Qaya göbəyi — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU B1b (i, iii) c (i, iii). Azərbaycanın nadir növüdür.[1]
Kökümsovu qısa, yoğun, çoxlu sayda kökətrafı yarpaq və gövdə əmələ gətirir. Kökətrafı yarpaqlar 5–10 sm uzunluğunda, ayaları yumurtavari, əsasında ürəkvari və ya dəyirmi; gövdələri nazik, zəif, əyri-üyrü, sallanan,10 (15) sm uzunluqdadır. Gövdə yarpaqları uzunsov və ya yumurtavari, 5–7 sayda, daha xırda, yuxarıdakılar salxımın əsasında oturaqdır. Salxımı tək, boş və azçiçəklidir. Tac mavi rəngdədir. Fındıqçaları 2,5–3 mm uzunluqda ensiz, kənarları azaciq enli dişli qanadlıdır.[2][3]
Çiçəkləmə may-iyul, meyvəvermə iyun-avqust aylarına təsadüf edir. Orta və yuxarı dağ qurşaqlarının (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) qayalı, daşlı və gilli yamaclarında, töküntülü və əhəngli yerlərdə, çayların yataqlarında rast gəlinir.[2][3][4]
Böyük Qafqazın qərb hissəsidir.[3][4][5]
Populyasiyanın təbii bərpasının zəif olması, iqlimin mənfi təsirlərinin dəyişilməsindən asılılığı müşahidə olunur. Azalma tendensiyasına meyillidir.
Antropogen amillər (ekstremal iqlimə malik ərazilərdə yayılması, kortəbii otarılma, tapdalanma), iqlim və ətraf mühit amillərinə həssaslıqdır.
Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması tələb olunur.[4]