Qoşa minarəli baştağ — XII əsrdə Möminə xatın türbəsinin qarşısında Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən və Atabəylər memarlıq kompleksinə giriş rolunu oynayan qoşa minarəli baştağ.
XIX əsrin sonlarınadək qalan (1882-ci ildə sökdürülmüşdür) abidənin üstündə çoxlu kitabələr olmuşdur. Bu kitabələri X. M. Fren və N. V. Xanıkov tədqiq etmişdir. Ancaq bu kitabələr bizədək gəlib çatmamışdır. Ona görə də X. Frenin və N. Xanıkovun həmin kitabələr haqqında tədqiqatı onlar haqqında məlumat verən yeganə mənbələr kimi çox qiymətlidirlər. N. V. Xanıkovun məlumatından aydın olur ki, qoşa minarəli baştağn inşası 1187-ci ildə, Möminə xatın türbəsinin inşasından 1 il sonra başa çatmışdır. Abidənin portalının yuxarı hissəsində belə bir kitabə olmuşdur: "Böyük, adil, alim, hökmdar Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz – Allah onun qəbrini nurlandırsın"[1].
Bu kitabədə Atabəy Məhəmməd Cahan Pəhləvanın ölümü haqqında konkret söz deyilməsə də, orada yazılan "Allah onun qəbrini nurlandırsın" fikrinə əsasən Atabəy Məhəmməd Cahan Pəhləvanın qoşa minarəli baştağın inşası başa çatarkən öldüyü bəlli olur. Məhz buna görə də Ə. Ələsgərzadə qoşa minarəli baştağın kitabələrini təhlil edərkən onun özünün də Möminə xatın türbəsinin sərdabəsində dəfn edilməsi fikrinə gəlmişdir[2].
Möminə xatın türbəsinin qarşısında olan qoşa minarəli baştağ Atabəy Məhəmməd Cahan Pəhləvanın əmri ilə onun mütəvəllisi Nurəddin tərəfindən inşa etdirilmişdir. Bu haqda abidənin üzərində kitabə olmuşdur. Bu kitabəni də rus şərqşünası N. V. Xanıkov oxumuşdur. Kitabənin mətni belə imiş: "…əl-mütəvəlli, əmir əl-üməra, əmir Nurəddin, atlı qoşunların başçısı və Atabəy dövlətinin vergi yığanı…"[3].
Göründüyü kimi, Əmir Nurədddin Azərbaycan Atabəyləri dövlətinin görkəmli məmurlarından olmuşdur. Bu görkəmli şəxsiyyətin adı haqqında bəhs olunan kitabə vasitəsilə elmi dövriyyəyə daxil olmuşdur[4].[5]. Kitabədə o "əl-mütəvəlli", "əmir" titulları, "atlı qoşunların başçısı və Atabəy dövlətinin vergi yığanı" vəzifələrini icra edən bir adam kimi təqdim olunmuşdur. Bütün orta əsrlər boyu olduğu kimi XII yüzillikdə, Azərbaycan Atabəylərinin hakimiyyəti zamanında da mütəvəllilər vəqf əmlakını idarə edir, vəqf gəlirlərindən aylıq əmək haqqı alırdılar. Həmin vaxt yetərincə nüfuzlu olan "mütəvəlli" vəzifəsini icra edən Nurəddin, kitabədən göründüyü kimi "əmir" titulu daşımaqla dövlətin süvari qoşunlarına və vergilərin toplanmasına da rəhbərlik etmişdir. Qoşa minarəli baştağın Möminə xatın türbəsindən az sonra tikdirilməsinə əsasən demək olar ki, onu inşa etdirən Nurəddin XII yüzillikdə yaşamışdır.
Baştağın üzərindəki başqa bir kitabədən məlum olur ki, bu abidəni də Əcəmi Əbubəkr oğlu Naxçıvani inşa etmişdir. Memar özünü belə təqdim etmişdir: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir".
Əcəmi Əbubəkr oğlu Naxçıvani orta əsr Azərbaycan memarlığının ən görkəmli nümayəndələrindən biridir. O həm də Naxçıvan memarlıq məktəbinin banisidir. Zəmanəmizə qədər gəlib çatmış orta əsr qaynaqlarında demək olar ki, bu görkəmli memar haqqında heç bir məlumat gəlib çatmamışdır. Başqa sözlə desək tarix onun yaradıcılıq məhsulları olan türbələrdən başqa bizə heç bir şey saxlamamışdır[6]. Ona görə də görkəmli memar Əcəmi Naxçıvani haqqında məlumatı biz yaratdığı möhtəşəm abidələr və onların üzərindəki kitabələrdən alırıq.