileyi 2017-ci ildə Bakıda keçirilmişdir.
Qalib Qarayev Leninqrad (indiki Sankt-Peterburq) şəhərində professor V. İ. Kolesovun rəhbərliyi altında 1972–1977 illərdə "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" qrupunda elmi fəaliyyətlə məşğul olmuş və tac damarın şuntlanması və anastomozlaşdırılması problemi üzərində elmi axtarışlar aparmışdır. O, 1979 ildə Daşkənd şəhərində "Tac damarın elektrotermokoaqulyasiya və ürək əzələsinin birbaşa revaskulyarizasiyası edən metodların müqayisəli qiymətləndirilməsi" mövzusunda cərrahlıq ixtisası üzrə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Sonrakı illərdə Ümumittifaq transplantasiya və süni üzvlər institutu ilə birlikdə süni ürək və yardımçı qan dövranı apparatı üzərində işləmiş, yardımçı qan dövranı apparatının orqanizmə qoşulma texnikasının optimal variantını işləyib hazırlamışdır. Ürəyin işemik xəstəliyinin kəskin formalarında yaranmış digər bir fəsadın toxumalar arası sahənin ödemləşməsinin patogenezini açıqlamış və onun aradan qaldırılma yolunu hazırlamaqla cərrahi müalicənin səmərəliliyini artırmışdır.
Qalib Qarayev 1987 ildə SSRİ Tibb Elmləri Akademiyasında "Ürəyin pozulmuş limfadrenajının tənzimlənməsi və onun kəskin miokard infarktı şəraitində ürək əzələsinin birbaşa revaskulyarizasiyasında rolu" mövzusunda doktorluq dissertasiyası müdafiyə etmişdir. 1990 ildə SSRİ AAK ona professor elmi adı verilmişdir.
Qalib Qarayev elmi axtarışları miokard infarktı zamanı ürək limfa dövranında baş vermiş dəyişikliklərin mahiyyəti açıqlanmış, limfa mayesinin laxtalanma prosesi öyrənilmiş, aritmiyaların meydana çıxma səbəbi aydınlaşdırılmışdır. Bundan əlavə aşağıdakı problemlər üzrə geniş elmi tədqiqat işləri aparılmışdır.
Qalib Qarayevin elmi rəhbərliyi altında 56 elmlər namizədi və elmlər doktoru müdafiə etmişdir. 22 ixtiranın, 1 dərs vəsaitinin, 1 monoqrafiyanın və 410 məqalənin müəllifidir.
Qalib Qarayevin əsərləri ABŞ, Almaniya, İngiltərə, Çexiya və s. ölkə alimlərinin diqqətini cəlb etmişdir. 1988-ci ildə ABŞ-də Meçiqan Universitetində "Ürəyin işemik xəstəliyinə dair" keçirilən konqresə dəvət almış ilk Azərbaycan alimidir.