Qiyamət anbarı

Qiyamət anbarı — "Qlobal Toxum Anbarı" layihəsidir. Anbarda dünyadakı bütün bitki toxumlarından var.

Bill Qeyts də daxil olmaqla dünyanın bütün zənginlərinin uzun illərdir ki, dağın altında anbar yaratdıqları ortaya çıxıb. "Qlobal Toxum Anbarı" layihəsi 1983-cü ildən bəri Norveçdə həyata keçirilir. Anbar əgər bir gün qiyamət qoparsa, "Nuhun gəmisi" rolunu oynamalıdır.

Əfsanəyə görə Nuh peyğəmbər böyük tufan baş verərkən gəmisinə hər canlı növündən bir cüt götürüb və dünyada həyatın davamını təmin edib.

Skandinaviya yarımadası

Norveçin şimalındakı Şpitsbergen adasında, buzlaqların arasında nəhəng bir dağın 130 metr dərinliyində tikilən və 9 milyon dollara başa gələn "Svalbard Qlobal Toxum Anbarı" 2008-ci ilin mart ayından bəri fəaliyyət göstərir. Divarları nüvə bombalarına qarşı belə dözümlü olan anbarda dünyanın dörd bir tərəfindən gətirilən təxminən 4 milyon ədəd müxtəlif toxum saxlanır. Anbar dünyada nüvə müharibəsi və qlobal istiləşmə kimi hər hansı bir fəlakətdən sonra Yerdə həyatın davam etməsi üçün yaradılıb.

Təxminən yüz ölkədəki "bitki mənşəli gen bankları"nda olan toxum nümunələri Qiyamət Anbarı (Doomsday Vault) adlandırılan bu nəhəng anbarda yığılır. 4,5 milyon toxum nümunəsi saxlamaq gücünə malik anbarda hər növ meyvə, tərəvəz və taxıl toxumu olacaq.

Şimal Qütbündən 1000 kilometr aralıda, BMT Qida və Əkinçilik Təşkilatı ilə Beynəlxalq Biomüxtəliflik araşdırma qrupunun yaratdığı Qlobal Məhsul Müxtəlifliyi Təşkilatı və Norveç hökuməti tərəfindən yaradılan anbarda havanın hərarəti bəzi toxumların 1000 il yaşaya bildiyi mənfi 18 dərəcəyə qədər aşağı salınıb.

Layihənin arxasındakı beyin və Qlobal Məhsul Müxtəlifliyi Mərkəzinin (GDTC) rəhbəri Cary Fowler anbarın əhəmiyyəti barədə belə deyib:

"Qlobal toxum anbarı, əkinçilik müxtəlifliyimizin yox olmasına mane olmaq üçün sonuncu müdafiə tədbirlərindən biridir. Həqiqət budur ki, insanlar dinozavrların nəslinin tükəndiyindən xəbərdardır, ancaq çox təəssüf ki, heç kim əkinçilikdə də məhsul müxtəlifliyinin kütləvi tükənmə ilə qarşı-qarşıya qaldığının fərqində deyil. Yığılan məhsul müxtəlifliyi, qida ehtiyacımızın qarşılanması baxımından həyati əhəmiyyət daşıyır. Bizim bu anbara ehtiyacımız var. Çünki əkinçiliyin, iqlim dəyişməsinə, zərərli böcəklərə, xəstəliklərə, quraqlığa qarşı adaptasiyanı təmin etmək və fermerlərə kömək əlimizi uzatmaq məcburiyyətindəyik."

Qlobal Məhsul Müxtəlifliyi Təşkilatı anbarı illik 125 −150 min dollar arasında maliyyə yardımı ilə təmin edir. ABŞ, İngiltərə, Norveç, Almaniya, İsveçrə və Kanadanın dövlət fondlarından da buraya pul köçürülür.

Bill-Melinda Qeyts Vəqfi vasitəsilə özünü Asiya və Afrikadakı fermerlərə köməyə həsr edəcəyini bəyan edən Microsoftun qurucusu Bill Qeyts də toxumların hazırlanması və nəqliyyat ödənişlərini qarşılayır.

Amerikalı araşdırmaçı-jurnalist F. William Engdahl isə bu anbara şübhə ilə yanaşır. O, 2007-ci ildə nəşr edilən "Ölüm toxumları" adlı kitabında Norveçin şimalındakı Şpitsbergen adasının buzlaşmış qayalıqlarının altında "dünyanı iqtisadi və genetik olaraq ələ keçirmə planları"nın yatdığını iddia edir.

Bütün bunlar sadəcə fantastikaya oxşasa da atılan addımlar qlobal istiləşmənin qorxulu təsirlərinin heç də uzaq olmadığından xəbər verir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]