Qazaxıstanda neft sənayesi zəngin təbii ehtiyatları və oradakı əlverişli liberal rejimi ilə burada çoxlu investisiyaların cəlb olunmasına səbəb olmuşdur. Qazaxıstan kəşf olunmuş dünya neft ehtiyatlarına görə 13-cü, qaz və kondensat ehtiyatlarına görə 15-ci, neft hasilatının səviyyəsinə görə 28-ci yeri tutur. Burada təkcə Tengiz neft yatağında 2-3 milyard ton neft-qaz ehtiyatlarının olması güman edilir. Hətta bəzi ölkədaxili mənbələrdə Qazaxıstanın neft ehtiyatlarının miqyasının liderlər sırasında ən qabaqçıl mövqedə olması səslənməkdədir. Lakin böyük neft ehtiyatları bu ölkənin müvafiq resurslarının ixracı məsələsində əngəllər törədir. Bu məqsədlə Qazaxıstan dövləti yeni neft kəmərlərinin inşasında maraqlıdır. O, bu kəmərləri Avropaya, Rusiya, Xəzər dənizi, İran vasitəsilə çıxarmağa və hətta Çinə nəql etməyə belə hazırlaşır. Neft hasilatı burada hazırda 55 yataqda təmin edilir. Bunlardan da Mangistaun və Atırau vilayətlərində ümumi neftin 60%-i hasil edilir. Ölkənin quru sahələrində 7,8 milyard ton neftin olması güman olunur və bunun da 65-70%-i Xəzər hövzəsinin payına düşür. Daha iri ehtiyatların, 13 milyard ton şərti-yanacağın Xəzər dənizinin Qazaxıstan sektorunda olması ehtimal edilir. Dünyanın nəhəng 9 neft şirkəti Xəzərin Qazaxıstan sektorundakı şelfində seysmik göstəricilərə əsaslanan axtarış kəşfiyyat işləri aparır. Kaştana neft yatağınınn ölçülərinin «Tengiz» yatağından 2 dəfə böyük olması güman edilir. Kommersiya dəyərindən daha çox siyasi əhəmiyyət daşıyan bu layihə regional potensiala sürət verəcək və böyük dövlətlərin Xəzərə olan siyasətində dəyişikliklərə gətirəcəkdir. Ölkə həm də mühüm daş kömür ehtiyatlarına malikdir. Qazaxıstan hökuməti iqtisadiyyatın, xüsusən də neft sənayesinin yenidən təşkili üçün çox mühüm addımlar atmışdır. Aparılan islahatlar neft sənayesində köklü dəyişilliklərə səbəb olmuşdur. Burada ehtiyatların istismarı üçün lisenzision kontrakt sistemi müvəffəqiyyətlə həyata keçirilir. 90-cı illərdə bu ölkənin neft-qaz sənayesinə 3 milyard dollardan çox xarici sərmayə qoyulmuşdur. Qazaxıstan 2015-2020-ci illərdə hətta ən pis mütəxəssis rəyinə görə belə illik neft hasilatını 120 milyon tona çatdıracaqdır ki, bunun da yarısı dəniz yataqlarında hasil ediləcəkdir.[1] Qazaxıstan 2013-cü ildə dəyər ilə ifadə edildikdə neft ixracından $55,2 milyard gəlir əldə edib. Qazaxıstan Respublikasının Milli Fonduna daxil olmuş vergilər və ödənişlər isə $22,1 milyard təşkil edib. 2013-cü ildə Qazaxıstan 81.8 milyon ton neft hasil edib.[2]