Qarşılıqlı qravitasiya qüvvəsi ilə bir-birinə bağlı olan və ümumi kütlə mərkəzi ətrafında hərlənən iki ulduzun əmələ gətirdiyi sistem- qoşa ulduz adlanır. Sistem ikidən çox ulduzdan da ibarət ola bilər. 3-10 ulduzdan ibarət fiziki rabitədə olan sistemə misilli ulduzlar deyilir. Qarşılıqlı cazibə qüvvələri ilə bir-birinə bağlı olan və fəzada vahid obyekt kimi hərəkət edən 10-dan artıq ulduzdan ibarət qrup ulduz topaları və ulduz assosiasiyaları adlanır.
Əlbəttə, göy sferasında bir-birinin yaxınlığında görünən ulduzların hamısı qoşa, misilli və ya topa hesab etmək olmaz. Ulduzlar əslində bir-birlərindən çox uzaq məsafələrdə ola bilərlər və onların yalnız göy sferasına proyeksiyaları yaxın görünə bilər. Bu cür qoşa, optik qoşa adlanır. Qoşa ulduzlar vizual, spektral və tutulan-qoşa olurlar.[1]
Ulduz fiziki qoşadırsa, yəni qravitasiya qüvvəsi ilə əlaqədar olan qoşa sistemdən ibarətdirsə, belə sistemin ulduzları ümumi kütlə mərkəzi ətrafında Kepler qanunları ilə hərəkət edirlər. Odur ki, Keplerin dəqiqləşdirilmiş üçüncü qanunu vasitəsilə qoşa sistemin ulduzlarının kütləsini tapmaq olur. Burada da məhdudiyyət vardır. Elə qoşa ulduzların kütləsini təyin etmək olur ki, sistemin ulduzlarını teleskopda ayrılıqda müşahidə etmək mümkündür. Belə ulduzlar vizual qoşa ulduzlar adlanır. Vizula-qoşa sistemi təşkil edən ulduzlar arasındakı bucaq məsafəsi ρ, on və ya bir neçə on saniyə olur. Belə ki, komponentlər arasında bucaq məsafəsi ən böyük olan Qunun β ulduzu ilə digər komponentlər arasındakı bucaq məsafəsi ρ=35′′-dir. İndiyədək 60000 vizual-qoşa ulduz qeydə alınmışdır. Bunlardan təqribən 2000-i üçün orbital hərəkət aşkar edilmişdir. Qoşa ulduzun komponentləri qoşa sistemin ümumi kütlə mərkəzi ətrafında elliptik orbitlər üzrə dolanırlar; yaxud qoşa sistemin kiçik kütləyə malik komponenti böyük kütləyə malik komponenti ətrafında elliptik orbit üzrə dolanır. Hər bir qoşa sistemin komponentləri Günəşdən və ya Yerdən eyni məsafədədirlər.[1]
Qoşalığı yalnız spektral təhlil nəticəsində müəyyən edilən sistemə spektral-qoşa ulduzlar deyilir. Spektral-qoşa ulduzun komponentləri arasındakı bucaq məsafəsi 0′′,05-dən kiçik olduğundan ən böyük teleskopda belə onların qoşalığl görünmür. Qoşa ulduzun orbit müstəvisi baxış şüasına perpendikulyar olarsa, yəni orbit müstəvisi şəkil müstəvisində olarsa, sistemin qoşalığını spektral təhlildə aşkar etmək olmaz. Əgər orbit müstəvisi şəkil müstəvisi ilə müəyyən bucaq əmələ gətirirsə onda komponentlərin spektral xətləri laboratoriya xətlərinə nisbətən Dopler effektinə əsasən sürüşməlidir.
Baxış şüası qoşa sistemin orbit müstəvisində olarsa müşahidəçi belə sistemin komponentlərinin bir-birini periodik olaraq örtməsini- bu komponentlərin növbə ilə tutulmasını görər. Belə sistemə tutulan-qoşa, yaxud tutulan-dəyişən ulduz deyilir.
Tutulan-qoşa ulduz sistemində böyük işıqlığa malik olan komponent baş ulduz, kiçik işıqlığa malik olan ulduz isə onun peyki adlanır. Peyk baş ulduzu bütünluklə örtəndə sistemin parlaqlığı ən kiçik olar (sistem ən böyük ulduz ölçüsünə malik olar); baş ulduz peyki tutanda parlaqlıq az-çox zəifləyər, bu zəifləmə peyklə baş ulduzun işıqlıqları nisbətindən asılıdır: peyk zəif olsa baş ulduz peyki örtəndə parlaqlıq çox az zəifləyər. Peykin parlaqlığı baş ulduzunkuna yaxın olduqca belə tutulmada sistemin parlaqlığı ən kiçik parlaqlığa yaxın olar.[1]
Astronomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |