Qazaxda kəndli qurultayı — Qazax qəzası kəndlilərinin 1919-cu il sentyabrın 25-də Qazax şəhərində keçirilən qurulyatı.
Qurultay hümmətçi menşeviklərin təşəbbüsü ilə çağırılmışdı. Bolşeviklərlə digər sosial-demokratlar arasında kəskin mübahisə şəraitində keçən qurultayda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin aqrar siyasəti müzakirə olunmuşdur. "Müsavat" partiyasının nümayəndələri qurultayda iştirak etmirdi. Qurultayda iştirak edən Bakı Fəhlə Konfransının nümayəndə heyəti kəndliləri fəhlələrlə ittifaqda sovet hakimiyyəti uğrunda, burjua-mülkədarlar əleyhinə mübarizəyə çağırdı. Qurultayda hümmətçi menşeviklər öz aqrar proqramlarını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sosialist fraksiyasının üzvləri isə aqrar komissiyada yeritdikləri torpaq siyasətinin mahiyyətini izah və müdafiə edirdilər. S.Ağamalıoğlu hər mülkədara 10 desyatin bağ yeri, 15 desyatin əkin yeri və 45-50 desyatin otlaq saxlamaqla, qalan torpaqların ödənc ilə kəndlilərə paylanmasını, torpaq pulunun ödənilməsi üçün əhaliyə gəlir vergisi qoymaq yolu ilə fond yaradılmasını təklif etdi. İ.Əbiləv və Ə.Pepinov da bu aqrar proqrama tərəfdar çıxdılar. D.Bünyadzadə, R.Hüseynov, Ə.Qarayev, A.Yusifzadə isə bütün mülkədar torpaqlarının müsadirə edilib, təmənnasız olaraq kəndlilərə paylanması təklifini irəli sürdülər. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən biri torpağın zəhmətkeşlərə verilməsi şüarı idi. Ona görə də biz parlament və hökumətdən tələb edirik ki, ən yaxın müddətdə bu məsələni həll etsin və kəndlilərin tələbini yerinə yetirsin". Qurultayın seçdiyi xüsusi nümayəndə heyəti oktyabrın 12-də Bakı Fəhlə Konfransının iclasında iştirak etmişdir. Konfransda qurultay haqqında məruzə dinlənilmiş, müvafiq qətnamə qəbul olunmuşdu.[1]