Qarabağlar travertin yatağı

Qarabağlar travertin yatağı – Naxçıvan Muxtar Respublikası ərazisində istismar olunan ən böyük travertin yataqlarından biri

Naxçıvan MR-də müxtəlif tərkibli, tikinti-quraşdırma işlərində böyük pay sahibi olan antibakterial keyfiyyətə malik travertin və mərmər daş məhsulları hazırda əsasən Kəngərli rayonunun Qarabağlar kəndindəki daş ocaqlarında çıxarılır.[1]

Daş yatağında Almaniya və Türkiyə istehsalı olan texnikadan istifadə etməklə dağdan bloklar şəklində qaya parçaları qoparılır. Kəsilmiş daş parçaları yük avtomobillərinə yüklənərək Şahtaxtı dəmiryol stansiyasındakı vaqonlara daşınır, oradan da Naxçıvan şəhərindəki və Babək rayonunun Araz kəndindəki "Gəmiqaya Daş Məhsulları Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilir. Burada həmin bloklar kəsilərək plitələr çıxarılır, üzlük daşlar hazırlanır, müxtəlif təyinatlı məhsullar halına gətirilir. Həmin məhsullar isə cilalandıqdan sonra tikinti obyektlərinə göndərilir. Böyük və kiçik ölçülü travertin plitələrdən istər binaların fasadlarının üzlənməsində, istərsə də həyətyanı sahələrin bəzədilməsində, evlərin daxilində istifadə edilir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumatda göstərilir ki, müəssisədə illik travertin istehsalının həcmi təxminən 180-200 min kvadratmetr təşkil edir. Bundan əlavə olaraq ildə təxminən 25-30 min kvadratmetr dekarativ(mozaik) daş məhsulları da istehsal edilir. Onu da qeyd edək ki, müəssisənin istehsal etdiyi travertin daş məhsulları rəqabətədavamlı və ixracyönümlü məhsullardan biri hesab olunur. Hazırda müxtəlif çeşidli travertin daş məhsulları sifarişə uyğun olaraq, Bakı şəhərinə və Gürcüstan Respublikasına ixrac edilir.[1]

  1. 1 2 Kəlbizadə E. Kremlin Qurultaylar sarayını, Ostankino televiziya mərkəzini, Moskva Dövlət Univeritetinin binasını bəzəmiş Naxçıvan məhsulu. – Naxçıvanxeberleri.com