Qlükoneogenez — qlükozanın qeyri-karbohidrat maddələrdən sintezi. Bu metabolik yolun çox böyük əhəmiyyəti vardır, çünki bəzi toxumalar və xüsusən beyin, qlükozadan ilkin bir yanacaq kimi yüksək dərəcədə asılıdır. Orqanizmin qlükozaya olan ümumi tələbatının çox hissəsi beynin payına düşür.
Əgər qlikoliz- karbohidratların katabolizminin mərkəzi yoludursa, qlükoneogenez – anabolik prosesdir. Insanda, heyvanlarda, bir çox bakteriyalarda monosaxaridlərin və polisaxaridlərin biosintezinin ən mühüm prosesidir. Fotosintez edən orqanizmlərdə o, adətən, ikinci dərəcəli rol oynayır.
Qlükozanın əsas qeyri-karbohidrat sələfləri- laktat, aminturşular və qliseroldur.
Qlikolizin sürəti trikarbon turşuları tsiklində və tənəffüs zəncirindəki çevrilmələrin sürətindən yüksək olduqda işlək skelet əzələsində laktat əmələ gəlir. Aminturşular qida ilə daxil olan zülallardan, aclıq zamanı isə skelet əzələlərinin zülalların parçalanması nəticəsində yaranır.
Triasilqliserolların hidrolizi nəticəsində yağ hüceyrələrundə qliserol və yağ turşuları əmələ gəlir. Qlükoneogenez yolu boyu pirunvatın qlükozaya çevrilməsi baş verir. Qlükoneogenezin baş verdiyi əsas yer qaraciyərdir. Nisbətən kiçik miqyasda bu proses böyrəklərdə baş verir. Qlükoneogenez çox cüzi miqdarda beyində, skelet və ürək əzələlərində baş verir.
Qlikoliz zamanı qlükoza piruvata çevrilir, qlükoneogenez zamanı isə puruvat qlükozaya çevrilir. Lakin, qlükoneogenez heç də qlikolizin dəqiq əksi deyil. O, başqa yolla getməlidir, çünki qlikolizin termodinamik tarazlığı piruvatın əmələ gəlməsi istiqamətində yönəlib.