Qazılı nəsli

QazılılarAzərbaycan xalqının tanınmış soylarından biri.

Qazılılar
Titul Bəy
Əcdadı Qazı
Qohum soylar Məmmədbəylilər, Kərbəlayi Miralılar, Şərifli nəsli
Mənşəyi Seyidli oymağı
Təbəəliyi Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Torpaqları Seyidli kəndi


Qazılılar Seyidli oymağının qədim nəsillərindən biridir. Bu nəsildən dini məhkəmə işlərinə baxan ruhanilər, şəriət hakimləri, nüfuzlu insanlar çıxmışdır. Qazılı nəsli Qarabağda bəy nəsli kimi də tanınmışdır.[1] XVIII əsrin sonları XIX əsrin əvvəllərində Qazılı nəslinin başında Seyidli oymağının adlı-sanlı bəyi Hüseyn bəy dururdu. Hüseyn bəyin Məhəmmədqulu bəy, Əli bəy, Abbas bəy, Məhəmmədalı bəy adlı dörd oğlu olmuşdur.[1]

Məhəmmədalı bəy Qarabağın sayılıb-seçilən savadlı bəylərindən sayılmışdır. O, Kərbəlanı ziyarət etdiyi üçün Seyidli oymağında Kərbəlayi Məhəmmədalı bəy bəy kimi tanınmışdır. Məhəmmədalı bəy Xan qızı Xurşidbanu Natəvanın hörmətini, etibarını qazanmış şəxslərdən idi. Məhəmmədalı bəy iki dəfə ailə həyatı qurmuşdur. O, ikinci dəfə Kərbəlayi Miralılar nəslindən olan Məşədi Xırda xanım Ağamalı qızı ilə ailə qurmuş, Mənzər və Mələk adlı qızları olmuşdur.[1]

Məhəmmədalı bəyin bu iki qızı yeniyetmə yaşlarında öz istedadları ilə Xurşidbanu Natəvanın diqqətini cəlb etdiyi üçün onun evində təşkil edilən qadın ədəbi məclisinin iştirakçıları idilər. Sonralar Mənzər xanım Xurşidbanu Natəvanın yaxın rəfiqələrindən sayılırdı. Mənzər xanım zəmanəsinin oxumuş, savadlı xanımlarından idi. Mənzər xanımın kiçik bacısı Mələk xanımın deyilənə görə gözəl səsi var imiş. Mənzər xanım Seyidli oymağının Şərifli soyundən olan Qasım bəyə ərə getmişdir. Azərbaycanın qəhrəmanlıq tarixində silinməz iz qoymuş İldırım xan və Çərkəz bəy qardaşları Mənzər xanımla Qasım bəyin övladlarıdırlar.[1]

Məhəmmədalı bəyin kiçik qızı Mələk xanım Qarabağın ağır seyidlərindən sayılan Seyid Həşim Seyid Qara Məhəmməd oğlu ilə ailə həyatı qurmuşdur. Onların üç qız, iki oğlan övladları olmuşdur. Mələk xanım 1941-ci ilin mart ayında vəfat etmiş, Seyidlinin Qaracı qəbirstanlığında torpağa tapşırılmışdır.

Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı Məmməd Murtuza bəy oğlu Məmmədovun anası Seyidə xanım Məhəmmədalı bəyin nəvəsidir.

Milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədov ana tərəfdən Seyid Həşim və Mələk xanımın böyük qızı Seyidə xanımın nəvəsidir.[1]

  1. 1 2 3 4 5 Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Qarabağın Seyidli oymağı. I kitab. Bakı, 2017
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının nəsilləri və görkəmli övladları. "Bütöv Azərbaycan" qəzeti, 5-11 dekabr, 2012-ci il № 42(174)
  • Orxan Zakiroğlu (Baharlı). Seyidli oymağının Qazılı nəsli. "Qarabağa aparan yol" qəzeti, 13 dekabr, 2012-ci il № 21(167)