Qarmaqvari meşələri

== Qarmaqvari şam meşələri (Pinus sosnowskyi D.Sosn.) ==

Şam meşələri respublikamızda olduqca cüzi sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın[1] 100-ə qədər növü məlumdur. Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı - Pinus sosnowskyi. Boyu 20-35 m-ə çatan dəyirmi və ya piramida çətirli ağacdır. 

Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçayın qolu) hövzəsində dəniz səthindən 800-1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bizim fikrimizcə, Filizçaydakı şamlar buzlaq dövründən bizə qalan yadıgarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tək-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə qalib gəlir. Belə şəraitdə şam meşələri seyrək bitir, burada ot örtüyü də zəif inkişaf edir. 


Kəpəz-Göygöl şamlığı. [redaktə | mənbəni redaktə et]

Enliyarpaq meşələr əhatəsində Kəpəzdə şam meşələrinin yaranmasını tarixi bir hadisə kimi göstərmək olar. Burada şam meşələrinin əmələ gəlməsi, şübhəsiz, XII əsrdə baş vermiş, qədim Gəncə şəhərini alt-üst edən dəhşətli zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsinin uçması hadisəsi ilə bağlıdır. Elə həmin dövrdə uçmuş Kəpəz dağı Ağsuçayın qabağını kəsərək Göygölün, Maralgölün və Zəligölün yaranmasına səbəb olmuşdur.


Zəyəmçay və Əsrikçay hövzələrində şamlıqlar[redaktə | mənbəni redaktə et]

Yuxarıda qeyd edildiyi kimi qarmaqvari şama Tovuz rayonunun Zəyəmçay və Əsrikçayları hövzələrində də rast gəlinir. Burada iberiya palıdı meşələrininəhatəsində şamın bitməsi fikrimizcə yalnız antropogen amillərin təsiri ilə bağlıdır. Şam güclü eroziyaya uğramış daşlı-qayalı yamaclarda bir “pioner” ağac kimi bitir. Fikrimizcə, şam ağacı buraya qonşu Göygöl şamlığından keçmişdir.

         Kəpəzdəki-Göygöldəki şamlıqdan fərqli olaraq Tovuz rayonunda quraqlıq tipli şam meşələri yayılmışdır. Burada iqlimin nisbətən quraq olması və ot örtüyünün zəif inkişafı ilə əlaqədar şamın təbii bərpası olduqca yaxşı gedir.Əsrikçay hövzəsində Böyük Qışlaq kəndi ətrafında şam ağacları eroziyaya uğramış daşlı yamaclarda da özünə yeni məskən salır və arealını genişləndirir.

         Zəyəmçay hövzəsində Bala-Şamlıq kəndinin yaxınlığında ikimərtəbəli şam meşəsi bitir. Burada birinci mərtəbəni boyu 18-21 metr olan şam ağacları tutur, bu ağacların 40-80 yaşı var, orta diametrləri 20 santimetrdir. Tək-tək 150-200 yaşı olan qoca şamlara təsadüf edilir. Meşəliyin ikinci mərtəbəsini boyları 2-3 metr olan palıd ağacları tutur, ağaclığın bu mərtəbəsi şübhəsiz şamın seyrək çətiri altında sonradan yaranmışdır.

         Qarmaqvari şamdan ibarət meşələrin hazırda Qafqazda[2] geniş sahələri qalmaqdadır. Şimali Qafqazda təbii şam meşələrinin sahəsi 140,5 min hektar, Gürcüstanda 72,5 min hektar, Ermənistanda 2,2 min hektar təşkil edir. Azərbaycanda isə cəmi 230 hektar təbii halda bitən qarmaqvari şam meşəsi mövcuddur. Onun 10 hektarı Filizçayda, 70 hektara yaxını Tovuz rayonu ərazisindədir, 150 hektarı isə Kəpəz dağının payına düşür.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1.             Quliyev V.Ş., Xəlilov M.Y. Dendrologiya. Bakı, 2000. 260 s.
  2.             Əliyev H.Ə., Xəlilov M.Y. Təbiətin yaşıl libası. “Gənclik” nəşr., Bakı, 1988. 174 s.
  3.             Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002. 175 s.
  4.             Əsədov K.S. Böyük Qafqazın yabanı meyvə bitkiləri. Bakı, 1981. 128 s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  1.  Quliyev V.Ş., Xəlilov M.Y. Dendrologiya. Bakı, 2000. 260 s.
  2. Əliyev H.Ə. Həyəcan təbili. Bakı, 2002. 175 s.