Qlobal cəmiyyət —
"Cəmiyyət" istilahı gündəlik elmi dildə müxtəlif mənalarda istifadə edilir. Sosiologiya cəmiyyət haqqında elm kimi meydana gəlmişdir, yəni ictimai fikrin uzun müddət davam edən inkişafı gedişində ictimai həyatın dövlət, din və onların doğurduğu təsisat və məqsədli qruplar kimi təşkil olunmuş formaları ilə yanaşı, həm də spontan proseslərin də baş verdiyi aşkar edildikdə yaranmışdır. Onlar həm birgə yaşayış formalarını yaradır, həm də onları dəyişdirir və insanın iradəsindən asılı olmayaraq özlərinin təbii qanunları ilə idarə olunur.
Bu spontan yaranan və meydana çıxan proses və formalar müəyyən bütövlük, adamların ictimai həyatının həm məqsədəuyğun şəkildə təşkil edilmiş, həm də spontan surətdə baş verən bütün hadisələrinə təsir göstərən tamlıq yaradır.
XVIII əsrdə cəmiyyət anlayışı meydana çıxan zaman o, müxtəlif şərhlərə yol verən geniş məna daşıyırdı. Bunun nəticəsində ədəbiyyatda "cəmiyyət" istilahının həm də müxtəlif istifadə edilmə üsulları əmələ gəlir. Bu istilaha aşağıdakı müxtəlif mənaları göstərmək olar:
Bu nəzəriyyələr və görüşlər çoxluğu müəyyən dərəcədə "cəmiyyət" termininin sosiologiyadan kənar edilməsinə səbəb olmuşdur. Lakin müəyyən qədər vaxt keçdikdən sonra həmin anlayış təkrarən "qlobal cəmiyyət" istilahı şəklində yenidən meydana çıxmışdır.
Biz burada həmin istilahdan ona görə istifadə edirik ki, bizim fikrimizcə, ictimai insanın həyat formalarını bir-biri ilə bağlı olmayan, bir-birinə zidd olan topluların, qrupların və sahələrin birləşməmiş çoxluğu kimi nəzərdən keçirmək mümkün deyil.
Bizim qəbul etdiyimiz mədəniyyət nəzəriyyəsinə və burada şərh edilmiş şəxsiyyət nəzəriyyəsinə əsaslanaraq demək olar ki, əgər vəziyyət belə olardısa nə mədəniyyət mövcud ola bilərdi, nə də normal fəaliyyət göstərən şəxslər.
Bundan başqa hətta gündəlik həyat təcrübəsi göstərir ki, bütün bu, bizə məlum olan, bizim iştirak etdiyimiz ictimai həyat formaları müəyyən bir "birləşdirici çərçivə" ilə əhatə olunmuş və aralarındakı fərqlərə, xüsusiyyətlərə, antaqonizmlərə baxmayaraq bir sıra ümumi əlaqələrlə bağlanmışlar, müəyyən ümumi normaya malikdirlər.
Qrupların əksəriyyəti üçün dil, din, ənənələr, ideologiya, dünyagörüşü, elm, hüquq və əxlaq normaları kimi mədəni dəyərlər sistemi ümumidir. Bir sıra müxtəlif məqsədli qruplar, ictimai siniflər və digər toplular üçün ümumi olan bu dəyərlər sistemləri hansısa bir daha geniş formaya malik olmalıdır ki, onun daxilində əmələ gəlsinlər və bu forma onların gözlənilməsinin "qeydinə qalsın" və dayağı olsun.
Mədəni dəyərləri, qeyri-formal təsisatları, davranış etalonlarını və fəaliyyət normalarını yaradan, ayrı-ayrı qrupların mədəni inteqrasiyasını (birləşməsini) təmin edən, müxtəlif, bəzən isə zidd dəyərlər sisteminə malik olan bir çox qruplarda iştirak edən şəxslərim birləşməsinə təminat verən bu cür həqiqətən geniş formanı biz qlobal cəmiyyət adlandırırıq.
Qlobal cəmiyyət mədəniyyətin bəzi əsas elementləri və kompleksləri əsasında yaradılmış ictimai həyat formalarının bir növ sintezidir.
O, özünün mədəni üstqurumunu yaradan istehsal münasibətləri sistemi əsasında əmələ gələ bilər; o, müəyyən sivilizasiya tipi (məsələn, çox geniş və kifayət qədər sərbəst qlobal cəmiyyət tipi yaratmış texniki sivilizasiya) əsasında əmələ gələ bilər; o, din və onun təsisatları əsasında yarana bilər və s. (məsələn, İrandakı müasir islam cəmiyyəti).
Qlobal cəmiyyətin strukturu, adətən, kifayət qədər sərbəst olur, çünki burada vahid milli mədəniyyət, vahid dil və ümumi adət-ənənələr, həmçinin etik normalar hüdudlarında antaqonist siniflər birgə mövcud ola bilər.
Qlobal cəmiyyət qrupları, dairələri, fərdləri, ailələri bir-biri ilə bağlayan, onların arasındakı münasibətləri nizamlayan, ən ümumi sosial əlaqə yaradan, onların zidd və ya eqoistik səylərini birləşdirən qüvvələr kompleksidir. Sosiologiyanın vəzifəsi — həmin cəmiyyətin strukturunu, təşkilini, onda baş verən birləşdirici prosesləri öyrənməkdən, onun hüdudlarında mövcud olan bir çox qruplar arasındakı qarşılıqlı asılılıqları üzə çıxarmaqdan ibarətdir.