Qoşayarpaq qoşma

Qoşayarpaq — Azərbaycan şeirinin nisbətən az işlənən növlərindən biri.[1]

Beş bəndlik qoşmadır. Birinci bəndi çarpaz (abab), qalan bəndləri isə qoşmada olduğu kimidir (vvvb, qqqb və i. a.). Əsas özünəməxsus xüsusiyyəti 2, 3, 4 və 5-ci bəndlərin ilk misrasının hərəsində iki həmqafiyə sözün işlənməsi və onların digər iki misrada da daxili qafiyə şəklində təkrar olunmasıdır. Beləliklə, hər bəndin ilk üç misrasında 6 həmqafiyə söz işlənir.[2]

Aşıq Ələsgərin "Düşdü" adlı qoşayarpağı buna misal ola bilər:

Sevdiciyim, hanı gözəllər xanı?
Güzarımız sizin otağa düşdü.
Buyursan fərmanı, alalar canı,
Püşk atdıq, can sənə sadağa düşdü.

Sallan qələm qaşdı, yanı yoldaşdı,
Qalmışam ataşdı, mən başı daşdı,
Huş başımdan çaşdı, dilim dolaşdı,
Gözlərim sataşdı, buxağa düşdü.

Ətlazdan qəbalı, belində şalı,
Gövhərdən bahalı üzündə xalı,
Geydi yaşıl-alı, yaxdı mahalı,
Əyri tellər ayna qabağa düşdü.

Yeriyirdi sana yaşılbaş, sona,
Yaraşır cahana ağ nazik cuna,
Tellərində şana, əlində həna,
Yəmən, yaqut əhmər dodağa düşdü.

Çox çəkmişəm cəfa, gəl bir insafa,
And olsun Mushafa, olmam bivəfa.
Gəlmişəm təvəfa, verəsən şəfa,
Ələsgər xəstədi, ocağa düşdü.

  1. Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  2. Azərbaycan ədəbiyyarı[ölü keçid]